Məhkəmə qərarları › İş №3(004)-8054/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-8054/2025

03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-8054/2025 03.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Hüquqi ünvanı AZ1009, Bakı şəhəri Yasamal rayonu, Bəşir Səfəroğlu, ev.133 olan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 03 noyabr 2025ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. 03 noyabr 2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən 210362.58 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 13 oktyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür."Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 210362.58 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 14 oktyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib edilmişdir. Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən 03 noyabr 2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola etirazdan görünür ki, 13 oktyabr 2023-cü il tarixində Nümayəndəlik Hetero Biopharma Limited Şirkətinin hesabına 210,362.58 ABŞ dolları köçürmüşdür. Lakin 3 noyabr 2025-ci ildə Mərkəzi Bank tərəfindən İnzibati xəta haqqında Protokol tərtib edilərək "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması" Qaydalarının 4.3.1.3-cü yarımbəndi və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi əsasında 2 il ərzində razılaşdırılmış malların Azərbaycana daxil olmaması və ya ödənişin geri qaytarılmaması səbəbilə prosedurun qeyri-qanuni olduğu iddiası irəli sürülmüşdür. Lakin aşağıda qeyd olunmuş əsaslardan çıxış edərək hesab olunur ki, təchizat prosesi Müqavilə və müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının (bundan sonra “Qaydalar”) 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Bu maddə İnzibati xəta haqqında Protokolda vurğulanaraq iddiaların əsasını təşkil etmişdir. Lakin halların düzgün analizi aparıldıqda bu iddiaların əsassızlığı aydın olur. 2. Hetero Biopharma Limited Şirkəti və Nümayəndəlik arasında bağlanmış 16 mart 2023-cü il tarixli Müqavilənin 3-cü maddəsində Əlavədə göstərilən məhsulların göndəriləcəyi qeyd edilmişdir. 27 sentyabr 2023-cü ildə qoşulmuş Əlavə aşağıdakı məhsulları ehtiva edir: - Bevaas markalı, Bevacizumab adlı, Hetero Biopharma tərəfindən istehsal edilmiş, 100mg/4ml, № 1 flakonlarda doldurulmuş tibbi məhsul; - Bevaas markalı, Bevacizumab adlı, Hetero Biopharma tərəfindən istehsal edilmiş, 400mg/16ml, № 1 flakonlarda doldurulmuş tibbi məhsul. 3. Bu müqavilədən daha öncə, 21 iyul 2022-ci il tarixində Nümayəndəlik Farmlend MMC ilə Agentlik Müqaviləsi bağlayaraq onun üçüncü şəxlərlə əvvəllər imzaladığı və gələcəkdə imzalayacağı alqı-satqı müqavilələrində Farmlend MMC nin maraqlarının təminatı üçün agent kimi çıxış etməyi öhdəsinə götürmüşdür. xx.xx.2022ci il tarixli Müqavilənin 1.3-cü maddəsində qeyd edilir ki, “Farmlend MMC-nin maraqları naminə üçüncü şəxslərlə bağlanan bütün alqı-satqı müqavilələrində və Nümayəndəliyin satıcı kimi və Farmlend MMC-nin alıcı kimi çıxış edərək bir-birilə bağladığı bütün alqı-satqı müqavilələrində Nümayəndəlik qeyd olunan müqavilələrdə göstərilən statusundan asılı olmayaraq, yalnız Agent Vasitəçi rolunu oynayır.” Müqavilənin 3-cü maddəsində də göstərilir ki, bu kontekstlərdə bağlanan bütün müqavilələr üzrə ödənişləri Farmlend MMC Nümayəndəliyə ödəyir. Həmçinin Müqavilənin 1.4 və 4.3-cü maddələrində Qaydaların 4.3.2-1-ci yarımbəndinə istinad edilərək malların Azərbaycana daxil olmayacağı faktı vurğulanmışdır. 4. Lazımi məhsulların alınması üçün məbləği Agentlik Müqaviləsinin 3-cü maddəsinə müvafiq olaraq, Farmlend MMC Nümayəndəliyə ödəmişdir. Bu fakt protokola əlavə edilmiş, habelə xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarında öz təsdiqini tapır. 5. Agentlik müqaviləsi üzrə razılaşdırılan şərtlərə uyğun, 22 sentyabr 2023cü ildə Nümayəndəlik Farmlend MMC ilə alqı-satqı müqaviləsi imzalamışdır. Nümayəndəlik Müqavilənin 1.1 və 3.1-cü maddələri üzrə müqaviləyə əlavə ediləcək Əlavədə olan malların Minskə göndərilməsi üzrə öhdəlik götürmüşdür. Bu müqavilə eyni tərəflər arasında bağlanmış agentlik müqaviləsinin kontekstində oxunduqda anlaşılır ki, Nümayəndəlik 22 sentyabr 2023-cü ildəki müqavilənin Əlavəsində göstərilən və başqa tərəflə bağlanmış müqavilə əsasında “aldığı” məhsulu elə birbaşa Minskə göndərməlidir. Və həmin müqavilələrdə “alıcı” qismində göstərilməsi prosedurun məğzinə təsir edə bilməz, yəni Nümayəndəlik agent kimi çıxış edir və məhsullar Azərbaycana daxil edilməməlidir. 6. 22 sentyabr 2023-cü ildə imzalanmış alqı-satqı müqaviləsində bəhsi keçən Əlavə xx.xx.2023-cü ildə artırılmışdır. Əlavələrdə göstərilən məhsullar isə hazırda mübahisə predmeti olan Hetero Biopharma Limited Şirkəti və Nümayəndəlik arasında bağlanmış xx.xx.2023-cü il tarixli Müqavilənin Əlavəsində göstərilən məhsullarla eynilik təşkil edir. 7. Bu fakt onu göstərir ki, Nümayəndəlik Hetero Biopharma Limited Şirkəti ilə bağladığı müqavilədə “alıcı” kimi göstərilsə də, agentlik müqaviləsinin şərtlərinə uyğun olaraq, əldə etdiyi tibbi məhsulları vasitəçi kimi Minskə göndərməlidir. Bu reallıq A 07206/161023/0000717 nörməli gömrük bəyannaməsində də öz əksini tapmışdır. Belə ki, gömrük bəyannamələri eyni ilə Nümayəndəlik və Farmlend MMC arasında imzalanmış alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixində artırılmış Əlavədəki məhsulları əks etdirir. Bu bəyannamələr malların Minskə daxil olduğunu təsdiq edir. Müvafiq olaraq, artırılan xx.xx.2023-cü il tarili yük daşıma vərəqəsi də məhsulun hərəkətini aşağıdakı kimi göstərir: Göndərən: "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Malların götürüldüyü yer: UAB "xxxx", Litva Malların göndərildiyi şəxs: Farmlend MMC Malların göndərildiyi yer: Belarus, Nesvij 8. Göründüyü kimi, malların göndərəni olaraq Nümayəndəlik göstərilsə də, mübahisə predmeti olan müqavilədəki tibbi məhsullar heç də Azərbaycan Respublikasından çıxmamışdır. Hetero Biopharma Limited Şirkətindən alınan bu məhsullar Farmlend MMC ilə razılaşdığı üzrə Minskə yollanaraq gömrükdən keçmişdir. Nümayəndəliyin rolu məhz Farmlend MMC üçün vasitəçi rolu oynayaraq məhz ondan aldığı pul əsasında alqı-satqı müqavilələri imzalamaq, lazımi məhsulları əldə edib, təkrarən Farmlend MMC-ə təchiz etmək olmuşdur. Mallar artıq Azərbaycana daxil olmadan təyinat nöqtəsinə çatmışdır. 9. Bu hallardan aydın olur ki, Qaydaların 4.3.1.3-cü yarımbəndinin ehtiva etdiyi qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalı şərtlərinin hazırki işə tətbiqi müvafiq ola bilməz. Nümayəndəliyin rolu məhz maliyyə vasitəçiliyi olduğundan Qaydaların 4.3.2-1-ci maddəsi tətbiq edilməlidir. Maddə malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri nəzərdə tutulur. Bu maddə nəzdində isə iddiaların əsasını təşkil edən nə malların Azərbaycana idxalı, nə də ödənişin ölkəyə qaytırılması tələbi öz əksini tapır. 10. Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi, yəni “avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması” inzibati xətası hazırki işin hallarına tətbiq edilə bilməz. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankı və Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokolu tərtib etmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan: "xxxx" ASC-nin 13 oktyabr 2023-cü il tarixli xarici valyutada köçürmə ərizəsindən görünür ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin bank hesabından “Hetero Biopharma Limited” şirkətinin bank hesabına 16 mart 2023-cü il tarixli, 12-K-AZ nömrəli müqaviləyə və 27 sentyabr 2023-cü il tarixli U24290TG2016PLC111946 nömrəli invoysa əsasən 210362.58 (iki yüz on min üç yüz altmış iki dollar əlli səkkiz sent) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti köçürülmüşdür. Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə “Hetero Biopharma Limited” şirkəti arasında 16 mart 2023-cü il tarixli müqavilə bağlanmışdır. 27 sentyabr 2023-cü il tarixli U24290TG2016PLC111946 nömrəli proform invoysa əsasən malların ümumi dəyəri 438,107.08 (dörd yüz otuz səkkiz min bir yüz yeddi dollar səkkiz sent) ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 ildən artıq müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədikdə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması zamanı yaranır. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Bununla yanaşı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 13.5-ci maddəsinə görə “cinayət, inzibati xətalar və vergi qanunvericiliyində məsuliyyətə cəlb olunma hallarında hüququn analogiyasından və ya qanunun analogiyasında istifadə oluna bilməz”. Göründüyü kimi, əsasən preventiv xarakterli olduğu üçün inzibati xəta qanunvericiliyində analogiyadan, yəni genişləndirici təfsirdən istifadəni qadağan edir. Buradan da göründüyü kimi qanunverici maddələrin mətnlərində nəzərdə tutulmayan vəzifələrin, məhdudiyyətlərin qoyulmasını qadağan edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 sentyabr 2024cü il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 30 sentyabr 2024-cü il tarixli qərardadında göstərilmişdir ki, Qaydaların 4.3.2-1-ci maddəsi ilə malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyrirezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı maliyyə köçürmələri tənzimlənmişdir. Belə ki, bu köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir. Vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələr vasitəçinin vəsaiti hesabına avans yolu ilə həyata keçirildikdə, belə köçürmələr əlavə olaraq mal alan tərəfindən qabaqcadan ödənilmiş məbləğ həcmində vasitəçinin xeyrinə açılan geri çağırılmayan akkreditiv və (və ya) geri götürülməyən, qüvvədə olma müddəti öhdəliklərin icra müddətindən ən azı 30 (otuz) bank günü çox olan bank qarantiyası təqdim edilməklə aparılmalıdır. Qabaqcadan ödənilmiş məbləğ ödənişin aparıldığı gündən ən geci 180 (yüz səksən) gün müddətində geri qaytarılmadıqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın obyekti olmuş 210362.58 (iki yüz on min üç yüz altmış iki dollar əlli səkkiz sent) ABŞ dolları məbləğində vəsaitin 20 (iyirmi) faizi həddində, yəni 42072.52 (qırx iki min yetmiş iki dollar əlli iki sent) ABŞ dolları məbləğində ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar