Məhkəmə qərarları › İş №3(004)-829/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-829/2024

14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-829/2024 14.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X9 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs körpələr evi-uşaq bağçası MMC-nin qanuni təmsilçisi X4 iştirakı ilə, Şəxs körpələr evi-uşaq bağçası MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs körpələr evi-uşaq bağçası MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 01 fevral 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs körpələr evi-uşaq bağçası MMC tərəfindən vətəndaş X7 əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmişdir. Bununla da, Şəxs körpələr evi-uşaq bağçası MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs körpələr evi-uşaq bağçası MMC-nin qanuni təmsilçisi X8 özünü təqsirli bilməyərək izahatında göstərdi ki, X7 Şəxs körpələr evi-uşaq bağçası MMCdə işləmək üçün müraciət etmişdir. Bu səbəbdən onun sənədləri qəbul edilmiş və yoxlanılması üçün kardrlar üzrə mütəxəssisə təqdim edilmişdir. İki həftə ərzində gündəlik olmamaqla X3-sual edilməsi üçün, bəzi məlumatların dəqiqləşdirilməsi məqsədilə kadrlara gəlib-getmişdir. Lakin bu müddət ərzində o, hər hansı işlərin görülməsinə cəlb edilməmişdir. Daha sonra X5 xarakteri və iş təcrübəsi onların təşkilatı üçün uyğun olmadığından işə götürülməsindən imtina edilmişdir. Verilmiş suallara əsasən X8 izahatında əlavə olaraq qeyd etmişdir ki, ilk gündən X6 əmək müqaviləsi bağlamaq üçün lazım olan sənədlər tələb edilmişdir. Lakin, o lazımi sənədləri təqdim etməkdən boyun qaçırmış və buna görə də əmək müqaviləsi bağlanmamışdır. Dolayısı ilə onun öz təqsiri və işə götürülməsinə məsuliyyətsiz yanaşması səbəbiylə imtina edilmişdir. Göstərilənlərə əsasən X8 rəhbəri olduğu hüquqi şəxsin əməlində hər hansı bir xəta tərkibinin əlamətlərinin olmadığını bildirərək, Cəmiyyət barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 01 fevral 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs körpələr evi-uşaq bağçası MMC-nin Azərbaycan Respublikasının İXMnin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: - X7 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin rəisinə 21 dekabr 2023-cü il tarixdə ərizə ilə müraciət edərək, Şəxs körpələr evi-uşaq bağçası MMC-dən 11 oktyabr 2023-cü il tarixdən işdən çıxarıldığını, lakin 1 aylıq əmək haqqının 3 aydan artıq müddət ərzində ödənilmədiyini bildirmişdir. - X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi izahatında göstərmişdir ki, o, 29 avqust 2023-cü il tarixdə Şəxs körpələr evi-uşaq bağçası MMC-də müəllim köməkçisi vəzifəsinə işə cəlb edilmişdir. Onunla əmək müqaviləsi bağlanılması üçün zəruri olan sənədlər Şəxs körpələr evi-uşaq bağçası MMC-nin rəhbəri tərəfindən tələb edilmiş, o da lazımi sənədləri sənədləri təqdim etmişdir. Buna baxmayaraq onunla əmək müqaviləsi bağlanmamışdır. X2 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinə ünvanlanmış 25 yanvar 2024cü il tarixli müraciətdən müəyyən edilir ki, o, şikayətin araşdırılmasının dayandırılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə görə həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən həmin maddənin 2-1ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərə min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslərə üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə növündə tənbeh tədbiri təyin edilməklə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 18-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;

2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;

3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Hüquq nəzəriyyəsinə görə hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə, hüquqi şəxsin nizamnaməsinə (əsasnaməsinə, yaxud əmək müqaviləsinə) uyğun olaraq hüquqi şəxs üçün hüquq və vəzifələr yaradan qərarlar qəbul etmək, təşkilati-sərəncamverici və inzibatitəsərrüfat məzmunlu digər hərəkətlər etmək, məsələn hüquqi şəxsin adından müqavilə bağlamaq, işçini işə qəbul etmək və işdən azad etmək, hüquqi şəxsin əmlakına sərəncam vermək və s. səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə onun fəaliyyətinə bütövlükdə və ya onun fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə və sahələrinə nəzarət etmək səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin eyni vəzifəli şəxsi bəzən sadalanan səlahiyyətlərin birinə, ikisinə və ya bir neçəsinə eyni anda malik ola bilər. Hüquq nəzəriyyəsinə görə “hüquqi şəxsin törətdiyi inzibati xəta”, “hüquqi şəxsin əməlində inzibati xəta tərkibi” deyildikdə, yalnız hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fəaliyyət göstərmiş konkret fiziki şəxslərin inzibati xəta törətməsindən, onların əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasından söhbət gedə bilər. İnzibati xətalar qanunvericiliyinin məzmunundan da görünür ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi istisnasız olaraq konkret fiziki şəxslərin törətdiyi inizbati xətalarla əlaqələndirilmişdir. Belə ki, bu əlaqə onunla xarakterizə olunur ki, həmin xəta hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün törədilmiş olmalıdır. İnzibati xətanın hüquqi şəxsin xeyrinə törədilməsi dedikdə, həmin əməllə hüquqi şəxsə fayda gətirmək, onun maddi öhdəliklərini azaltmaq, onun maddi durumunu başqa formada yaxşılaşdırmaq məqsədilə törədilməsi kimi başa düşülür. İnzibati xətanın hüquqi şəxsin maraqlarının qorunması üçün törədilməsi dedikdə isə, inzibati xəta əməlinin hüquqi şəxsin müxtəlif xarakterli mənafelərənin müdafiəsi və təmin olunması məqsədilə törədilmiş olması başa düşülür. Bu cür maraqlar hüquqi şəxsin nəzarət orqanlarının yoxlamalardan kənarda qalmasını təmin etmədə və sair hərəkətlərdə ifadə oluna bilər. Beləliklə qanunvericiliyə görə hüquqi şəxsə tənbeh tədbirinin tətbiq edilməsinə əsas ola bilən fiziki şəxslərin konkret dairəsi müəyyən edilmişdir. Yalnız hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər; o cümlədən həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisinin törətdiyi inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Qeyd olunan hallara baxmayaraq hazırkı işin hallarından barəsində protokol tərtib edilmiş Şəxs körpələr evi-uşaq bağçası MMC-nin hər hansı vəzifəli şəxsinin onun mənafeyi naminə hərəkət etməsi öz təsdiqini tapmır. Eləcə də, işin faktiki halları ilə müəyyən edilir ki, X7 ilkin izahatında əmək müqaviləsi bağlanması üçün tələb edilən zəruri sənədləri təqdim etməsini göstərməsini bildirməsinə baxmayaraq buna dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsində aparılmış araşdırma zamanı buna dair sübutlar tələb edilməmişdir. Hətta işin halları ilə təsdiq edilir ki, X1 şikayəti üzrə araşdırmanın dayandırılmasını xahiş etmişdir. Buna baxmayaraq protokol tərtib etmiş X12 Xidməti Bakı şəhər İdarəsi yalnız X5 ilkin izahatına əsaslanaraq Şəxs körpələr evi-uşaq bağçası MMC barəsində İXM-nin 192.1-ci maddəsinə əsasən protokol tərtib etmişdir. İşin hallarından görünür ki, X5 real olaraq hər hansı işin yerinə yetirilməsi və xidmətin göstərilməsinə cəlb edilib-edilməməsi araşdırılmamışdır. X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən protokola sübut olaraq əlavə edilmiş “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılan yazışmalara münasibətdə qeyd edir ki, qeyd olunan yazışmanın konkret olaraq kimlər arasında aparılması ümumiyyətlə araşdırılmamış, yazışmada iştirak etməsi ehtimal edilən Şəxs körpələr evi-uşaq bağçası MMC-nin vəzifəli şəxsinin şəxsiyyəti müəyyənləşdirilərək izahatının alınması, qeydə alınmış məlumatların həqiqiliyi yoxlanılmamışdır. Odur ki, məhkəmə tərəfindən mənbəyi bəlli olmayan “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılan yazışmalar mötəbər sübut olaraq qəbul edilə bilməz. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X7 əmək müqaviləsi bağlanmadan Şəxs körpələr evi-uşaq bağçası MMC-də hər hansı işin yerinə yetirilməsinə və ya xidmətlərin göstərilməsinə cəlb olunması mövcud sübutlar əsasında sübuta yetirilmir və öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs körpələr evi-uşaq bağçası MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə törədilmiş inzibati xətaya münasibətdə təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsinin tərtib etdiyi 01 fevral 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 53, 106-112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ :

Şəxs körpələr evi-uşaq bağçası MMC-nin (VÖEN **********) barəsində 01 fevral 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar