Məhkəmə qərarları › İş №3(004)-798/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-798/2022

11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-798/2022 11.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1asamal rayonu, Z.Xəlilov küçəsi, 99/101 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən Şəxs MMC-yə məxsus müəssisədə 24 yanvar 2022-ci il tarixdə saat 11:30 radələrində aparılan planlı yoxlama zamanı lisenziyadan kənar fəaliyyət (kompyuter tomoqrafiyası, rentgenoloji müayinə) aşkar edilmişdir. Bununla da həmin hüquqi şəxs, İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 24.01.2022-ci il tarixli, MN №0263900 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) nümayəndəsi, protokol tərtib etmiş şəxs X4 bildirmişdir ki, Şəxs MMC–də yoxlama zamanı lisenziyadan kənar fəaliyyət (kompyuter tomoqrafiyası, rentgenoloji müayinə) aşkar edilmişdir. Bu barədə akt tərtib edlilmişdir. MMC-nin rəhbəri X5 yoxlamanın nəticəsi ilə də razılaşmış, kompyuter tomoqrafiyası, rentgenoloji müayinə ilə məşğul olmaları, lakin lisenziyalarının olmadıqlarını etiraf etmişdir, tezliklə lisenziya alacaqlarını bildirmişdir. Buna görə də protokol tərtib edib məhkəməyə təqdim edilmişdir. bu səbəbdən də inzibati tənbeh tətbiq edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 bildirdi ki, yoxlamanın nəticəsi barədə aktda MMC-nin rəhbəri Rövşən Yusubov da bu barədə qeyd etmişdir ki, həmin fəaliyyətin lisenziyalı olması barədə məlumatımız olmamışdır. Yaxın vaxtlarda lisenziya alınacaqdır. Göstərilənlərə əsasən fəaliyyətin lisenziyalı olmasından xəbərdar olmadığımızı, buna görə də kompyuter tomoqrafiyası, rentgenoloji müayinənin qəsdən lisenziya olmadan həyata keçirilmədiyi üçün, həmin halın üzürlü hesab edilməsini və MMC-nin inzibati məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta hadisəsi baş vermişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən Şəxs MMC-yə ünvanlanmış plan üzrə (növbəti) yoxlamanın keçirilməsi barədə bildirişində göstərilmişdir ki, cari ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin aidiyyəti strukturları tərəfindən respublikada lisenziya əsasında fəaliyyət göstərən özəl tibb fəaliyyəti ilə məşğul olan subyektlərdə qanunvericiliyin tələblərinə əsasən plan üzrə (növbəti) yoxlamaların keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda Şəxs MMC-nin fəaliyyəti Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 99/101 yerləşən obyektdə 24 - 28 yanvar 2022-ci il tarixlərində plan üzrə (növbəti) yoxlama keçiriləcəkdir. Bildirişdə yoxlamaya əsas olan sənədlərin surətləri onlara rəsmi şəkildə təqdim olunması və yoxlayıcı (yoxlayıcılar) tərəfindən Şəxs MMC-nin fəaliyyət ünvanı Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 99/101 yerləşən obyektdə 24-28 yanvar 2022-ci il tarixlərində plan üzrə (növbəti) yoxlamaların keçirilməsinə şərait yaradılmasını xahiş etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 25 saylı, 24 yanvar 2022-ci il tarixli planlı (növbəti) yoxlama aktına əsasən müəssisədə digər nöqsanlarla yanaşı lisenziyadan kənar iş və fəaliyyət, yəni kompyuter tomoqrafiyası və rentgenoloji müayinə fəaliyyəti aşkarlanmışdır. Fotoşəkillər çəkilmiş və iş materiallarına əlavə olunmuş, protokol tərtib edildi. Həmin aktda MMC-nin rəhbəri X1 izahatı bölməsində qeyd etmişdir ki, deyilən nöqsanlarla razıdır, qısa müddət ərzində rentgen və KT müayinəsinin həyata keçirilməsi üçün lisenziya alınması üçün müraciət edəcəklər. Qeyd olunan xidmətlərin lisenziyadan kənar fəaliyyət olduğunu bilməmişdir. Bu barədə R.Yusubov imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Şəxs MMC-yə aid (vöen eynidir) 17.01.2022-ci il tarixli arayışdan görünür ki, radiolojiya şöbəsinin həkimi İlahə Hüseynzadə tərəfindən pasientin radioloji müayinəsi həyata keçirilmişdir. İXM-in 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Ona görə də Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər, tərəflərin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, kompyuter tomoqrafiyası, rentgenoloji müayinə xidmətinin lisenziya əsasında həyata keçirildiyini bilməmək, şəxsi inzibati məsuliyyətdən azad etmir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinərək, 6000 manat (altı min manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar