Məhkəmə qərarları › İş №3(004)-784/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-784/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-784/2024 27.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X2 iclas katibliyi ilə X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) X13 Xidməti (BDYPİ) X13 Xidməti (YPX) 26 yanvar 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək barəsində Ekologiya YPX tərəfindən qəbul edilmiş 26 yanvar 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası X5 balansında olan **-JD-*** dövlət nömrə nişanlı “Qazel” markalı nəqliyyat vasitəsinin sağ və sol yanında Dövlət Agentliyinin adının və logosunun əks olunduğu vinillər yerləşdirilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Yasamal rayonu ərazisində X13 xidmətinin inspektoru, polis serjantı X4 tərəfindən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinə məxsus **-JD-*** dövlət nömrə nişanlı “Qazel” markalı avtomobili idarə edərkən saxlanılmış və YPX inspektoru avtomobilin üzərində yerləşdirilmiş adın və logonun reklam olduğunu və bu səbəbdən icazə sənədi tələb olunduğunu bildirdi. YPX inspektoruna tələbin əsassız olduğunu, bunun reklam hesab olunmadığını və buna görə də icazə alınması tələb olunmadığını dəfələrlə bildirsə də yol patrul inspektoru bununla razılaşmayaraq heç bir əsas olmadan avtomobili duracağa yerləşdirdi. YPX inspektoru əməlimdə inzibati xəta tərkibi olduğunu bildirsə də həmin vaxt barəsində heç bir protokol tərtib etmədi, həmçinin avtomobilin duracağa yerləşdirilməsi ilə bağlı akt təqdim etmədi. Bir neçə gündən sonra mobil telefonuma barəmdə İXM-nin 428.5-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol tərtib olunması ilə bağlı sms məlumat gəldikdən sonra barəmdə protokol tərtib olunduğunu bilmişdir. Barəmdə protokol tərtib edilməsindən sonra xx.xx.2024-cü il tarixədək inzibati tənbeh vermə haqqında qərarın surəti ona təqdim edilməmişdir. Protokoldan narazı olduğu üçün protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi üçün Yasamal Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə şikayət etmişdir. İşə xx.xx.2023-cü il tarixdə açıq məhkəmə iclasında baxılaraq şikayəti qismən təmin edildi. Belə ki, xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi X13 Xidməti X13 Xidmətinə göndərilməsi barədə qərar qəbul edildi. Qərarın xx.xx.2023-cü il tarixdə qəbul edilməsinə baxmayaraq X13 Xidməti tərəfindən 4 aya yaxın müddət ərzində hərəkətsizlik nümayiş etdirilmişdir (nə qərardan şikayət verilməmiş, nədəki inzibati xəta haqqında işə yenidən baxılmamışdır). Qərarın ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması üçün göndərilməsinə baxmayaraq ləğv edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərar üzrə inzibati cərimə silinmədiyindən, əksinə olaraq dəbbə pulu hesablandığından və avtomobilin üzərinə isə qanunsuz həbs qoyulduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixdə Baş Dövlət Yol Polis İdarəsinə müraciət etmişdir. Heç bir cavab verilmədiyi üçün müraciətə baxılmaması ilə bağlı dəfələrlə 102 xidməti zəng mərkəzinə bu haqda məlumat verərək şikayət etdim. X11 Naziri cənab Vilayət Eyvazova “online” müraciət etdim. Bütün bu sadaladığım müraciətlərimdən sonra yalnız xx.xx.2024cü il tarixdə mənim iştirakım olmadan xx.xx.2023-cü il tarixli İXP5550656 nömrəli protokol əsasında yeni inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar qəbul edilmişdir. YPX inspektoru tərəfindən tərtib olunmuş protokol qanunsuz və əsassızdır. Belə ki, “Reklam Haqqında” Azərbaycan Respublikasının Qanununun 25.5-ci maddəsinə əsasən şəxsə mənsubiyyətini göstərən fərqləndirici nişanların nəqliyyat vasitəsi üzərində yerləşdirilməsi reklam hesab olunmur. Çünki həmin nəqliyyat vasitələrinin sağ və sol yanında X5 adının və logosunun əks olunduğu vinillər yerləşdirilmişdir. **-JD-*** qeydiyyat nişanlı minik avtomobili Azərbaycan Respublikası Dövlət X10 hüquqi şəxsin balansındadır və həmin avtomobilin sağ və sol yanında olan qeyd edilən vinillər mənim tərəfimdən deyil, Agentlik tərəfindən yerləşdirilmişdir. YPX inspektoru Agentliyin adının və logosunun əks olunduğu vinilləri reklam hesab etdiyi təqdirdə həmin əsassız protokolu Agentlik barəsində tərtib etməli idi. Görünür ki, protokol tərtib edilərkən YPX inspektoru tərəfindən subyekt də düzgün seçilməmişdir. İnzibati məsuliyyətə cəlb etmək üçün müəyyən edilmiş müddət keçmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları və.s inzibati xətalara görə inzibati məsuliyyətə cəlb etmək üçün bir illik müddət nəzərdə tutulsa da İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalara aid edildiyindən bir illik müddət həmin maddəyə şamil edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X13 Xidməti X13 Xidməti tərəfindən qəbul edilmiş 26 yanvar 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 428.5-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Ekologiya YPX tərəfindən qəbul edilmiş 26 yanvar 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, X7 əməlində İXM-in 428.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində qəbul edilmiş 26 yanvar 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Ekologiya YPX tərəfindən qəbul edilmiş 26 yanvar 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X7 müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə Azərbaycan Respublikası İXM-nin 428.5-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd olunan qərarda inzibati xətanın baş vermə vaxtı və yeri xx.xx.2023-cü il tarixdə saat 12:40-da Bakı şəhəri, Yasamal rayonu, X15 kimi qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərə əsasən X3 idarə etdiyi “Qaz yük sərnişin” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ADRA yazısı qeyd edimişdir ki, bu yazıda avtomobilin Azərbaycan Dövlət Reklam Agentliyinə mənsub olduğunu bildirir. “Reklam Haqqında” Azərbaycan Respublikasının Qanununun 25.5-ci maddəsinə əsasən Şəxsə mənsubiyyətini göstərən fərqləndirici nişanların nəqliyyat vasitəsi üzərində yerləşdirilməsi reklam hesab olunmur. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi həmin Məcəllənin 34-cü fəsli olan İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar fəslinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən isə həmin Məcəllənin 428.5-ci maddəsində qeyd edilən inzibati xətaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Belə olduğu təqdirdə törədilməsi güman edilən inzibati xəta xx.xx.2023-cü il tarixdə baş verdiyi təqdirdə şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar xx.xx.2023-cü il tarixədək qəbul edilə bilərdi. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 428.5-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə - fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X13 Xidməti tərəfindən qəbul edilmiş 26 yanvar 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərar ləğv edilməlidir. Belə ki, X3 əməlində inzibati xəta tərkibinin əlamətləri aşkar edilməmişdir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 şikayəti təmin olunsun. X7 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X13 Xidməti tərəfindən qəbul edilmiş 26 yanvar 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X13 Xidməti tərəfindən qəbul edilmiş 26 yanvar 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar