Məhkəmə qərarları › İş №3(004)-7923/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7923/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7923/2025 13.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Şikayətçi Əl-X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin 28 oktyabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Əl-X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin 28 oktyabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi Əl-X2 şikayətini onunla əsaslandırmışdı ki, xx.xx.2025-ci il tarixində, saat 23:52-də idarə etdiyi “Chevrolet Cruze” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən **-YP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təhkim edildiyi YPX əməkdaşları tərəfindən saxla əmri verilmişdir. Bir YPX əməkdaşı yaxınlaşmış, özünü təqdim etməmiş, heç bir əsas olmadan nəqliyyat vasitəsini tərk etməyini tələb etmişdir. Saxlama səbəbini soruşduqda “Siz yaxşı bilirsiz səbəbini” deyə alçaldıcı şəkildə cavab vermişdir. Bundan sonra **-YP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan digər YPX əməkdaşı yaxınlaşmış, sadəcə adının Süleyman olduğunu demiş, gah nəqliyyat vasitəsinin saxlanılması ilə bağlı tapşırıq verildiyini, gah nəqliyyat vasitəsinə quraşdırılmış spoylerin qanunsuz olduğunu demiş, nəqliyyat vasitəsini duracağa sürməyini tələb etmişdir. YPX əməkdaşından onun barəsində inzibati protokol tərtib olunmasını, habelə nəqliyyat vasitəsinin duracağa təmin edilməsi ilə bağlı yoxlanış aktının tərtib olunmasını tələb etmiş və bu tələbinə məhəl qoyulmamışdır. YPX əməkdaşının bu qanunsuz tələbinə tabesizlik göstərməmiş, nəqliyyat vasitəsini duracağa sürmüşdür. YPX əməkdaşı Süleyman onun Bakı Şəhər Baş X9 İdarəsində hansısa otağa yaxınlaşmağını tapşırdı. 4 gün sonra, xx.xx.2025-ci il tarixində onun barəsində geri tarixlə xx.xx.2025-ci il tarixli, İXP7538050 nömrəli protokol (İXM 342.2.2-ci maddəsinə əsasən) tərtib olunmuşdur. Protokola nəzər saldıqda inzibati xətanın törədilmə vaxtı xx.xx.2025-ci il, saat 00:16 qeyd edilmişdir. Halbuki onun nəqliyyat vasitəsi duracağa xx.xx.2025-ci il tarixində təmin edilmişdir. İnzibati xəta haqqında protokolun nəqliyyat vasitəsinin duracağa təmin edilməsindən 4 gün sonra tərtib edilməsi, protokolun geri tarixlə tərtib edilməsi, protokolda inzibati xətanın törədilməsi vaxtının yanlış qeyd edilməsi qanunsuzdur, vəzifə səlahiyyətlərinin aşılmasıdır. Səhəri gün isə TP7601175 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərar verilmişdir. YPX inspektoru X4 “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi üçün normativ tələblərin nə olduğu müəyyənləşdirilməmiş, “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi üçün normativ tələblərin pozulduğu sübuta yetirilməmişdir. Spoyler avtomobilin aerodinamik göstəricilərini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş, hərəkət zamanı hava axınını dəyişdirən xüsusi bir hissədir. Spoyler barəsində isə heç bir normativ hüquqi aktda, yaxud Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə normativ tələb nəzərdə tutulmamışdır. Spoylerin normativ tələblər pozulmaqla quraşdırıldığını sübuta yetirmədən inzibati protokol tərtib edilməsi qanunsuzluğa dəlalət edir. Nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixində saxlanılsa da, protokol 4 gün sonra - xx.xx.2025-ci il tarixində geri tarixlə tərtib edilmişdir. Protokolda isə inzibati xətanın baş vermə vaxtı xx.xx.2025-ci il tarixi göstərilmişdir. YPX əməkdaşı X4 İXP7538050 nömrəli protokolun tarixini bilərəkdən xx.xx.2025 qeyd etmişdir ki, guya onun tərəfindən protokolun tərtib edilmə müddətinə əməl olunmuşdur. Onun e-polis mobil tətbiqimə gələn bildiriş protokolun xx.xx.2025-ci il tarixində tərtib edildiyini, lakin protokolun tarixinin geri tarixlə yazıldığını sübut edir. Onun nəqliyyat vasitəmin xx.xx.2025-ci il tarixində duracağa təmin edildiyi isə nəqliyyat vasitəsində quraşdırılmış videoqeydiyyatçı vasitəsi ilə qeydiyyata alınmışdır. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin 28 oktyabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxsə və qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, materialları və məhkəmə iclasında təqdim olunmuş videogörüntünü nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin 28 oktyabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs Əl-X2 25 oktyabr 2025-ci il tarixdə saat 00:16-da “Chevrolet Cruze” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospektində nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına görə Azərbaycan Respublikası İXM-nin 342.2.2ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 150 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkillərə məhkəmə iclasında baxış zamanı müəyyən olunmuşdir ki, “Chevrolet Cruze” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Əl-X2 tərəfindən avtomobilin arxa baqaj hissəsinin üzərinə spoyler montaj edilərək avtomobilin normativ tələbi pozulmaqla avadanlıq quraşdırılmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 2-ci bəndinin 3-cü hissəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Belə ki, avtomobilin konstruksiyasında dəyişiklik dedikdə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində əks olunmuş mühüm texniki göstəricilərinə (məsələn: kuzov forması, mühərrik tipi, asqı sistemi, işıq qurğuları, təkər ölçüləri və s.) müdaxilə nəzərdə tutulur. Bu dəyişikliklərə yalnız müvafiq icazə əsasında və sertifikatlaşdırılmış texniki şərtlər daxilində yol verilir. Aksesuar isə nəqliyyat vasitəsinin konstruktiv xüsusiyyətlərini dəyişməyən, əsasən dekorativ və funksional yardımçı əşyalar hesab olunur (məs., oturacaq üzlükləri, ətir cihazları, telefon tutacağı və s.). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətçi Əl-X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin 28 oktyabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar