Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-7913/2025 04.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Mirsadiq Seyidov Mirsəttar oğlu Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326- 2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 24 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci ildə Şəxs MMC-nin mobil tətbiqi vasitəsilə Chevrolet markalı 77PD952 və Daewoo 77PL936 avtomobilləri sifariş edilmiş, uyğun olaraq taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatları informasiya sisteminə ötürülməməsi aşkar edilmiş, nəticədə Şəxs MMC tərəfindən AR İXM-nin 326-2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olduğu üçün səlahiyyətli orqana geri qaytarılmalıdır.
1. Protokolda inzibati xətanın konkret harada törədilməsi qeyd edilməmiş və xətanın mahiyyəti aydın və dəqiq qeyd edilməmişdir.
2. Bundan əlavə iş materiallarına avtomobillər ilə əlaqədar sənədlər əlavə edilməmiş, buna görə də həmin avtomobilin kimin mülkiyyətində olduğunu və Şəxs hansı əsas və səbəblə təqsirli bilindiyini müəyyən etmək mümkün olmamışdır.
3. Həmçinin iş üzrə kifayət qədər sübut toplanılmamışdır, inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı hissəsində qeyd olsa da, hadisə ilə bağlı hüquqi şəxsin nümayəndəsinin izahatı ətraflı alınmamış, ümumiyyətlə isə hüquqi şəxsin nümayəndəsinin dəvət edilməsi barədə məktub və onun çatdırılmasını təsdiq edən qəbz iş materiallarına əlavə edilməmişdir.
4. Protokolda işin halları (nömrələnmiş və səhifələri göstərilməklə və əsaslandırma geniş yer tutduqda protokol əlavəsi ayrı təsdiq olunmuş formada əlavə olunmaqla) əsaslandırılmamış, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək sənədlər isə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Beləliklə bütün sübutetmə yükü, işin bütünlüklə araşdırılması, sübutların toplanılması yükü məhkəmənin üzərinə atılaraq, səlahiyyətli orqan sadəcə natamam protokol tərtib edib məhkəməyə göndərməklə kifayətlənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 100.5-ci maddəsinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.5.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.5.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 106.0-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə hakim və ya səlahiyyətli orqan tərəfindən qərardad qəbul edilir. Onu da qeyd etmək lazımdır ki, şəxsin təqsirliliyinə dair sübutları məhkəmə toplamamalıdır. Qeyd edilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə protokol tərtib edilənədək prosessual pozuntulara yol verilməsi və həmin pozuntuların işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olması son nəticədə protokolun düzgün tərtib olunmamasına, yaxud təqdim edilmiş materialların natamam olmasına, sübutların kifayət etməməsinə dəlalət edir. Beləliklə məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, materiallar və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur, kifayət qədər sübut toplanılmamışdır. Həmin pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə prosessual pozuntular kimi qiymətləndirilir və pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Göstərilən pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Belə olduğu təqdirdə qərarda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən,
QƏRARA ALDİM: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə geri qaytarılsın.
Hakim: Mirsadiq Seyidov