Məhkəmə qərarları › İş №3(004)-798/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-798/2021

09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-798/2021 09.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhər Yasamal RPİ-nin 29-cu polsi şöbəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 Bakı şəhər Yasamal RPİ-nin 29-cu polsi şöbəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri İnşaatçılar Metrosunun yaxınlığı ilə gedərəkən, Yasamal RPİ-nin əməkdaşları tərəfindən barəsində İnzibati xəta haqqında MN № ******* saylı protokol tərtib edilməklə 100 manat məbləğində cərimə olunmuşdur. Həmin protokolun surəti təqdim olunsada, qərarın surəti ona təqdim edilməmiş və ünvanına göndərilməmişdir. Belə ki, qərarın surəti həyat yoldaşına xx.xx.2021-ci il tarixdə verilmişdir. Nə üçün cərimə olunduğunu soruşduqda onlar ona karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə tələblərini pozduğunu bildirmişdirlər. Halbu ki, fərdi qoruyucu vasitədən istifadə etmişdir. Sadəcə olaraq zob xəstəliyi ilə bağlı ürək döyüntüsünün artması və isti olduğuna görə bir anlıq fərdi qoruyucu vasitəni nəfəs almaq üçün endirmişdir. Zob xəstəliyindən əziyyət çəkir və həmin xəstəliyin halsızlıq, əllərdə əsmə-tərləmə, ürək döyüntüsü, əsəbilik, aqressivlik, istiyə və soyuğa dözümsüzlük, gözlərin önə qabarması kimi əlamətləri olur. Həmin an ətrafında insanlar yox idi. Ona görə də hesab edir ki, bu hərəkət epidemiya əleyhinə rejimin, sanitarıyagigiyena və karantin rejimlərinin pozulması kimi qiymətləndirilməməlidir. Ətrafında heç kəsin olmadığı yerdə, ani olaraq etdiyi bu hərəkət zob xəstəliyi səbəbindən irəli gəlmişdir. Heç bir qayda pozmamışdır, müvafiq qaydanı pozsaydı belə polis əməkdaşları tərəfindən məcburi köçkün ailəsinin üzvü olmağını, əmlak vəziyyətini, himayəsində iki azyaşlı uşağın olmasını və zob xəstəliyindən əziyyət çəkdiyini nəzərə almaqla barəsində cərimə deyil, xəbərdarlıq inzibati tənbeh növü tətbiq edilməli idi. Himayəsində iki azyaşlı uşağın olduğunu, Zəngilan rayonundan məcburi köçkün ailəsinin üzvü olduğunu və nəhayət zob xəstəliyindən əziyyət çəkdiyini nəzərə alaraq, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarından görünür ki, X2 xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimləri pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş həkim-göstəriş vərəqəsindən məlum olur ki, Şükürova (Camalova) Nuranə Səxavət qızına diffuz zob-hipotivor diaqnozu ilə müalicə təyin olunmuşdur. Məhkəmə X1 qeyd etdiyi halları, zob xəstəliyindən əziyyət çəkdiyini nəzərə alaraq, şikayətin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (biz yüz) manat məbləğində cərimə olunmasına dair Yasamal RPİ-nin 29-cu polis şöbəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunmasına dair Yasamal RPİ-nin 29-cu polis şöbəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar