Məhkəmə qərarları › İş №3(004)-8067/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-8067/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-8067/2025 17.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 31316548 saylı xx.xx.2025-Cİ il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 31316548 saylı xx.xx.2025-Cİ il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətdə və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, xx.xx.2025-ci il tarixində səhər saat 10:00-11:00 radələrində mülkiyyətində olan 90RH705 dövlət qeydiyyat nışanlı avtomobili park etmək məqsədi ilə Xəqani küçəsində AYNA-ya məxsus 90029 nömrəli parklanma yerindi yer axtararkən 581 nömrəli YPX əməkdaşı onun xəbəri olmadan avtomobilin şəklini çəkməyə başlayıb, bunu görüb ona yaxınlaşaraq, nəqliyyat vasitəsinin motorunun işlək vəziyyətdə və açıq olduğunu, parklanma üçün yer axtardığını bildirdikdə hətta təklif edib ki, yolun solunda 3.27 Dayanmaq qadağandır yol nişanı olan hissədə avtomobili saxlayıb gözləsin. Həmin yol nişanının tələblərini pozmamaq üçün məhz parklanma üçün nəzərdə tutulan tərəfdə qəza işıqlarını yandıraraq parklanma üçün yer axtardığını bildirib və dediklərini nəzərə alaraq hətta onu inzibati məsuliyyətə cəlb etmədiyini də düşünüb. Bundan bir müddət sonra onun telefonuna AsanPay tərəfindən EQ 31316548 nömrəli protokol üzrə qərarın qüvvəyə minməsi barədə bildiriş daxil olmuşdur. Həmin gün və sonrakı günlərdə AsanPay sisteminə daxil olmaqda çətinlik çəkdiyindən, bir müddət sonra sistemə girişi bərpa etdikdən sonra onun barəsində İXM-nın “346.4. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə” maddəsinin tətbiq olunduğun görüb çox təəccüblənmişdir. Belə ki, YPX əməkdaşının qərara əlavə etdiyi şəkillərdən belə nəqliyyat vasitəsinin işlək vəziyyətdə olmasından o yana, yolda heç bir yol nişanlanmasının olmadığı və belə olan halda yolun “ikinci və sonrakı cərgələrini” onun hansı meyarla müəyyən etdiyi və bunu müəyyən etmək üçün səlahiyyətlərin harada nəzərdə tutulduğu ona heç aydın olmayıb. Faktla bağlı bütün sənədlər, ərazinin foto şəkli qoşmada əlavə olunub. Həmçinin, məhkəmə zəruri bilərsə, şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin və avtomobilin qeydiyyat şəhadətnaməsinin əsli də təqdim oluna bilər. DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 31316548 nömrəli protokol və eyni tarix və nömrəli İnzibati Xəta haqqında iş üzrə qərarının ləğv olunması və həmin qərar əsasında Mərkəzi İnformasiya sistemində yerləşdirilmiş, inzibati cərimənin və balın silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 31316548 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə elektron qərarına əsasən X5 xx.xx.2025-Cİ il tarixdə saat 09:35 radələrində Bakı şəhəri, Xəqani küçəsində “MAZDA CX5 minik” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsinin yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 346.4cü maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir. Qərar elektron qaydada qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nin122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. İnzibati Xətalar Məcəİİəsinin 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Beləliklə hazırkı inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. İş üzrə təqdim olunmuş şəkillərdən görünür ki, xx.xx.2025-Cİ il tarixdə X3 istifadəsində olan nəqliyyat vasitəsi Bakı şəhəri, Xəqani küçəsində yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə, avtomovillərin dayanması üçün nəzərdə tutulmayan hissəsində dayandırılmışdır. Bundan əlavə nəqliyyat vasitəsinin saxlanıldığı yer yolun hərəkət hissəsinin kənarında ikinci cərgə kimi düzgün hesab olunmuşdur. Sürücünün nəqliyyat vsitəsini tərk etməsi aydın görünür. Belə olduğu halda məhkəmə hesab edir ki, şəxsin Azərbaycan Respublikası İXMnin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapır. Beləliklə İXM-in 76.1-ci maddəsinə əsasən xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 31316548 saylı xx.xx.2025-Cİ il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar