Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-8069/2025 25.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs vəkili və eyni zamanda nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X4, İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qəbul etmiş Bakı şəhəri Yasamal rayon prokurorunun köməkçisi X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon prokurorluğu tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon prokurorluğu tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərara əsasən vəzifəli şəxs Şəxs rəhbərlik etdiyi Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 35 ünvanında yerləşən "Shaurma № 1” iaşə obyektinin ümumi istifadədə olan kanalizasiya sisteminə tullantı sularının emalına və axmasına mane olan maddələrin axıtması nəticəsində su təsərrüfatı qurğuları və avadanlığı zədələməklə, onların istismar qaydalarına riayət etməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Yasamal rayon prokurorluğunun nümayəndəsi X3 izahatında bildirmişdir ki, Yasamal rayonu, Azərbaycan prospekti 35 ünvanında yerləşən "Shaurma № 1” iaşə obyektinin yerləşdiyi binanın sakinləri kollektiv şəkildə şikayət ərizəsi ilə müxtəlif dövlət qurumlarına müraciət edərək qeyd etmişdirlər ki, həmin binanın birinci mərtəbəsində yerləşən “Shaurma № 1” iaşə obyektinin rəhbərliyi 6 aydır ki, yağ filtrləri olmadan istifadə olunmuş yağ tullantılarını binanın ümumi istifadəsində olan kanalizasiya borusuna axıtması nəticəsində həmin boru mütəmadi olaraq tutulur və kanalizasiyada daşmalar baş verir. Araşdırma zamanı sözügedən fakt öz təsdiqini tapdığından vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 264.0.2-ci maddəsi ilə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində müvafiq inzibati tənbeh tədbirinin seçilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs vəkili və eyni zamanda nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X5 tərtib edilən qərara etiraz edərək bildirmişdir ki, iaşə obyektinin mətbəxində xüsusi yağ qoruyucu qurğu olduğundan istifadə edilmiş yağ tullantıları həmin qurğuya tökülərək filtrizasiya olunduqdan sonra ayrıca çənlərə boşaldılır, kanalizasiya borusuna axıdılmır. Bunu sözügedən obyektin mətbəxindən çəkilmiş fotoşəkillər və videogörüntülər təsdiq edir. Eləcə də iaşə obyektinin kanalizasiya xətti ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulmamışdır, bunun üçün ayrıca xətt çəkilmişdir. Belə ki, vətəndaşların şikayətlərində göstərilən halları təsdiq edən heç bir mötəbər sübut yoxdur. Sadəcə olaraq ərazi sukanal idarəsinin məktubuna əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Əlavə olaraq bildirmişdir ki, restoranın rəhbərliyi tərəfindən kanalizasiya idarəsinin əməkdaşları dəvət olunmuş və restoranın daxilində söküntü işləri aparılmış və müəyyən edilmişdir ki, "Shaurma № 1” iaşə obyektinin kanalizasiya xətti binanın ümumi istifadəsində olan kanalizasiya xəttindən ayrılmışdır. Yəni, hətta istifadə olunmuş yağ tullantıları filtirizasiya edilmədən axıdılsaydı belə bu hal binanın kanalizasiya xəttinin istismarında problemlər yarada bilməzdi. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi halı, onun təqsiri sübuta yetirilmədiyindən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, vəzifəli şəxs Şəxs rəhbərlik etdiyi Yasamal rayonu, Azərbaycan prospekti 35 ünvanında yerləşən "Shaurma № 1” iaşə obyektinin ümumi istifadədə olan kanalizasiya sisteminə tullantı sularının emalına və axmasına mane olan maddələrin axıtması nəticəsində su təsərrüfatı qurğuları və avadanlığı zədələməklə, onların istismar qaydalarına riayət etməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan ünvan 2 ünvanında yerləşən yaşayış binasının sakinlərinin müxtəlif dövlət orqanlarına ünvanlanan yazılma tarixi qeyd edilməyən kollektiv şikayət ərizəsindən görünür ki, onların yaşadıqları binanın altında yerləşən "Shaurma № 1” iaşə obyekti mütəmadi olaraq kanalizasiya sisteminə işlənmiş qida yağlarını axıdaraq kanalizasiyanın tutulmasına səbəb olur. Dəfələrlə xəbərdarlıq etsələr də heç bir nəticə əldə edilməmişdir. İş materiallarında olan X2 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, ünvan 3 ünvanının birinci mərtəbəsində yerləşən "Shaurma № 1” iaşə obyekti istifadə olunmuş yağ tullantılarının binanın ümumi istifadəsində olan kanalizasiya borusuna axıtmada nəticəsində həmin boru mütəmadi olaraq tutulur və kanalizasiyada daşmalar baş verir. Belə ki, həmin iaşə obyektinin ümumiyyətlə heç bir yağ fitri yoxdur. Yağ tullantılarını atmaları nəticəsində onun 2-ci mərtəbədə yerləşən mənzilində kanalizasiya bir neçə dələ daşmışdır. Həmin görüntüləri əks etdirən video onda mövcuddur. "Shaurma № 1”-in rəhbəri olan Şəxsla onların bir neçə dəfə söhbəti olmuş, sonuncu ona dəfələrlə söz vermişdir ki, həmin borunu dəyişəcək və ümumiyyətlə bu yağ problemini aradan qaldıracaq, lakin 6 ay keçinəsinə baxmayaraq problem aradar qaldırılmamışdır. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, "Shaurma № 1” 1998-ci ildən fərdi VÖEN əsasında fəaliyyət görsədir. Həmin müəssisənin Bakı şəhərinin müxtəlif ərazilərində filialları vardır. Həmin flliialardan biri ünvan 4 ünvanında 5 mərtəbəli binanın – 1-ci mərtəbəsində yerləşir. Təxminən 2 həftə əvvəl həmin binanın 2-ci mərtəbəsində yaşayan sakin restoranın guya kanalizasiya sisteminə yağ tullantılarının axıdılması nəticəsində boruda tutulmalarının əmələ gəlməsi və iy gələrək həmin kanalazisiyadan yaşadığı mənzilə daşması barədə şikayətlər etmişdir. Belə ki, onların restoranının yağ qoruyucu qurğusu olduğundan iaşə obyektində istifadə olunmuş yağ tullantıları həmin qurğuya tökülür və həmin yağ orada fıltr olunaraq kanalizasiya borusuna axıdılmır. Daha sonra isə həmin yağlar yığılaraq məhv edilir, yəni zibil yeşiklərinə atılır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon prokurorluğunun "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin" PHŞ-nin Yasamal rayon su kanal idarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğu məktubundan görünür ki, ünvan 6 ünvanında yerləşən "Shaurma № 1” iaşə obyektinin ümumi binanın istifadəsində olan kanalizasiya sisteminə qida yağ tullantılarının axıtması nəticəsində həmin kanalizasiya borusunda tutulmaların əmələ gəlməsi barədə Yasamal rayon prokurorluğunda araşdırma aparılır. Odur ki, araşdırılması aparılan material üzrə yaranmış zərurətlə əlaqədar olaraq qeyd olunmuş ünvanda yerləşən "Shaurma № 1” iaşə obyektinin kanalizasiya borusuna yağ tullantılarının axıdıb-axıtmaması, axıtdığı halda həmin yağ tullantıları üçün nəzərdə tutulmuş müvafiq yağ filtrlərinin olub-olmaması, həmçinin həmin yağ tullantılarının axıtması kanalizasiya sistemində tullantı sularının emalına və ya axmasına mane olubolmaması və ya kanalizasiya borularını sıradan çıxarıb-çıxarılmaması barədə rayon prokurorluğuna ətraflı məlumat verilməsi (müvafiq baxış aktı, rəy və ya digər sənədlər əlavə edilməklə) xahiş edilmişdir. İş materiallarında olan "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin" PHŞ-nin Yasamal rayon su kanal idarəsindən Bakı şəhəri Yasamal rayon prokurorluğuna ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Yasamal rayonu Azərbaycan prospekti 35 saylı binanın birinci mərtəbəsində yerləşən "Shaurma N1" restoranında yaranmış çirkab sular həmin prospekt ilə keçən mövcud kanalizasiya xəttinə axıtmaqla həyata keçirir "Shaurma №1" restoranında yaranmış çirkab sulardan əlavə olaraq qıda yağ tullantılarıda axıdılır. Qeyd olunan yağların axıdılması zamanı, obyektin çıxış kanaizasıya xətti üzərində təmizləyici yerli (lokal, yağ tutucu) qurğular quraşdırılmadığı üçün tullantıların tərkibində yağlanmanın yüksək olması səbəbi ilə Azərbayçan prospektində mövcud kanalizasiya xəttində tez-tez tutulmalara səbəb olur. Bunun nəticəsində kanalizasiya xətlərinin istismar müddəti azalır və təmizlənməsində çətinliklər yaradır. Bu da öz növbəsində prospekt boyunca kanalizasiya lyuklarının tez-tez tutulmasına, çirkab suların prospektə və binanın daxil' kanalizasiya sisteminə axmasına səbəb olıır. Bununla bağlı "Shaurma №1" restoranına Yasamal rayon Sukanal İdarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər kabinetinin 262 saylı -“Sudan istifadə qaydalarının 9-cu bəndinə əsassən (Kanalizasiya şəbəkə ve qurğularından istifadəyə dair xüsusi tələblər) rəsmi xəbərdarlıq məktubu ünvanlanmışdır Azərbaycan prospektində əhalinin kanalizasiya təchizatının standartlara uyğur həyata keçirmək məqsədi ilə Yasamal rayon Sükanal idarəsinin əməkdaşları tərəfində mövcud kanalizasiya xətləri mütəmadi olaraq mexanik usula təmizlənir, məhəllədax kanalizasiya xətləri xüsusi kanaiyuyan maşın vasitəsi ilə yuyulur və baxış quyuları bə: tullantılardan təmizlənir. İş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş fotoşəkillərdən və videogörüntüdən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili tərəfindən təqdim edilmiş) görünür ki, sözügedən iaşə obyektinin mətbəxində xüsusi yağtutucu qurğu mövcuddur (quraşdırılmışdır). İş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş digər videogörüntüdən görünür ki, sözügedən iaşə obyektinin daxilindən kanalizasiya xəttinin üstü dağıdılaraq açılmış və müəyyən edilmişdir ki, restoranın kanalizasiya xətti ayrıca çəkilmişdir, binanın ümumi istifadəsində olan kanalizasiya xəttinə heç bir aidiyyəti yoxdur (xətlərin biri yeni borudur digəri isə paslanmış və köhnəlimiş olan borudur), hər iki boru xətti ayrı ayrılıqda yəni müstəqil şəkildə istismar olunmaqdadır, onları birləşdirən heç bir qurğu mövcud deyildir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi mötəbər və təkzibolunmaz sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol və ya qərar tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol və ya qərarı tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol və ya qərar tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 35 ünvanında yerləşən yaşayış binasının sakinləri Bakı şəhəri Yasamal rayon prokurorluğuna həmin binanın birinci mərtəbəsində yerləşən "Shaurma № 1” iaşə obyektinin istifadə olunmuş yağ tullantıları binanın ümumi istifadəsində olan kanalizasiya borusuna axıtması nəticəsində həmin borunun mütəmadi olaraq tutulması və kanalizasiyada daşmaların baş verməsi barədə şikayət ünvanlamışlar. Sözügedən şikayət əsasında izahatlar alınmış, eləcə də "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin" PHŞ-nin Yasamal rayon su kanal idarəsindən müvafiq sənədlərin (müvafiq baxış aktı, rəy və ya digər sənədlər əlavə edilməklə) təqdim edilməsi xahiş edilmişdir. Ərazi sukanal idarəsi sorğuya müvafiq cavab məktubu ilə cavab verərək, şikayətdə qeyd edilən hallarla bağlı ı təsdiq etsə də, cavab məktubuna sadəcə olaraq xəbərdarlıq məktubu əlavə etmişdir. Bunun əsasında Bakı şəhəri Yasamal rayon prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilərək inzibati xəta haqqında iş üzrə icraat başlanmış və qərar əlavə edilmiş material ilə birlikdə aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, baş vermiş inzibati xəta hadisəsinin barəsində inzibati icraat aparılmış Şəxs tərəfindən törədilməsi işin faktiki vəziyyəti ilə müəyyən edilmir. Belə ki, “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarda və əlavə edilmiş materialda qeyd edilən inzibati xətanın nə zaman və hansı şəraitdə baş verməsi qeyd edilməmiş, eləcə də inzibati xəta hadisəsinin Şəxs tərəfindən törədilməsini təsdiq edən hər hansı mötəbər sübut (müvafiq baxış aktı, rəy və ya digər sənədlər) iş materiallarına əlavə edilməmişdir. Bununla yanaşı qeyd olunmuş inzibati xətanın olması və həmin inzibati xətanın Şəxs tərəfindən törədilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Qərarda qeyd olunan ümumi istifadədə olan kanalizasiya sisteminə tullantı sularının emalına və axmasına mane olan maddələrin axıdılması nəticəsində su təsərrüfatı qurğuları və avadanlığını zədələməklə, onların istismar qaydalarına riayət etməməklə bağlı foto və video görüntülər məhkəməyə təqdim olunmamış, əksinə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin məhkəməyə təqdim etdiyi fotoşəkillərə və videogörüntülərə məhkəmə tərəfindən baxış keçirilən zaman iaşə obyektində yağtutucu qurğunun olması, eləcə də restoranın kanalizasiya xəttinin binanın ümumi istifadəsində olan kanalizasiya xəttindən ayrı olması və ayrıca istismara verilməsi müəyyən edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi isə məhkəməyə bu halları təkzib edəcək hər hansı sübut, dəlil təqdim edə bilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, inzibati xətanın dispozitiv şərti olan və həmin halın mövcud olaması mötəbər sübutla təsdiq edilməli olan “təsərrüfatı qurğularının və avadanlığının zədələnməsi” baş verdiyi zaman şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı həmin hala dair heç bir mötəbər sübut aşkar edilməmişdir. Yasamal rayon su kanal idarəsinin məktubunda qeyd edilənlər konkret olaraq “Yasamal rayonu Azərbaycan prospekti 35 saylı binanın birinci mərtəbəsində yerləşən "Shaurma N1" restoranında yaranmış çirkab sulardan əlavə olaraq qıda yağ tullantılarıda axıdılır. Qeyd olunan yağların axıdılması zamanı, obyektin çıxış kanaizasıya xətti üzərində təmizləyici yerli (lokal, yağ tutucu) qurğular quraşdırılmadığı üçün tullantıların tərkibində yağlanmanın yüksək olması səbəbi ilə Azərbayçan prospektində mövcud kanalizasiya xəttində tez-tez tutulmalara səbəb olur. Bunun nəticəsində kanalizasiya xətlərinin istismar müddəti azalır və təmizlənməsində çətinliklər yaradır. Bu da öz növbəsində prospekt boyunca kanalizasiya lyuklarının tez-tez tutulmasına, çirkab suların prospektə və binanın daxili kanalizasiya sisteminə axmasına səbəb olur.” kimi yazılı mövqeyi (heç bir rəsmi sənən əlavə olunmadan) İXM-nin 264.0.2-ci maddəsinin dispozitiv şərtini təmin edən, sübut edən hal kimi qəbul edilə bilməz. Birincisi ona görə ki, həmin mövqedən çixış edilsə belə başa düşmək olar ki, Azərbayçan prospektində mövcud kanalizasiya xəttində tez-tez tutulmalara səbəb məhs sözü gedən iaşə obyektidir və bu inandırıcı hesab edilə bilməz, belə ki, həmin prospektdə minlərlə abonent vardır. İkinçisi belə bir nəticəyə gəlinməsinin hansı əsaslara söykənmiş olduğu məlum deyildir, ətrafda olan heç bir kanalizasiya quyusundan su nümunəsi götürülməmiş, ora axıdılan suyun analizi aprılmamış, iaşə obyektinin yaxınlığında olan çirkab suların axıdıldığı, töküldüyü quyudan nümunə götürülmədən, suyun tərkibi laboratoriyada araşdırmadan, suyun tərkibində yağ olması və prospekt boyunca kanalizasiya xəttində baş vermiş tutulmanın (həmin tutlmanın baş verdiyi gün, ay, il məlum deyildir) məhs həmin səbəbdən baş verməsinin qeyd oluması ağlabatan, əsaslı və inandırıcı hesab edilə bilməz. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 18 noyabr tarixli, 150 nömrəli qərarı ilə təsdiq edilmiş “Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 16-cı bəndinə görə hidrotexniki qurğunun vəziyyətini əks etdirən kəmiyyət və keyfiyyət göstəriciləri barədə məlumatlar dövlət reyestrinin müvafiq bölmələrini formalaşdıran və aparan dövlət orqanlarına aşağıdakı ardıcıllıqla verilməlidir: - dövlət nəzarətini həyata keçirən orqanın iştirakı ilə qurğunun vaxtaşırı müayinəsi barədə aktlar - 5 ildə bir dəfə; - hidrotexniki qurğunun təhlükəsizlik bəyannaməsi - təsdiq olunduqdan sonra; - qəza və nasazlıq barədə məlumatlar - baş verdikdə; - layihənin dəyişdirilməsi, yaxud qəza halları ilə əlaqədar aparılan yenidənqurma və təmir işləri barədə məlumatlar - iş aparıldıqda; - layihə məlumatları - layihə təsdiq olunduqdan sonra; - hidrotexniki qurğunun istismara qəbul edilməsi aktı - təsdiq olunduqdan sonra; - hidrotexniki qurğunun texniki vəziyyəti barədə məlumatlar - hər il nəzarət orqanının illik hesabatı əsasında.
17. Fəaliyyətdə olan və istismara qəbul edilən hidrotexniki qurğu müəyyən olunmuş müddət ərzində dövlət reyestrinə daxil edilməyibsə, "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən qurğunun təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən qurğunu istismar edən şəxslərə qurğunun dövlət reyestrinə daxil edilməsinin son müddəti göstərilməklə bildiriş göndərilir, bildirişdə göstərilən müddət ərzində qurğunu dövlət reyestrində qeydiyyatdan keçirməyən şəxslər barədə müvafiq tədbir görülür. Azərbaycan Respublikası Su Məcəlləsinin 1-ci maddəsinə əsasən: su təsərrüfatı obyekti — su ehtiyatlarının istifadəsi, bərpası və mühafizəsi ilə əlaqədar yaradılmış sistemlər və qurğular; su obyekti — relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji struktur; su ehtiyatları — su obyektlərində yerləşən, istifadə edilən və ya istifadə oluna bilən yerüstü və yeraltı suların həcmi; “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsinə əsasən kanalizasiya sistemi - yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir; Bundan başqa hazırki iş üzrə xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarda göstərilən inzibati xətanın pozulmasını təsdiq edən heç bir mötəbər sübut məhkəmə araşdırması zamanı müəyyən edilməmiş və iş materiallarına əlavə edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, "Shaurma № 1” iaşə obyektinin fəaliyyəti zamanı qanunvericiliyin tələblərinin pozulması, yəni ümumi istifadədə olan kanalizasiya sisteminə tullantı sularının emalına və axmasına mane olan maddələrin axıdılması nəticəsində su təsərrüfatı qurğuları və avadanlığını zədələməklə, onların istismar qaydalarına riayət edilməməsi “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar, şikayət, eləcə də məktub və izahatlar əsasında deyil, bu sahədə xüsusi biliyi olan mütəxəssisin və ekspertin rəyi ilə müəyyən edilir. İşdə olan sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar inzibati araşdırma aparılmadan tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, qida təhlükəsizliyi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci, 602-3-cü və 602-4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. 102.2. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. 102.3. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardadda aşağıdakılar göstərilir: 102.3.1. qərardadın tərtib edildiyi yer və tarix; 102.3.2. qərardadı tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 102.3.3. inzibati xəta haqqında iş üzrə icraatı başlamaq üçün səbəblər və əsaslar; 102.3.4. inzibati xətaya görə inzibati məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi. 102.4. İnzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır. 102.5. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. 102.6. İnzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Hazırki iş üzrə də, Bakı şəhəri Yasamal rayon prokurorluğu tərəfindən xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilərkən İXM-nin yuxarıda şərh edilən 102-ci maddəsinin tələbləri pozulmuşdur. Göstərilən səbəblərdən də, “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar və toplanmış digər materiallar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, törədilmiş əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsində nəzərdə tutulmuş təqsirliliyi sübuta yetirilməməsi əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.1.2, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Rəşad Cavadzadə