Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-837/2025 27.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayətçi Şamilli Nicat Kamran oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) X3 Xidmətinin 12 yanvar 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamilli Nicat Kamran oğlu şikayətlə məhkəməyə müraciət edərək barəsində X3 Xidməti tərəfindən qəbul edilmiş 12 yanvar 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Kənar Dairəvi 4 ərazisində Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən ona məxsus “Geely Coolray” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili saxlanılmışdır. YPX əməkdaşları nəqliyyat vasitǝsini saxladıqdan sonra ona yaxınlaşaraq sənədlərini tələb etmiş və buna müvafiq sənədləri təqdim etmişdir. Daha sonra özünü təqdim etməyən polis əməkdaşı qayda pozuntusu etdiyini bildirmişdir. O isə öz növbəsində hər hansı qayda pozuntusu etmədiyini bildirmiş, sözügedən qayda pozuntusunun hansı vasitə ilə aşkar edildiyini həmin polis əməkdaşından soruşmuşdur. Polis əməkdaşı təhlükəsizlik kameraları vasitəsilə xətanın aşkar edildiyini bildirmişdir. O isə, “əgər xəta xüsusi texniki vasitə tərəfindən aşkar edilibsə və siz şəxsən xətanı aşkar etməmisinizsə nə üçün məni saxlamısınız” sualını vermişdir. Bu suala polis əməkdaşı tərəfindən cavab verilməmişdir. Daha sonra isə xidməti maşınına qayıdıb təkrar ona yaxınlaşmış və sənədlərini özünə qaytararaq, “ödəyərsən” deyə bildirmişdir. O hər hansı reaksiya vermədən hadisə yerindən uzaqlaşmışdır. Bundan təxminən 5 dəqiqə sonra ASAN Pay ödəniş sistemi vasitəsilə ona məxsus mobil nömrəyə cərimə barədə SMS daxil olmuşdur. Qərardan narazı olduğu üçün həmin gün, yəni xx.xx.2025-ci il tarixdə DİN-in “epolis” mobil tətbiqi vasitəsilə inzibati tənbeh haqqında qərardan şikayət vermişdir. Şikayətindən 15 gün keçməsinə baxmayaraq DİN tərəfindən müraciətimə baxılmamış, hər hansı bir tədbir görülməmiş, o cümlədən elektron qərarın kağız daşıyıcıda surətinin təqdim edilməsi barədə tələbi cavabsız qalmışdır. Göstərilənlərə əsasən X3 Xidməti tərəfindən qəbul edilmiş 12 yanvar 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs və inzibati xəta haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarında olan: X3 Xidməti tərəfindən qəbul edilmiş 12 yanvar 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Şamilli Nicat Kamran oğlu 12 yanvar 2025-ci il tarixdə saat 14:05-də “Geely Coolray” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı Kənar Dairəvi 4 ünvanında yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə – qırx manat məbləğində cərimə edilir. Qeyd edilən 12 yanvar 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə Şamilli Nicat Kamran oğlu tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş X3 Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şamilli Nicat Kamran oğlunun iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X2 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 Xidməti tərəfindən qəbul edilmiş 12 yanvar 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 Xidmətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şamilli Nicat Kamran oğlunun şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 Xidməti tərəfindən qəbul edilmiş 12 yanvar 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-837/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-837/2025
27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver