Məhkəmə qərarları › İş №3(004)-783/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-783/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-783/2025 18.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X3 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndələri X4 və X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 326-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 326-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin Sərnişin Daşıma Şöbəsinin inspektoru X8 tərəfindən tərtib edilmiş 13 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin13 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə əsasən xx.xx.2025ci il tarixində “Nərimanov Parkı”nın qarşısında Şəxs mobil tətbiqi vasitəsi ilə sifariş əsasında “BYD” markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir. Yoxlama zamanı Şəxs MMC icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyəti aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin Sərnişin Daşıma Şöbəsinin inspektoru X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, 12 fevral 2025-ci il tarixdə saat 09:55-də o, digər əməkdaşlar birlikdə “Nərimanov Parkı”nın qarşısında Şəxs mobil tətbiqi vasitəsi ilə taksi sifariş vermişlər. Üç dəqiqədən sonra “BYD” markalı **-UL-*** avtomobilinin sürücüsü X7 özünə məxsus olan 050 372-23-78 mobil nömrəsindən onlara zəng edərək sifariş əsasında gəldiyini bildirmişdir. Həmin avtomobilin salonuna əyləşib sürücüdən qanunla tələb olunan taksi fəaliyyəti üçün sənədləri tələb etmişlər. Sürücü bu barədə heç bir sənəd təqdim etməyərək, özünü Şəxs MMC-nin sifariş operatorundan göndərildiyini bildirmişdir. Yoxlama zamanı məlum olmuşdur ki, həmin MMC-nin sifariş operatoru kimi fəaliyyət göstərməsinə ümumiyyətlə icazəsi yoxdur. Yekun olaraq Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X6 izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi cəmiyyət barəsində tərtib edilmiş protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Milli Taksi” heç bir kommersiya fəaliyyəti həyata keçirmir və sərnişindaşıma xidməti göstərmir. “Milli Taksi” platforması hazırda yalnız test mərhələsindədir və kommersiya fəaliyyətinə başlamamışdır. Rəsmi fəaliyyətə başlamazdan əvvəl bütün qanunvericilik tələbləri, o cümlədən müvafiq lisenziyaların əldə edilməsi üçün müraciət olunmuşdur. Bu fakt hüquqi baxımdan əsas götürüldükdə, hər hansı qanun pozuntusunun baş vermədiyi açıq-aşkar görünür. İttihama əsas kimi göstərilən hallar yalnız daxili test sınaqları çərçivəsində baş verib. “Milli Taksi” sisteminin texniki imkanlarının yoxlanılması məqsədilə test rejimində sifarişlər qəbul edilmişdir. Bu testlər zamanı nə real sərnişin daşınmış, nə də hər hansı maddi və ya kommersiya xarakterli qazanc əldə edilmişdir. Hüquq pozuntusu olması üçün faktiki sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi və bundan gəlir götürülməsi tələb olunur. Lakin mövcud vəziyyətdə bu, baş verməmişdir. Qadağalar və inzibati tədbirlər əvəzinə qarşılıqlı əməkdaşlıq daha səmərəli həll yoludur. “Milli Taksi” olaraq onlar qanunvericiliyin bütün tələblərinə riayət etməyə və dövlət qurumları ilə şəffaf əməkdaşlıq etməyə tam hazdılar. Əgər məqsəd ictimai nəqliyyat sahəsində qaydaların qorunmasını təmin etməkdirsə, bu sahədə çalışan subyektlərin məhkəmə proseslərinə cəlb olunması yox, onların qanuni fəaliyyətə təşviq edilməsi daha konstruktiv yanaşma olar. İttiham tərəfinin irəli sürdüyü iddianın hüquqi əsaslardan məhrum olduğunu açıq şəkildə görmək mümkündür. Bu səbəbdən, məhkəmə prosesinin dayandırılması və iddianın geri çağırılması məsələsinin nəzərdən keçirilməsini xahiş edir. “Milli Taksi” minlərlə sürücü üçün qanuni iş imkanları yaratmağa çalışır. Hal-hazırda “Milli Taksi” platformasında 8000dən çox sürücü qeydiyyatdan keçmişdir və onlar rəsmi lisenziya əldə edildikdən sonra qanuni qaydada fəaliyyət göstərmək niyyətindədirlər. Bu şəxslərdən hər hansı biri ilə əlaqə saxlanılsa, onların “Milli Taksi” vasitəsilə indiyə qədər qazanc əldə etmədiyi açıq şəkildə görünəcəkdir. Bu da öz növbəsində, hər hansı qanunsuz fəaliyyətin mövcud olmadığını sübut edir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında protokola əsasında başlanmış inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 12 fevral 2025-ci il tarixli taksi sifarişi operatorları tərəfindən avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulması barədə aktdan görünür ki, 12 fevral 2025-ci il tarixdə saat 09:55-də “Nərimanov Parkı”nın qarşısında Şəxs mobil tətbiqi vasitəsi ilə taksi sifariş vermişlər. Üç dəqiqədən sonra “BYD” markalı **-UL-*** avtomobilinin sürücüsü X7 özünə məxsus olan 050 372-23-78 mobil nömrəsindən onlara zəng edərək sifariş əsasında gəldiyini bildirmişdir. Həmin avtomobilin salonuna əyləşib sürücüdən qanunla tələb olunan taksi fəaliyyəti üçün sənədləri tələb etmişlər. Sürücü bu barədə heç bir sənəd təqdim etməyərək, özünü Şəxs MMC-nin sifariş operatorundan göndərildiyini bildirmişdir. Yoxlama zamanı məlum olmuşdur ki, həmin MMC-nin sifariş operatoru kimi fəaliyyət göstərməsinə ümumiyyətlə icazəsi yoxdur. İş materiallarında olan fotoşəkillərdən və videogörüntüdən görünür ki, “BYD” markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil mobil tətbiq vasitəsilə sifariş edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 326-2.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 326-2.1-ci maddəsinə əsasən İcazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə – vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 326-2.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 326-2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 326-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40000 (qırx min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar