Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-811/2023 24.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1n və ünvan 2 ünvanında fəaliyyət göstərən (VÖEN **********) Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X9 Söbəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 215.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada xx.xx.2023-cü il tarixdə, saat 12:50 radələrində aparılan planlı yoxlama zamanı lisenziyadan kənar iş və (rentgen və implantologiya) fəaliyyəti aşkarlanmışdır. Protokol tərtib etmiş şəxs səlahiyyətli orqanın nümayəndəsi X5 məhkəmə iclasında protokolu müdafiə edərək göstərdi ki, ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada xx.xx.2023-cü il tarixdə, saat 12:50 radələrində aparılan planlı yoxlama zamanı lisenziyadan kənar iş və (rentgen və implantologiya) fəaliyyəti aşkarlanmışdır. Həmin faktla bağlı fotoşəkillər çəkilmişdir. Akt tərtib edilmişdir. Həmin sənədlər əsasında hazırkı protokol tərtib edilmişdir. Ona görə də inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X7 bildirdi ki, protokol əsassızdır. Belə ki, həqiqətən də ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada xx.xx.2023-cü il tarixdə, saat 12:50 radələrində yoxlama aparılmışdır. Yoxlama zamanı kabinetdə həqiqətən də rentgen aparatı olmuşdur. Lakin İXM-nin 215.1-ci maddəsinə əsasən lisenziya olmadan heç də stomatoloji kabinetdə rentgen aparatının olması, inzibati xəta kimi müəyyən edilməmişdir. Çünki İXM-nin 215.1-ci maddəsinə əsasən əgər rentgen aparatından lisenziya olmadan istifadə edilsəydi, onda inzibati məsuliyyət yarana bilərdi. Lakin həmin rentgen aparatı ilə fəaliyyət həyata keçirilməsi, rentgen aparatının işlədiylməsi faktı aşkar edilməmişdir. Yoxlayıcılar yalnız kabinetdə həmin rentge aparatının olmasını aşkar etdikləri üçün protokol tərtib etmişlər. Yoxlayıcılar araşdırmamışlar ki, həmin rentgen aparatı işək vəziyyətdədir, ya yox, həmin aparatla iş görülür, ya yox. Belə ki, həmin aparat əvvəllər alınmışdır və əvvəllər həmin aparatla xidmət göstərilib. Lakin artıq uzun müddətdir ki, yəni bir neçə ildir ki, həmin aparat işlək vəziyyətdə deyildir. Həmçinin həmin aparatdan istifadə etmək üçün lisenziya tələb edildiyindən, stomatoloji klinikanın isə belə bir lisenziyası olmadığı üçün, həmin aparatın təmir elətdirilməsinə marağı yoxdur. Bu səbəbdən də həmin aparat işlək vəziyyətdə olmadığı üçün, yoxlama aparılan vaxtı həmin aparatla hər hansı bir xidmət yerinə yetirilmədiyi üçün, inzibati xəta hadisəsi mövcud deyildir. Bu barədə səlahiyyətli orqan tərəfindən sübutlar toplanılmamışdır. Yoxlama zamanı müəssisənin rəhbəri rentgen aparatı ilə fəaliyyət göstərilməsi ilə razı olmamışdır. Göstərmişdir ki, 2019-cu ildən ümumiyyətlə fəaliyyət göstərmir. Həmin rentgen aparatının olduğu kabinet ümumiyyətlə bağlı olmuşdur, yoxlayıcılar üçün kabinet açılmışdır. Həmçinin implantollgiya ilə də məşğul olma göstərilsə də, faktiki olaraq nə yoxlama zamanı, nə də ümumiyyətlə məhkəməyə təqdim edilmiş sübutlar içərisində kiməsə, hansısa məbləğdə implant qoyulması, bu barədə xidmət göstərilməsinə dair sübutlar təqdim edilməmişdir. Buna görə də MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur. Onun həmin aparatla fəaliyyət göstərməsi sübut olunmur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X9 Söbəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 215.1-ci maddəsi ilə inzibati icraatın aparılmasına səbəb olmuş və protokolla birlikdə məhkəməyə göndərilmiş inzibati xəta haqqında işin materiallarından görünür ki, protokol VÖEN ********** olan Şəxs MMC barəsində tərtib edilmişdir. İş üzrə müəyyən edilir ki və tərtib edilmiş protokoldan da görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən stomatoloji kabinetdə yoxlama aparılmışdır. İş materiallarında olan Səhiyyə Nazirliyi “Analitik ekspertiza mərkəzi” Publik hüquqi şəxsin 74 saylı, xx.xx.2023-cü il tarixli Planlı (Növbəti) Yoxlama aktına əsasən Şəxs MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən klinikada planlı yoxlama aparılmışdır. X1, X8 və X10 aparmışlar. Yoxlama aktında yoxlayıcıların qeydi kimi yazılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, ev 12 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada planlı yoxlama keçirilərkən lisenziyada göstərilən işlərdən kənar tibb fəaliyyəti aşkar edilmişdir (implantologiya, rentgen). Məhkəmə qeyd edir ki, İXM-nin 215.1-ci maddəsindəki inzibati məsuliyyətin yaranması üçün, özü-özlüyündə həmin müəssisədə qurğunun olması faktı kifayət etmir. Belə ki, İXM-nin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Yəni həmin maddəyə əsasən lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyət həyata keçirilməlidir ki, həmin fəaliyyət inzibati məsuliyyətə səbəb olsun. Hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxs lisenziya olmadan, rentgenoloji fəaliyyətlə məşğul olmaqda təqsirləndirilirsə, onda həmin rentgen aparatı ilə iş görməsi faktının məhz hazırkı inzibati xəta üzrə sübut olunmağı ehtiyac olunan faktdır. Yəni həmin aparatla xidmət göstərilməli, iş görülməlidir ki, inzibati məsuliyyət yaransın. Lakin hazırkı protokolun tərtib edilməsində istifadə edilmiş sübut kimi iş materiallarına həmin qurğunun fotoşəkilləri əlavə edilmişdir. Həmin fotoşəkillər və iş üzrə toplanmış sübutlar, həmin rentgen qurğusu ilə məhz hər hansı bir işin yerinə yetirilməsi anını özündə əks etdirmir. Həmçinin yoxlayıcılar tərəfindən toplanmış sübutlar siyahısında, həmin qurğunun işlək vəziyyətdə olub-olmaması müəyyən edilməmişdir. Belə bir sübut ümumiyyətlə yoxlayıcılar tərəfindən əldə edilməmişdir. Beləliklə şəxs lisenziya olmadan rentgen aparatı ilə fəaliyyət göstərməkdə, yəni həmin aparatın istifadə edilməsində təqsirləndirilsə də, məhkəmədə qeyd edilən sübutla müəyyən edilir ki, ümumiyyətlə həmin aparat yararsızdır və buna görə də həmin aparatla fəaliyyət göstərmək və xidmət göstərmək mümkünsüzdür. Bunun əksini təsdiq edəcək sübut protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən toplanılmamışdır. Eyni ilə də məhz yoxlama dövründə implantolojiya ilə məşğul olma, hansısa pasiendə implant qoyulması, implant işlərinin görülməsinə dair, bunun müqabilində hər hansısa mənfəət əldə edilməsi, bu barədə kassa çeki, iş yerinə yetirilməsi, iş icra edilməsinə dair sübutlar mövcud deyildir. Bununla da barəsində protokol tərtib edilmiş şəxsin, həmin inzibati xətanı törətməsi ilə bağlı təqsirliliyi sübuta yetirilmir. Təqdim edilmiş sübutlar hüquqi şəxsin inzibati xəta törətməsinin təsdiqi üçün kifayət etmir, yaranmış zidiyyətli məqamlar onun xeyrinə həll edilməlidir. Yuxarıda qeyd edilmiş vəziyyətdə hüquqi şəxsin inzibati xəta törətməsi sübut olunmur. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-811/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-811/2023
24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver