Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-8161/2025 03.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X7, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 vəkili və eyni zamanda nümayəndəsi Vəkil iştirakları ilə, X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 23 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR İXM-nin 116.1-ci maddəsinə uyğun olaraq eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallan istisna olmaqla, həmin məcəllənin müvafiq maddələrində, həmçinin 539-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Göründüyü kimi İXM- də nəzərdə tutulmuş bu maddənin tələbi imperativ xarakter daşıyır və maddə özündə bunu ehtiva edir ki, həmin hallar ilə bağlı inzibati tənbeh vermə haqqında qərar yox, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Əlavə olaraq İXM-nin 25.7-ci maddəsinə əsasən bu məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Maddənin imperativ tələb olmasına baxmayaraq, DƏMX tərəfindən bu tələbə riayət edilməmiş, sırf “vəzifəli şəxsi cərimələmək niyətilə” bilərəkdən inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Lakin bəlli olur ki, qanunvericilik bu hallarda birbaşa inzibati tənbeh vermə haqqında qərarın tətbiqini istisna edir və hüquqpozmanın aradan qaldırılması üçün müddət verilməsini səlahiyyətli orqanın (DƏMX-nin) öhdəliyi olaraq müəyyən edir. Habelə, AR İXM-nə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır (135-ci maddə). Həmin məcəllənin 134.1.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərar ləğv edilərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Odur ki, səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar tamamilə İnzibati Xətalar Məcəlləsinin pozuntusu olduğundan ləğv edilməlidir. Çünki bu hal üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul olunmamalı idi. İXM-nin 57-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında "Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Həmin maddəyə görə sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Eyni məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Belə ki, müvafiq səlahiyyətli orqan, yəni X9 Xidməti tərəfindən qanunvericiliyin yuxarıda sadalanmış heç bir maddə üzrə tələblərinə əməl edilməmişdir, müvafiq müddəaları düzgün tətbiq etmədən, araşdırma aparmadan vəzifəli şəxsin barəsində qərar tərtib etmişdir. Göstərilən maddəyə riayət etməklə barəsində inzibati icraat aparılan şəxsə, yəni mənə heç bir sənəd təqdim edilməmişdir. Bundan başqa AR İXM-nin 116-cı maddəsi üzrə göstərilən maddələrə münasibətdə inzibati cərimənin şərti olaraq tərtib edilməsi üçün, yəni hüquqpozmanın aradan qaldırılması üçün müəyyən vaxt verilməsi təcrübədə baş verən hallardan irəli gəlir. Adı çəkilən orqan tərəfindən dəfələrlə ünvanımıza sorğular daxil olur, həmin sorğular üzrə müvafiq sənədlər həmişə tərəfimizdən təqdim edilir. Bu işgüzar münasibəti müvafiq səlahiyyətli orqan nəzərə almalı, əgər hər hansı çatışmazlığın olduğunu müəyyən etmişsə, bunun aradan qaldırılması məqsədilə vaxt verməli idi. İXM-in 116-cı maddəsinin də məqsədi məhz bundan irəli gəlir ki, əsassız yerə müəssisənin və vəzifəli şəxsin hüquqları pozulmasın. İXM-in 539-cu maddəsi üzrə inzibati tənbeh tətbiq edilərkən, 116-cı maddəyə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və hüquqpozmanın aradan qaldırılması üçün müddət verilməsi tələb olunur. 539-cu maddə üzrə pozuntu olsa da belə, səlahiyyətli orqan tərəfindən hüquqpozmanın aradan qaldırılması imkanının verilməsi üçün inzibati tənbeh vermə haqqında qərar yox, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməli, çatışmayan sənədlərin nə olması bildirilməli idi. Həmin müddət ərzində şəxs tərəfindən pozuntu aradan qaldırılmırsa, yalnız bu situasiyada inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Bundan başqa diqqətinizə çatdıraq ki, eyni məsələ ilə bağlı hüquqi şəxs "xxxx" MMC barəsində qərar tərtib edilməsi üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edilmiş, lakin iş geri qaytarılmışdır (3(004)-7605/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərar). Həmin qərarda qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, lıərnin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Lakin DƏMX tərəfindən edilmiş daha bir pozuntu bundan ibarətdir ki, həm protokol, həm də qərar tərtib edilməmişdən əvvəl barəsində inzibati icraat aparılan şəxsin izahatı alınmamışdır. Məlum məsələdir ki, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar tərtib edilməmişdən əvvəl mütləq həmin sənədlərin tərtib edilməsi ilə bağlı şəxsə bildiriş göndərilməli, həmin bildirişlə müvafiq görüşə dəvət edilməlidir. Görüşdə barəsində protokol və ya qərar tərtib edilən şəxsin izahatı alınmalı, işin halları ilə bağlı o, mütləq dinlənilməlidir. Əgər görüşlə bağlı bildiriş göndərilirsə belə, bu sənədin müəssisəyə çatıb-çatmaması araşdırılmalıdır. Bu halda belə, həmin bildirişin təqdim edilmə qaydasına AR İXM-nin 57-ci maddəsində qeyd edildiyi kimi əməl olunmalıdır. Ancaq inzibati xətalar məcəlləsinin 57-ci maddəsi üzrə nəzərdə tutulan imperativ tələblərə əməl etməyən səlahiyyətli orqan, əlavə olaraq həmin məcəllənin 116-cı maddəsini pozmaqla qanunsuz qərar qəbul etmişdir. X1 vəkili və eyni zamanda nümayəndəsi Vəkil Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Eyni zamanda bildirmişdir ki, əmək müfəttişliyindən daxil olmuş hər iki müraciət müvafiq qaydada cavablandırılmışdır, E.Şərifova barəsində olan əmək haqqı cədvəlləri tam şəkildə təqdim edilmişdir ona görə də barələrində qəbul edilmiş inzibati qərar qanunsuzdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X11 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Belə ki, vətəndaş X3 şikayəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli 3-17-5/2-64848/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-17-5/2-78234/2025 nömrəli göndərilərən məktublarda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin BŞİ-nə təqdim edilməsi tələb olunmuşdur. Məktubların xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə çatdırılmasına baxmayaraq müəssisə tərəfindən sənədlər natamam təqdim edilmişdir.Belə ki, müraciətdə X5 barəsində olan 2024-cü il üzrə əmək haqqı cədvəlinin təqdim edilməsi qarşı tərəfə bildirilsə də MMC tərəfindən yalnız bir ayın əmək haqqı cədvəli təqdim edilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzbati xətanı törətdiyinə görə X8 barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzbati xətanı törətdiyinə görə X8 barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmiş və cərimə şərti hesab edilmişdir. Həmin pozuntunun aradan qaldarılması üçün 10 (on) gün müddət müəyyən edilmişdir. "xxxx" MMC-nin çıxarışından görünür ki, SS929366047AZ saylı göndəriş üzrə məktub xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-yə çatdırılmışdır. İş materiallarında əlavə olunan 3-17-5/1-59543/2025 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 119/25 saylı məktubu DƏMX BŞİ-nə xx.xx.2025-ci lil tarixdə daxil olmuşdur və həmin məktuba X3 2024-ci il üzrə tabel cədvəli əlavə edilmişdir (məktubun özündə qoşma olan sənədlərin adları qeyd edilməmişdir). İş materiallarında əlavə olunan 3-17-5/1-49023/2025 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 89/25 saylı məktubu DƏMX BŞİ-nə xx.xx.2025-ci ildə daxil olmuşdur və həmin məktuba X3 əmək mqaviləsinin bildirişi əlavə edilmişdir (məktubun özündə qoşma olan sənədlərin adları qeyd edilməmişdir). Həmin Məcəllənin 539.3-cü maddəsinə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, X6 hazırda mübahisələndirilən inzibati qərar qəbul etməsində əsas görtürdüyü amil ondan ibarət olmuşdur ki, qarşı tərəf onların yuxarıda qeyd olunan məktublarına natamam cavab vermişdir. Belə ki, X3 şikayəti əsasında aparılan araşdırma zamanı "xxxx" MMC-dən həmin şəxs barəsində müvafiq məlumatlat o, cümlədən on iki aylıq əmək haqqı cədvəllərinin təqdim edilməsinə baxmayaraq MMC tərəfindən əmək müfəttişliyinə cəmi bir aylıq əmək haqqı cədvəli təqdim edilmişdir. Hazırda məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi əmək haqqı cədvəllərinin tam təqdim edildiyini bildirməsinə baxmayaraq məhkəməyə bununla əlaqədar mötəbər sübut verə bilməmişdir.Məhkəmə qeyd edir ki, MMC tərəfindən DƏMX-nə ünvanlanmış məktubların məzmunundan, eləcə də məktuba qoşma olaraq hansı sənədlərin əlavə edilməsi yazılmadığından həqiqətən də tələb olunan sənədlərin DƏMXnə göndərilməsini müəyyən etmək mümkün olmur. Tələb olunan sənədlərin tam qayada təqdim edilməsi ilə əlaqədar sübut etmə yükü MMC-də olduğundan və hazırda məhkəmə iclasında sənədlərin tam şəkildə dövlət orqanına çatdırılması təsdiq olunmadığından məhkəmə hesab edir ki, mübahisələndirilən qərara qanuni və əsaslıdır. Bununla da, X8 qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş və əmək qanunvericiliyinin tələblərini pozmaqla inzibati xətaya da yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzbati xətanı törətdiyinə görə X8 barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmiş və cərimə şərti hesab edilmişdir. Həmin pozuntunun aradan qaldarılması üçün 10 (on) gün müddət müəyyən edilmişdir. X8 eyni inzibati xətanın inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdiyindən onun barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-64848/2025 nömrəli sorğusu 7 (yeddi) iş günü müddətində cavablandırılmamış, eləcə də xx.xx.2025-ci il tarixli 3-17-5/2- 64848/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-17-5/2-78234/2025 nömrəli göndərilərən məktublar üzrə tələb edilən sənədlər natamam təqdim olunmuşdur. Bununla da X8 Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 539.3-cü maddəsinin tələbini pozmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 23 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X8in verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 23 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-8161/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-8161/2025
03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver