Məhkəmə qərarları › İş №3(004)-8281/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-8281/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-8281/2025 13.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsinin polis sahə inspektoru X4, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin X10 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şossesi, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsindən və Azərbaycan Respublikasının İXMin 327.2 və 333-1.1-ci maddələri ilə Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə müvafiq olaraq 13 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında 13 noyabr 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələbini pozmuşdur. Həmçinin Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 327.2 və 333-1.1-ci maddələri ilə müvafiq olaraq 12 noyabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında 12 noyabr 2025-ci il tarixli, İXP ******* saylı protokola əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 333-1.1-ci maddələrinin tələbini pozmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206, 510, 535.1, 327.2 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsinin polis sahə inspektoru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs 12 noyabr 2025-ci il tarixdə 20 Yanvar dairəsində idarə etdiyi avtomobillə işıqforun qadağanedici işığından keçdiyi üçün DYP əməkdaşları ona saxla işarəsi vermiş, sürücü isə avtomobilin surətini aşağı salaraq heç bir qayda pozmadığını bildirərək hərəkətini davam etdirmiş, ikinci dəfə də sürücü eyni hərəkətlərə yol vermiş, bu zaman patrul maşınlarının köməkliyi ilə saxlanılmışdır. Həmçinin Şəxs şöbədə olarkən də uca səslə şöbənin içində səs küy salaraq ünvansız nalayiq ifadələr işlətmiş, DİO əməkdaşlarının ünvanına, dövlət atributlarına söyərək şöbənin müvəqqəti saxlama yerinin qapısını təpiklə və yumruqla vurmuş, başını saxlama yerinin içərisində divara çırparaq özünə xəsarət yetirməyə çalışmış və növbətçi hissənin iş rejimini kobud şəkildə pozaraq polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər BPİ-nin X10 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 12 noyabr 2025-ci il tarixdə saat 19:10 radələrində 20 Yanvar dairəsində hərəkət zamanı İXM-nin 327.2-ci maddəsinin tələbini pozan Toyota markalı, 90FY310 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs saxla əmri vermiş, lakin o, saxla əmrinə tabe olmayaraq nalayiq sözlərlə, təhqiramiz ifadələr işlədərək hərəkətini davam etdirdiyi zaman avtomobilin sürəti aşağı olduğu üçün o, qapını açıb avtomobildə əyləşmək istəyəndə sürücü sürəti artırıb onu yarı avtomobildə olan vəziyyətdə və qapının açıq olmasına baxmayaraq hərəkətini davam etdirmək istəyərkən yaxında olan YPX köməkliyi ilə avtomobil saxlanılmışdır. Sürücü Şəxs protokol tərtib edilmiş və avtomobil duracağa yerləşdirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, DYP əməkdaşlarına qarşı tabesizlik göstərməmiş, DYP əməkdaşının saxla əmrinə tabe olaraq avtomobilini saxlamış, daha sonra onlara qırmızı işıqda keçmədiyini və əgər keçmişdirsə inzibati xəta haqqında protokolun ünvanına göndərilməsini bildirmiş, tələsdiyi üçün avtomobili hərəkət etdirən zaman DYP əməkdaşının avtomobilinin qapısını açaraq əyləşmək istədiyini görmüş, dərhal avtomobilin hərəkətini dayandırmışdır. DYP əməkdaşları onu avtomobildən düşürdərək bölməyə aparmışlar. Göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Suallara cavab olaraq bir müddət əvvəl narkotik vasitə istifadə etdiyini və bölmədə olarkən nalayiq ifadə işlətdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 13 noyabr 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələbini pozmuşdur. İnzibati xəta haqqında 12 noyabr 2025-ci il tarixli, İXP ******* saylı protokola əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 333-1.1-ci maddələrinin tələbini pozmuşdur. İnzibati xəta haqqında 12 noyabr 2025-ci il tarixli, İXP ******* saylı protokolun barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatı qrafasında olan yazıdan görünür ki, Şəxs bir daha nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etməyəcəyini, əməlindən peşman olduğunu bildirmişdir. 13 noyabr 2025-ci il tarixli, 1/1947 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs həmin tarixdə tibbi mayinədən keçirilən zaman onda marixuana qəbulu nəticəsində sərxoşluq vəziyyəti aşkar edilmişdir. “Tutma haqqında” 12 noyabr 2025-ci il tarixli, AZ ******* nömrəli protokoldan görünür ki, Şəxs 12 noyabr 2025-ci il tarixdə, saat 18:00-da tutulmuşdur. Şəxs polis şöbəsində verdiyi yazılı izahatından görünür ki, o, törətdiyi inzibati xətanı etiraf edərək, xx.xx.2025-ci il tarixdə Toyota Corolla markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə 20 Yanvar dairəsində hərəkətdə olan zaman DYP əməkdaşının saxla əmrinə tabe olmadığını, həmin vaxt həyəcanlı olduğu üçün avtomobili saxlamadığını, etdiyi əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəəciyini bildirmişdir. Diskdə olan görüntülərdən Şəxs idarə etdiyi avtomobillə işıqforun sarı işığında keçdiyi, həmçinin DYP əməkdaşlarının həmin avtomobilə saxla əmri verdiyi, sürücünün isə avtomobili saxladığı, sürücü ilə DYP əməkdaşı arasında olan qısa dialoqdan sonra DYP əməkdaşının sürücünün avtomobilinə qapısını açaraq əyləşmək istədiyi, lakin sürücünün avtomobili hərəkət etdirdiyi və digər DYP əməkdaşının xidməti avtomobil ilə sürücünün qarşısını kəsdiyi, daha sonra DYP əməkdaşlarının sürücünü avtomobildən çıxararaq öz xidməti avtomobillərinə əyləşdirdikləri görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxslərin izahatı, barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün izahatı, inzibati materialda olan raportlar, sərxoşluq vəziyyətinin müəyyən edilməsinə dair akt və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs AR İXM-nin 333-1.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs AR İXM-nin 333-1.1, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində həmin maddələrin sanksiyasının hüdudları daxilində əsas və əlavə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə istintaqı zamanı törətdiyi əməli etiraf etməməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi (AR İXM 33.1.1) onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. İşin halları ilə mübahisəsiz olaraq müəyyən olunur ki, Şəxs nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə etməklə idarə etmişdir. Şəxs narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə etməsi həmin inzibati xəta hadisəsinin yüksək ictimai təhlükəliliyi ilə digər inzibati xətalardan fərqləndirməyi məhkəmə zəruri hesab edir. Şəxs barəsində əlavə tənbeh tədbirinin tətbiq edilməməsi nəticəsində inzibati xətanın məqsədlərinə nail olmaq mümkün deyildir. Məhkəmə hesab edir ki, Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə əlavə inzibati tənbeh tədbirinin təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmadığını və ağırlaşdıran halın olmasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla, AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 535.1-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 12 noyabr 2025-ci il tarixdən, saat 18:00-dan hesablanmalıdır. Bununla yanaşı, 12 noyabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilən AR İXM-nin 327.2-ci maddəsi ilə məhkəmə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində AR İXM-nin 327.2-ci maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanın törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Belə olan məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material şəxsin əməlinə qiymət verilməsi üçün Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 09 ay müddətə məhdudlaşdırılmaqla, AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 535.1-ci maddəsi ilə barəsində 20 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material Şəxs AR İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinə qiymət verilməsi üçün Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinə göndərilsin. Həbsetmənin əvvəli 12 noyabr 2025-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X5 Saxlanılma Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar