Məhkəmə qərarları › İş №3(004)-83/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-83/2021

28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-83/2021 28.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı şəhər DYPİ-nin xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ-nin xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhər DYPİ-nin yol patrul xidməti baş inspektoru Bəhruz İsmayılov tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətaları Məcəlləsinin 211.1-ci maddəsi ilə 200 manat cərimə edilmişdir. Aşağıda göstərdiyi səbəblərə görə qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qərarda onun cərimə edilməyinə əsas kimi, guya xx xxxx 2020-ci il tarixdə xüsusi karantin rejimində SMS icazəsi olmadan küçəyə çıxmağı səbəb göstərilmişdir. Həmin xüsusatla bağlı qeyd etmək istəyir ki, Koronovirus pandemiyası ilə bağlı Respublikada tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar olaraq müvəqqəti işləmədiyinə görə, eləcə də ailəsində heç kim işləmədiyindən xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində yaşayan qohumugilə gedib maddi yardım almaq üçün "İcaze." SMS xidmətindən istifadə etmək qərarına gəlmişdir. Lakin həmin xidmət portalına SMS göndərmək təlimatını yaxşı bilmədiyinə görə şəxsiyyət vəsiqəni həyat yoldaşına verərək SMS-i göndərməyi ona həvalə etmişdir. Həmin tarixdə onun tərəfindən, mobil telefonunla "İcaze" SMS xidmətinə sms göndərilərək müvafiq icazə alındıqdan sonra o, bu SMS icazə əsasında təxminən saat 08:50-də Nərimanov rayonu ərazisində taksidə hərəkət edərkən yol patrul xidmətinin əməkdaşı onları saxlayaraq SMS icazənin olub-olmamasını yoxlamışdır. Yoxlama zamanı üzərində olan şəxsiyyət vəsiqəsinə və telefonundakı SMS icazəyə baxan polis inspektoru bildirdi ki, telefonundakı SMS-də göstərilmiş şəxsiyyət vəsiqəsinin nömrəsi ilə şəxsiyyət vəsiqəsinin nömrəsi uyğun gəlmir. Ona məlum olmuşdur ki, həyat yoldaşı ona məxsus telefonla göndərdiyi SMS-də şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin axırıncı rəqəmini səhv salaraq 3 əvəzinə 0 rəqəmi yazmışdır. Qeyd edir ki, həyat yoldaşının görmə qabiliyyəti zəif olmaqla, mənfi 9-dur. Ona görə də o, bilmədən, mexaniki olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin sonuncu rəqəmini səhv yazmışdır. Həmin gün o, yol patrul xidmətinin inspektoruna bu barədə şifahi izahat verərək SMS də olan bu anlaşılmazlığı izah etməyə çalışsa da, lakin o, onun dediklərinə əhəmiyyət verməyərək Azərbaycan Respublikasının İnzibati Xətaları Məcəlləsinin 211.1-ci maddəsi ilə ona 200 manat cərimə protokolu yazmışdır. Bununla da o, heç bir əsaslı araşdırma aparmamış, SMS-də göstərilən şəxsiyyət vəsiqəsi nömrəsinin kimə məxsus olmasını, eləcə də həmin şəxsin onunla hər hansı bir qohumluq və ya tanışlıq əlaqəsinin olub-olmamasını müəyyən etməmişdir. Yalnız bircə rəqəmin səhv yazılması səbəbindən vətəndaşı 200 manat cərimə etmək nə qədər düzgün ola bilərdi? Əgər SMS-dəki nömrələrin ən azı 2-si onun şəxsiyyət vəsiqəsi ilə uyğun gəlməsəydi yol patrul inspektorunu başa düşmək olardı. Burda isə yalnız axırıncı bir rəqəm uyğun gəlməmişdi. Qanunvericilin bu tələbləri yol polisi inspektoru tərəfindən pozulmuşdur. Həmin hadisə ilə bağı müraciəti əsasında Bakı şəhər Baş Polis idarəsi Dövlət X3 xx xxxxxx 2020-ci il tarixli, 046-40521A-3220 №-li cavab məktubunda isə heç bir araşdırma aparılmadan, eləcə də ondan müraciəti ilə əlaqədar çağırılıb izahat alınmadan barəsində tərtib edilmiş həmin protokolun əsaslı olması qeyd olunmuşdur. Göstərilənlərə əsasən Bakı şəhər DYPİ-nin xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi N.T.Axundov şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər DYPİ-nə lazımı qaydada məlumat verilsə də, Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbəri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhər DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, N.T.Axundov xx xxxx 2020-ci il tarixdə, saat 08:53 radələrində Bakı şəhəri, K.Rəhimov küçəsində olan zaman karantin rejim qaydalarını pozmuşdur. Ona görə də o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, N.T.Axundov xx xxxx 2020-ci il tarixdə, saat 08:53 radələrində Bakı şəhəri, K.Rəhimov küçəsində olan zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 120 nömrəli qərarı ilə ölkə ərazisində elan olunmuş xüsusi karantin rejimi dövründə tətbiq olunan hərəkət məhdudiyyətlərinə riayət etməyərək Qanunla müəyyən edilmiş qaydada icazəsi olmadan yaşayış yerini tərk etmişdir. Bu səbəbdən də N.T.Axundov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, N.T.Axundovun əməli düzgün olaraq Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələbinin pozuntusu kimi qiymətləndirilərək onun barəsində 200 manat məbləğində inzibati cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhər DYPİ-nin xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan N.T.Axundovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı şəhər DYPİ-nin xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar