Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-837/2021 12.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılzadə Turan Tahir qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347 və 469.3-cü maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bundan əlavə həmin hüquqi şəxsin mülkiyyətində olan avtomobil idarə edilərkən həmin avtomobilə görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş həmin QSC tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, müvafiq sorğu Şəxs QSC-yə daxil olmamışdır. Xəbərnamədəki imza cəmiyyətdə çalışan hər hansı bir əməkdaşa aid deyil. Göründüyü kimi Şəxs QSC-yə istinad edilən inzibati xəta hadisəsi yoxdur. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC mülkiyyətində olan nəqliyyat vasitələrini idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməmişdir. Bununla da Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına olan Bakı şəhəri Yasamal RPİ-nin Şəxs QSC-yə ünvanladığı sorğudan görünür ki, həmin QSC-dən mülkiyyətində olan “Mercedes Benz G63” (minik) markalı, **-AA- *** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxx 2021-ci il tarixdə, saat 13:33-də idarə edən sürücü barədə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin sorğusu ad və soyad göstərilməməklə naməlum şəxs tərəfindən qəbul edilmişdir. Bundan başqa xəbərnamə üzərindəki “SS685218546AZ” nömrəli ştrix kodu “xxxx" QSC-nin “http://www.azerpost.az” rəsmi saytındakı “Poçt göndərişlərinin izlənilməsi” xidməti vasitəsilə məhkəmə tərəfindən yoxlanılarkən müəyyən edildi ki, qeyd olunan sorğu xx xxxxxx 2021-ci il tarixdə ünvan sahibi Şəxs QSC-yə rəsmi qaydada çatdırılmışdır Həmin sorğunun qeyd edilən hüquqi şəxsə çatdırılmasına dair iş materiallarına poçt xəbərnaməsi əlavə edilsə də və həmin poçt xəbərnaməsində sorğunun hansı tarixdə imza edilməklə qəbul edilməsi, (xəbərnamədə onu imzalayan şəxsin soyadı və adı göstərilməmişdir) xəbərnamədəki imzanın kimə məxsus olması (soyadı, adı), xəbərnaməyə imza etmiş fiziki şəxsin həmin hüquqi şəxsə aidiyyəti (işçisi, səlahiyyətli nümayəndəsi olubolmaması) müəyyən edilə bilinmir. Bununla da qeyri müəyyən poçt xəbərnaməsi ilə hüquqi şəxsin inzibati məsuliyyətə səbəb olan və səlahiyyətli orqanın sorğusunun qəbul edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Sorğunun hüquqi şəxsə çatlırılması tam təsdiq edilmir, bununla da təqsirliliklə bağlı zidiyyətli və şübhəli məqamlar vardır. Həmçinin nəzərə alınmalıdır ki, xəbərnamədə yalnız imza edilmişdir, imza edən şəxsin soyadı və adı qeyd edilməmişdir. Belə bir vəziyyətdə həmin xəbərnamənin kimin imzaladığını müəyyən etmək qeyri-mümkündür. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibini yaradır. X3 haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydası İXM-nin 57-ci maddəsi ilə tənzimlənmişdir və həmin qaydalara əməl etməklə çatdırılmış sənəd rəsmi qaydada verilmiş sənəd hesab edilir. İXM-nin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İXM-nin 57.3-cü maddəsinə əsasən ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Beləliklə, 5 gün ərzində cavablandırılması tələb edilən sorğunun hüquqi şəxsə İXM-nin 57-ci maddəsinin tələblərinə uyğun rəsmi qaydada çatdırılması təsdiq edilmir. Təqdim edilmiş protokolun əsaslılığına dair hər hansı digər bir sübut təqdim edilməmişdir. Belə bir vəziyyətdə rəsmi qaydada çatdırılması təsdiq edilməyən sorğuya cavab verilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Bundan əlavə həmin protokolda İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Belə olduğu təqdirdə İXM-nin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir Beləliklə, İXM-nin sadalanan normalarına əsasən İXM-nin 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs barsində tərtib edilə bilər. Yəni əgər nəqliyyat vasitəsi hüquqi şəxsin mülkiyyətindədirsə, həmin nəqliyyat vasitəsi ilə İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş xəta törədilmişdirsə və həmin xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol həmin avtomobilin mülkiyyətçisi olan hüquqi şəxs barəsində tərtib edilə bilməz. Avtomobilin mülkiyyətçisi fiziki şəxs olduqda, onda həmin fiziki şəxs barəsində tərtib edilə bilər. Lakin hazırkı protokol hüquqi şəxs barəsində tərtib edilmişdir. Belə olduğu təqdirdə hüquqi şəxs həmin inzibati xətanın subyekti deyildir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan iş üzrə Şəxs QSCnin əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də Şəxs QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347 və 469.3-cü maddələri ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Yasamal rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən tərtib olunmuş xx xxxx 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs QSCnin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347 və 469.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-837/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-837/2021
12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver