Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-8400/2025 17.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 26-cı polis bölməsinin polis sahə inspektoru X6, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin X14 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1975-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal RPİ-nin 26-cı polis bölməsindən və Azərbaycan Respublikasının İXM-in 327.3, 333.1 və 511.1.3-cü maddələri ilə Bakı şəhər Baş Polis İdarəsi X14 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri X15 İdarəsinin polis baş serjantı X4 tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş 16 noyabr 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:15-də «Lexus LS460 minik» markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 333.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Bundan başqa, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı polis bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə müvafiq olaraq 17 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında 17 noyabr 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhər BPİ-nin X14 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixində saat 19:57 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsində dövlət əhəmiyyətli tədbir zamanı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs YPX inspektorlarının qanuni tələblərinə əməl etməyərək avtomobili onların üzərinə sürmüş və bu hərəkətinə davam etmişdir. Daha sonra avtomobil radio cihaz vasitəsilə Nəsimi rayonu, Vaqif küçəsində saxlanılmış, yoxlama zamanı məlum olmuşdur ki, sürücü içkilidir. Sürücünün avtomobili duracağa təmin olunmuş, özü isə müayinəyə aparılmışdır. Müayinə mərkəzində sürücü polisin qanuni tələblərini pozaraq qaçmağa cəhd göstərmiş, polis əməkdaşlarının köməkliyi vasitəsilə sürücünün sərxoş olması faktı öz təsdiqini tapmış və polis əməkdaşlarının köməyi ilə Yasamal RPİ-nin 26-cı PB-nə təhvil verilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 26-cı polis bölməsinin polis sahə inspektoru X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs müayinə mərkəzində polisin qanuni tələblərini pozaraq qaçmağa cəhd göstərmiş, polis əməkdaşlarının köməyi ilə Yasamal RPİ-nin 26-cı PB-nə təhvil verilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus **-UD-*** dövlət qeydiyyat nişanlı Lexus markalı avtomobili ilə hərəkət edən zaman DYP-nın əməkdaşının saxla işarəsini sonradan görmüş, lakin hərəkətini davam etdirmişdir. Bundan sonra Nəsimi rayonu ərazisində YPX əməkdaşları onu saxlamış, spirtli içki qəbul etdiyi üçün onu müayinə mərkəzinə gətirmişlər. Ancaq o, müayinə zamanı polis əməkdaşlarına qarşı tabesizlik və qaçmağa cəhd göstərməmiş, onların qanuni tələblərinə tabe olmuşdur. Əməlindən peşman olduğunu və göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X14 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X1 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixində saat 19:57 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsində dövlət əhəmiyyətli tədbir zamanı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs onların qanuni tələblərinə əməl etməyərək avtomobili onların üzərinə sürmüş və bu hərəkətinə davam etmişdir. Daha sonra avtomobil radio cihaz vasitəsilə Nəsimi rayonu, Vaqif küçəsində saxlanılmış, yoxlama zamanı məlum olmuşdur ki, sürücü içkilidir. Sürücünün avtomobili duracağa təmin olunmuş, özü isə müayinəyə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X14 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X8 izahatında digər şahid Bakı şəhər BPİ-nin X14 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X1 ilə eyni məzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 16 noyabr 2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:15-də «Lexus LS460 minik» markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 333.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında 17 noyabr 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələbini pozmuşdur. 16 noyabr 2025-ci il tarixli, 2/2818 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs 16 noyabr 2025-ci il tarixdə tibbi müayinədən keçən zaman sərxoş olduğu müəyyən edilmişdir. Təlimata 5 saylı əlavə Avtonəqliyyat saxlanılma qəbulu barədə aktdan görünür ki, Lexus markalı, 10UD007 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi öz hərəkəti ilə duracağa gətirilmişdir. İnzibati qaydada tutma haqqında 16 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 16 noyabr 2025-ci il tarixdə saat 21:00-da tutulmuşdur. Məhkəməyə təqdim edilmiş videogörüntüdən DYP əməkdaşının yolu bağladığı, Şəxs yolun bağlandığını və polis əməkdaşının ona yola çıxmamasını işarə etməsinə baxmayaraq hərəkətini davam etdirərək həmin ərazidən uzaqlaşdığı görünür, bu zaman yolun səthi hissəsində avtomobil qəfildən hərkət etdiyi üçün təkər izlərinin olduğu müşahidə edilir. Məhkəmə inzibati xəta haqqında protokollara qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması və əməlinin konkret nədən ibarət olması iş materiallarında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, Şəxs polisin hansı qanuni tələblərinə tabe olmaması, tabe olmamanın nədə ifadə olunması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs X9 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hadisə zamanı ətrafda olan digər polis əməkdaşlarına qarşı tabesizlik göstərdiyini bildirsə də, həmin şəxslər (X2 və ittiham tərəfinin şahidi olmayan şəxsləri) şahid qismində məhkəməyə təqdim edilə bilməmişdir. Göründüyü kimi, polis orqanı tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətaları törətməsi göstərilmişdir. Şərh olunan əsaslara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi təqsiri sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi protokol tərtib etmiş orqanın nümayəndəsinin, şahidlərin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə yanaşı, sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı, videogörüntü və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən AR İXM-nin 327.3-cü maddəsi ilə məhkəmə qeyd edir ki, göstərilən maddələrdə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində AR İXM-nin 327.3-cü maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanın törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Belə olan məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material şəxsin əməlinə qiymət verilməsi üçün Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinə göndərilməlidir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, törətdiyi əməli etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin, Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Şəxs uzun illər AR Ədliyyə Nazirliyində çalışması, ictimai faydalı fəaliyyət göstərməsi və bu günə qədər nə inzibati xəta, nə də cinayət məsuliyyətinə cəlb edilməməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hallar kimi qiymətləndirilməlidir. Təqsirkarın əvvəlki hüquqa uyğun davranışı, cəmiyyətdə formalaşmış nüfuzu və dövlət qulluğu sahəsində uzunmüddətli fəaliyyəti onun barəsində daha yüngül tənbeh tədbirinin seçilməsini əsaslandıran mühüm amillərdir. Məhkəmə eyni zamanda təqsirkara aid yüngülləşdirici halların mövcudluğunu da nəzərə alır. Belə ki, Şəxs törətdiyi əməli tam etiraf etmiş, məsuliyyətini dərk etdiyini bildirmiş və səmimi peşmançılıq göstərmişdir. Bu davranış onun gələcəkdə oxşar pozuntulara yol verməmək niyyətini göstərir və inzibati məsuliyyətin məqsədlərinə, profilaktika və islah funksiyasına uyğun olaraq daha yüngül sanksiyanın tətbiqini zəruri edir. İş üzrə həmçinin şəxsin məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilməmişdir. Ağırlaşdırıcı hallar olmadıqda, yüngülləşdirici hallar mövcud olduqda və şəxsiyyət müsbət qiymətləndirildikdə daha sərt inzibati tənbeh xüsusilə də inzibati həbs tətbiq edilməməlidir. İnzibati həbs yalnız ictimai təhlükəliliyi yüksək olan hallarda və şəxsin davranışının gələcəkdə hüquq qaydalarını pozmaq riski yaratdığı vəziyyətlərdə tətbiq olunur. Hazırkı işdə belə bir risk sübuta yetirilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və AR İXMnin 34.3 və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 511.1.3-cü maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, yekun olaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddə ilə təqsiri sübuta yetirilmədiyindən xitam verilməli, onun AR İXM-nin 333.1 və 511.1.3-cü maddələri ilə təqsirli olması yuxarıda sadalan sübutlarla öz təsdiqini tapdığından o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində AR İXM-nin 34.3 və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 511.1.3-cü maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, AR İXM-nin 34.3 və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 511.1.3-cü maddəsi ilə barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin maddə ilə təqsirli olması sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Baş Polis İdarəsi X14 İdarəsinə göndərilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-8400/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-8400/2025
17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver