Məhkəmə qərarları › İş №3(004)-794/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-794/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-794/2025 18.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Şəxs nümayəndəsi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 16 dekabr 2024-cü il tarixli qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərara əsasən vətəndaş X3 Şəxs MMC-də xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “dişin müayinə və müalicə edilməsi” işinin yerinə yetirilməsinə cəlb edildiyi üçün hüquqi şəxs Şəxs MMC hüquqi ünvanı - Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 12, 589-cu məhəllə (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Yasamal rayon prokurorluğunun nümayəndəsi X12 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 16 dekabr 2024-cü il tarixli qərarın məzmununa uyğun izahat verərək X3 Şəxs MMC-də xx.xx.2024cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “dişin müayinə və müalicə edilməsi” işinin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş, tərəflər çağırılaraq dindirilmiş və izahatları alınmışdır. Toplanmış materiallar ilə hüquqi şəxs Şəxs AR İXM-nin 192.1-ci maddəsinin tələblərini pozduğu müəyyən edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə bildirmişdir ki, X6 Şəxs MMC-də heç bir iş icra etməyib, təlimlə əlaqədar orada iştirak etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş 32,33-ix-24 nömrəli materialda olan X13 izahatından görünür ki, vətəndaş Ülviyyə Abdullayevanın ərizəsi və Mətin Əsgərin izahatı ilə tanış olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə “Atəşgah” sığorta şirkəti tərəfindən sığortalı, 8 yaşlı Sara aşağı çənəsində 7.5-ci dişin kəskin ağrıları ilə “Apex” Klinikaya yaxınlaşmışdır. Həmin vaxt o, özü əməliyyatda olduğundan xəstəni Almaz Ağarəhimova - digər stomatoloq qəbul etmişdir. Xəstənin dişləri rentgen olunmuş, ağrıyan diş müəyyən edilmişdir. Xəstə yaxınlarına bildirilmişdir ki, keyidilmə edilməli və sinir çıxırılmalıdır. Lakin uşaq həm keyidilmə zamanı, həm də müalicə zamanı qorxduğundan, müalicəyə imkan vermədiyindən bu baş tutmamışdır. Xəstənin atası Mətin Əsgər bildirmişdir ki, qızın dişi çəkilsin, çünki ağrıları kəskindir, müalicəyə dözmür. Qərara alındı ki, diş çəkilsin. Həmin diş süd dişi olduğundan çəkilə bilərdi və yenidən daimi diş çıxacaq idi. Uşağın, valideynin səs-küyünə o,n ora yaxınlaşmış və vəziyyətlə tanış olduqdan sonra uşağın dişini özü çəkmişdir. Bundan sonra valideynləri uşağı götürdülər və hər hansı şikayət olmadan getdilər. Daha sonrakı tarixlərdə də onlardan hər hansı şikayət daxil olmadı. Bildirmişdir ki, bunun nəticəsində xəstənin səhhətinə hər hansı zərər dəyməyib və dəyə bilməzdi. Xəstənin üzündə şişkinlik isə istənilən diş çəkimindən sonra ola bilər və bir neçə gündən sonra şiş özü çəkilir. Xəstənin diş çəkimi nəticəsində “alveol” sümüyü zədələnməmişdir, çünki diş tam şəkildə çıxarılıb, hər hansı diş qırığı qalmamışdır ki, zədələnmə olsun. Saranın səhhətinə hər hansı zərər dəyə bilməzdi, valideyn özü çox narahat adam idi və səs-küy salırdı. Uşaq həkimdən qorxub narahat olsa da, keyitmə etməklə diş çəkimi icra olunmuşdur. Məhkəməyə təqdim edilmiş 32,33-ix-24 nömrəli materialda olan X3 izahatından görünür ki, vətəndaş Ülviyyə Abdullayeva ərizəsi və Mətin Əsgərin izahatı ilə tanış olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə “Atəşgah” sığorta şirkəti tərəfindən sığortalı, 8 yaşlı Sara aşağı çənəsində 7.5-ci dişin kəskin ağrıları ilə “Apex” Klinikaya yaxınlaşmışdır. Həmin vaxt baş həkim əməliyyatda olduğundan xəstəni ona yönləndirmişlər. Xəstənin dişləri rentgen olunmuş, ağrıyan diş müəyyən edilmişdir. Xəstə yaxınlarına bildirilmişdir ki, keyidilmə edilməli və sinir çıxarılmalıdır. Lakin uşaq həm keyidilmə zamanı, həm də müalicə zamanı qorxduğundan, müalicəyə imkan vermədiyindən bu baş tutmamışdır. Xəstənin atası Mətin Əsgər bildirmişdir ki, qızın dişi çəkilsin, çünki ağrıları kəskindir, müalicəyə dözmür, özü də harasa tələsirdi. Onun birbaşa qızın dişini çəkməyə hər hansı cəhdi olmamış, o, xəstəni Əli həkim üçün keyidici vurmaqla hazırlamışdır. Atası dayanmadan qızın dişinin çəkilməsini, tələsdiyini deyir, uşağın nazı ilə oynamamağı tələb edirdi. Uşağın səs-küyünə, valideynin səs-küyünə digər həkimlər gəlib otağa uşağın dişinə baxıb, lakin hər hansı müdaxilə etməyiblər. Çünki, Sara isteriya keçirir, səs-küy salır, müalicəyə icazə vermirdi. Əli həkim gəldikdən sonra qərara alındı ki, diş çəkilsin. Həmin diş süd dişi olduğundan çəkilə bilərdi və yenidən daimi diş çıxacaq idi. Bundan sonra valideynləri uşağı götürdülər və hər hansı şikayət olmadan getdilər. Daha sonrakı tarixlərdə Təbib-ə də şikayət ediblər ki, guya uşağa işgəncə verilib, onlar həkim deyillər, uşağa müdaxilə etmişlər, lakin onun ali tibb təhsili vardır. Bildirmişdir ki, Saranın dişinin çəkilməsi nəticəsində xəstənin səhhətinə hər hansı zərər dəyməyib və dəyə bilməzdi. Xəstənin üzündə şişkinlik isə istənilən diş çəkimindən sonra ola bilər və bir neçə gündən sonra şiş özü çəkilir. Xəstənin diş çəkimi nəticəsində “alveol” sümüyü zədələnməmişdir, çünki diş tam şəkildə çıxarılıb, hər hansı diş qırığı qalmamışdır ki, zədələnmə olsun. Saranın səhhətinə hər hansı zərər dəyə bilməzdi, valideyn özü çox narahat adam idi və səs-küy salırdı. Uşaq həkimdən qorxub narahat olsa da, keyitmə etməklə diş çəkimi icra olunmuşdur. Məhkəməyə təqdim edilmiş 32,33-ix-24 nömrəli materialda olan X9 izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə 8 yaşlı qızı Sara diş ağrılarından şikayət etdiyi üçün, “Atəşgah” sığorta şirkətində könüllü tibbi sığortaları olduğundan ora müraciət etmişlər. Müraciətlərindən sonra onun işinə yaxındı deyə onları ünvan 2 ünvanında yerləşən “Apex” diş klinikasına yönləndirdilər və qızının dişinə Almaz həkimin baxılacağı bildirildi. Saat 14:30 radələrində qızı ilə birlikdə həmin klinikaya getmişlər. Almaz həkim qızının dişini müayinə etdikdən sonra 8 yaşı olduğundan 75-ci dişin hal-hazırda çəkilməsinin doğru olmadığını, dişdəki siniri çıxardaraq plomb qoyulacağını bildirdi. O da Almaz həkimlə razılaşdı. Bundan sonra Almaz həkim dişdəki siniri çıxarmaq üçün çoxlu sayda keyidici iynələr vurdu, lakin bunun heç bir təsiri olmadı və siniri çıxarmaq mümkün olmadı. Bu proses həyata keçirilən zaman qızı şiddətli ağrılar çəkdiyindən bir neçə dəfə qışqırdı. Almaz həkim siniri çıxarda bilməyəcəyini, dişi çəkəcəyini bildirdi, o da onunla razılaşdı. Bundan sonra bir neçə dəqiqəlik çölə çıxdı və qayıdanda Almaz həkimin orda olmasına baxmayaraq kişi həkim tərəfindən dişin çəkilməsinə cəhd edilməsini gördü və buna çox əsəbləşərək öz narazılığını bildirdi. Bundan sonra həyat yoldaşı Ülviyyə Abdullayevaya zəng edərək bu barədə ona məlumat verdi. Ülviyyə “Atəşgah” sığorta şirkətinə yığaraq öz narazılığını bildirdi və bundan sonra klinikanın baş həkimi Əli Əliyev özü gəldi. Sonuncu da keyidici iynədən istifadə etdi və bundan sonra qızının dişini çəkdi. Qızının dişi çəkildikdən sonra Almaz həkim artıq heç bir müalicənin lazım olmadığını və hər şeyin yaxşı olduğunu bildirdi. Bundan sonra qızını da götürərək klinikanı tərk etdi. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında qızı Saranın üzü şişmişdi və qızı çəkilən dişin ətrafında şiddətli ağrılarının olduğunu bildirirdi. Bundan sonra həyat yoldaşı Ülviyyə “Atəşgah” sığorta şirkətinə zəng edərək dünənki hadisədən sonra qızının dişinin ətrafının şişdiyini və şiddətli ağrılar verdiyini bildirdi və sığorta şirkəti onları “Dental Studio” diş klinikasına, Səbinə Hənifəyevaya yönləndirdilər. xx.xx.2024-cü il tarixdə o, işi ilə əlaqədar ezamda olduğundan həyat yoldaşı Ülviyyə qızı ilə birlikdə qeyd edilən klinikaya yaxınlaşdı və orada qızının çəkilən dişi və onun ətrafını müayinə etdikdən sonra “Apex” diş klinikasında çəkilən dişin rentgen görüntülərini də Səbinə həkim göstərdi. Səbinə həkim çəkilən dişin əslində siniri çıxardılaraq plomb qoyulmasını, çəkilməsinə ehtiyac olmadığı təqdirdə çəkildiyini bildirdi. Sonuncu “75-ci” dişin 13-14 yaşına çatdıqda dişin rahat şəkildə çıxarıla biləcəyini bildirdi. Bundan sonra qızının üz nahiyyəsində travma sonrası şişkinliyin yarandığını bildirdi və 5 günlük antibiotik, allergiyaya qarşı və yerli (ağız yaxlaması) müalicəsi təyin etdi. Səbinə həkim həyat yoldaşına qızının sağlam dişinin çəkildiyini bildirdi. 3 gün sonra üzdə olan şişkinlik yatsa da, çəkilən dişin ətrafında ağrılar davam edirdi. Bundan sonra N.Nərimanov rayonu adına hazırda xatırlamadığı klinikaya aparmış və Günay həkim qızının çəkilən dişinin ətrafında olan şişkinliyə baxdıqda dişin çəkilməsi zamanı “alveol” sümüyünün zədələndiyini bildirdi. Bundan sonra Səbinə həkim onlara dediyi qaydada qızını müalicə etmiş və hal-hazırda vəziyyəti yaxşıdır. Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, “Atəşgah” sığorta şirkətini və Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişlər. Məhkəməyə təqdim edilmiş 32,33-ix-24 nömrəli materialda olan X1 izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə 8 yaşlı qızı Sara diş ağrılarından şikayət etdiyi üçün, “Atəşgah” sığorta şirkətində könüllü tibbi sığortaları olduğundan ora müraciət etmişlər. Qızının atası Əsgərlə ünvan 2 ünvanında yerləşən “Apex” diş klinikasına getmiş və klinikanın baş həkimi Əli Əliyev tərəfindən dişi çəkilmişdir. Lakin ərinin dediyinə görə qızının dişinə çoxsaylı keyidici iynə vurulub, müalicə olunmaq yerinə dişi çəkilmişdir. Bundan sonra Saranın çəkilən dişinin ətrafı şişdiyindən və ağrılar olduğundan “Dental Studio” diş klinikasına müraciət etmişlər. Orada çəkilən dişin əslində siniri çıxardılaraq plomb qoyulmasını, çəkilməsinə ehtiyac olmadığı təqdirdə çəkildiyini, travma sonrası şişkinliyin yarandığını bildirmişlər və 5 günlük antibiotik, allergiyaya qarşı və yerli (ağız yaxalaması) müalicəsi təyin etmişlər. Daha sonrakı tibbi müayinələrdə Saranın dişinin çəkilməsi zamanı “alveol” sümüyünün zədələndiyi bildirildi. Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə də müraciət etmişlər (cavabı). Hazırda tələbləri həkimlərin cəzalanmasından ibarətdir. Almaz Ağarəhimova izahatında yalan deyir, onlar istəmişlər ki, onun dişini müalicə etsin, lakin 10-dan çox iynə vurub qızına ağır işgəncə verib, səhhətində ağır nəticələrə səbəb olmuş, düzgün iynə vurmadığından dişində keyimə də getməmişdir. Xahiş etmişdir ki, qızının səhhətinə dəymiş zərərlə bağlı ekspertiza təyin edilsin. Məhkəməyə təqdim edilmiş 32,33-ix-24 nömrəli materialda olan “Çıxarışa baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X12, Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə uyğun olaraq həmin protokolu tərtib edirəm ondan ötrü ki, Bakı şəhəri Yasamal rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X12 icraatında olan 32.33-İX-24 inzibati icraat materialı üzrə vəzifəli şəxs X17 "xxxx" MMC-nin direktoru kimi fəaliyyət göstərərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin MMC-də xx.xx.2024-cü il tarixdə X5 2016-cı il təvəllüdlü X7 dişini müayinə və müalicə etməsi kimi işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı Yasamal rayon prokurorluğunda aparılan araşdırma zərurəti ilə bağlı sonuncunun əmək müqaviləsinin mövcud olub-olmaması X2 Sisteminin elektron sorğu modulu vasitəsi ilə yoxlanılmış, müəyyən olunmuşdur ki, vəzifəli şəxs X13 işə götürdüyü X3 adına X2 Ssteminin elektron sorğu modulunda hər hansı əmək müqaviləsi məlumatı aşkar edilməmişdir. Məhkəməyə təqdim edilmiş 32,33-ix-24 nömrəli materialda olan “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 13 dekabr 2024-cü il tarixli qərardan görünür ki, vəzifəli şəxs X17 – "xxxx" MMC-nin direktoru kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərini pozaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 12, 589-cu məhəllə ünvanında yerləşən "xxxx" MMCdə stomatoloq vəzifəsini yerinə yetirməyə cəlb olunan X3 həmin vəzifənin icra edilməsi üçün onunla əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan xx.xx.2024-cü il tarixdə X5 2016-cı il təvəllüdlü X7 dişini müayinə və müalicə etməsi kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətmiş, nəticədə vəzifəli şəxs X17 (VÖEN **********) - xx.xx.1982-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Yasamal rayonu H.B.ünvan 4nında yaşayan - barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikasının İXM-in 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi, qərar və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün X11 Xidmətinə göndərilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş 32,33-ix-24 nömrəli materialda olan “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, hüquqi şəxs "xxxx" MMC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - rəhbəri X17 tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərinə əsasən əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan xx.xx.2024-cü il tarixdə X5 Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 12, 589-cu məhəllə ünvanında yerləşən "xxxx" MMC-də 2016-cı il təvəllüdlü X7 dişini müayinə və müalicə etməsi, yəni stomatoloq kimi işlərin görülməsinə cəlb etmiş, bununla da, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Odur ki, hüquqi şəxs "xxxx" MMC hüquqi ünvanı - Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 12, 589-cu məhəllə (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə hüquqi şəxs "xxxx" MMC-yə Azərbaycan Respublikasının İXM-in 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi, qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş 32,33-ix-24 nömrəli materialda olan X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X14 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 27 dekabr 2024-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, vətəndaş X6 Şəxs MMC-də xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “dişin müayinə və müalicə edilməsi” işinin yerinə yetirilməsinə cəlb edilmiş, nəticədə Bununla da X17 oğlunun Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 3000 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Ağarəhimova Almaz tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nin direktoru X16 ünvanlanmış ərizədən görünür ki, ərizənin mətni “mən Stomotologiya ixtisası üzrə Azərbaycan Tibb Universitetini bitirmişəm. Xahiş edirəm məni ixtisasım üzrə təlim və Klinikaya müraciət etmiş şəxslərə tibbi xidmətin göstərilməsi üzrə praktika keçməyimə icazə verəsiniz.” məzmunda olmuşdur. 05 oktyabr 2024-cü il tarixli, 020/24 nömrəli müqavilədən görünür ki, bu müqaviləni bir tərəfdən direktor X17 şəxsində Şəxs digər tərəfdən isə X6 bağlamışlar. Müqavilənin predmeti - “Təlimçi” “Praktikant”a Şəxsdə “Praktikant”ın ixtisası üzrə təlim (kurs) keçməyi və Klinikaya müraciət etmiş şəxslərə tibbi xidmətin göstərilməsi üzrə praktika keçməyi öhdəsinə götürür. “Praktikant” “Təlimçi”nin onun ixtisası üzrə təlim (kurs) keçməyinin və Klinikaya müraciət etmiş şəxslərə tibbi xidmətin göstərilməsi üzrə praktika keçməyinin müqabilində xidmət haqqı ödəməyi öhdəsinə götürür. Təlimçinin vəzifələri keyfiyyətli təlim və praktika keçmək; “Praktikant”ın Klinikaya daxil olması və təlim (praktika) keçməsi üçün lazımi şəraiti yaratmaq; “Praktikant”ı Klinikada təlim (praktika) keçməsi üçün tələb olunan geyim, qoruyucu vasitələr və digər ləvazimatlarla təmin etmək; “Praktikant”ın Klinikada təlim (praktika) keçməsi üçün tələb olunan təhlükəsiz şəraiti yaratmaq. “Təlimçi”nin hüquqları “Praktikant”ın Klinikada təlim (praktika) keçməsi ilə əlaqədar onun üçün məcburi olan göstərişlər vermək; Səbəb göstərmədən bu Müqaviləyə xitam vermək. “Praktikant”ın vəzifələri: Klinikanın daxili intizam qaydalarına riayət etmək; Onun təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərə görə məsuliyyət daşımaq; “Təlimçi”nin verdiyi göstərişlərə tam və dəqiq əməl etmək; Müəyyən olunmuş xidmət haqqını ödəmək. “Praktikant” keçdiyi təlim (praktika) müqabilində təlimin saatı 20 manat (ƏDV-siz) hesablanmaq şərtilə müəyyən olunan xidmət haqqını nağd və ya köçürmə yolu ilə ödəyir. Hesablaşma Azərbaycan manatı ilə aparılır. Bu müqavilə imzalandığı gündən qüvvəyə minir və xx.xx.2024-cü il tarixinədək qüvvədədir. Tərəflər arasında bu müqavilənin icrasından irəli gələn mübahisələrə qarşılıqlı razılaşma yolu ilə həll olunur. Bu müqavilədən irəli gələn mübahisələr qarşılıqlı razılaşma yolu ilə həll edilməzsə, Azərbaycan Respublikası qanunvericiliyi əsasında məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işə götürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda, tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 20 oktyabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Qərarda əks olunmuş hüquqi mövqeyə əsasən əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir. Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir. Əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi ilə bağlı norma BƏT-in "Əmək hüquq münasibətləri haqqında” 198 nömrəli Tövsiyəsinə uyğun olaraq 2021-ci il 2 aprel tarixində Əmək Məcəlləsinə daxil edilmişdir. Qeyd olunan Tövsiyə əmək münasibətlərinin xarakterik əlamətlərini fərqləndirməklə əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə pərdələnməsinin, rəsmiləşdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu əmək münasibətlərinə və mülki-hüquqi münasibətlərə geniş və ətraflı izah vermiş, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərin daxil olduğu hüquqi münasibətlərinin bir qayda olaraq əmək münasibətləri olaraq çıxış etməsini göstərmişdir. Göründüyü kimi, Şəxs MMC tərəfindən X6 xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “dişin müayinə və müalicə edilməsi” işlərinin yerinə yetirilməsinə cəlb edilmişdir. Belə ki, iş materiallarında olan sübutlar məhkəmə tərəfindən müqayisəli təhlil etdikdə, X6 ilə Şəxs MMC arasında əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin mövcud olması, Şəxs MMC-nin əsas fəaliyyəti sahəsinə aid işlərə cəlb olunması, tərəflər arasında əmək müqaviləsi mövcud olmaması müəyyən olunmuşdur. Həmçinin o da qeyd edilməlidir ki, X3 Şəxs MMC-də fəaliyyəti təlim xidmət haqqı ödəməklə “Praktikant”ın ixtisası üzrə təlim (kurs) keçmək və Klinikaya müraciət etmiş şəxslərə tibbi xidmətin göstərilməsi üzrə praktika keçməkdən ibarət olması barədə Şəxs MMC nümayəndəsinin arqumentinə məhkəmə münasibət bildirərək qeyd edir ki, X3 Şəxs MMC-də xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “dişin müayinə və müalicə edilməsi” işinə cəlb edilməsi faktı məhkəməyədək icraat dövründə X3 və Şəxs MMC-nin direktoru X13 və digərlərinin izahatları, X2 Sisteminin elektron sorğu modulunda hər hansı əmək müqaviləsi məlumatı aşkar edilməməsi ilə bağlı çıxarış və digər sübutlarla təkzib olunaraq, həmin bu halın MMC-nin məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirilir. Bundan başqa, X3 müəssisənin rəsmi işçisi olmadığı, orada təlim keçməsi adı ilə əmək müqaviləsi olmadan stomatoloq kimi MMC-də fəaliyyət göstərməsinə rəğmən, yəni “dişin müayinə və müalicə edilməsi” işlərinin yerinə yetirilməsinə cəlb edilməsi, X3, həm də Şəxs MMC-nin direktoru X13 Yasamal Rayon Prokurorluğunda vermiş olduqları izahatlarla bu faktı özlərinin də təsdiq etmələri, odur ki, X3 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsinə cəlb olunduğunu dəlalət edən haldır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş qərarlar və inzibati materialda olan digər sənədlər və izahatlarla sübuta yetirilmişdir ki, Şəxs MMC əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X5 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar