Məhkəmə qərarları › İş №3(004)-8413/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-8413/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-8413/2025 17.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞnin sahə inspektoru, polis baş leytenantı Rəsul Rəsulovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5, zərərçəkmiş şəxslər X1, X7, X2 və X3 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə, Axta rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 noyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən Şəxs təhqiqat qərarı əsasında polis şöbəsinə dəvət edilsə də polisin qanuni tələbinə tabe olmamışdır. Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Ruslan Əfəndiyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən X1 müraciəti əsasında Yasamal RPİ-nin 29-cü PŞ-də toplanmış HK-1/3680 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, X4 Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddələri ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı Rəsul Rəsulov tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə əraziyə həm də təhlükəsizliyi təmin etmək məqsədilə getmiş, orada Şəxs onun xidməti fəaliyyətinə maneçilik törədərək tabesizlik nümayiş etdirmişdir. Sözügedən faktları videogörüntülər təsdiq edir. Digər tərəfdən Şəxs xırda xuliqanlıqla bağlı əməli törətməsi həm təhqiqatın qərarı ilə, həm də iş materiallarına əlavə edilmiş səs yazıları ilə öz təsdiqini tapır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 bildirmişdir ki, Şəxs onların da yaşadığı evin daxili olduğu ümumi istifadə üçün nəzərdə tutulmuş keçid sahəsini qanunsuz olaraq zəbt etmiş, bir neçə ailənin sərbəst gediş-gəlişinə qəsdən mane olmuş, eləcə də mütəmadi olaraq ona, ailə üzvlərinə və digər qonşulara qarşı təhqir, hədə-qorxu və aqressiv davranış göstərmişdir. Eləcə də xx.xx.2025-ci il tarixdə polis əməkdaşları ərazidə olan zaman polisə qarşı zor tətbiq edərək tabesizlik nümayiş etdirmişdir. Qeyd edilən faktları səs yazıları və videogörüntülər təsdiq edir. Əlavə olaraq verilmiş suala cavab olaraq bildirmişdir ki, onların arasında yuxarıda qeyd edilən mübahisə predmeti barədə məhkəmənin icraatında mülki mübahisə mövcuddur. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində ağır inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər X12, X9 və X10 digər zərərçəkmiş şəxs X1 ifadəsinə oxşar məzmunda ifadələr verərək Şəxs barəsində ağır inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək, bildirmişdir ki, o heç kimin ünvanına təhqir və hədə səsləndirməmişdir. İctimai qaydanı pozacaq hər hansı əməl törətməmişdir. Nə demişdirsə öz mülkiyyətində olan evin daxilində demişdir. xx.xx.2025-ci il tarixdə sahə inspektoru tərəfindən onun hüquqları pozulmuş, mülkiyyətinə daxil olmasına icazə verilməmişdir. Həmin vaxt məhkəmənin hakimi tərəfindən əraziyə yerli baxış keçirilmişdir. Yerli baxış keçirilib yekunlaşsa belə, sahə inspektoru ona öz mülkiyyətinə daxil olmağa icazə verməmiş, buna etirazlarını bildirdiklərində yaşlı atasını vurmuş, ona qarşı kobud rəftar etmişdir. Qeyd edilənlərə əsasən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X11 Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, onların qonşuları ilə məhkəmədə mülki mübahisələri mövcuddur. Buna görə də münasibətləri yaxşı deyildir. Bundan istifadə edərək hər dəfə əsassız yerə onların barəsində polisə şikayətlər edirlər. xx.xx.2025-ci il tarixdə sahə məhkəmənin hakimi tərəfindən əraziyə yerli baxış keçirilmişdir. Yerli baxış yekunlaşdıqdan sonra da sahə inspektoru onların evlərinə daxil olmasına icazə verməmişdir. Bu zaman sahə inspektoru onlarla kobud rəftar edərək şəxsən onu vurmuşdur. Şəxs onun qızıdır. Onun heç bir günahı yoxdur. Qonşuların niyyəti onları şərləməkdir və polis də onlarla əlbirdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 da eyni məzmunda ifadə verərək digər şahid Ə.Bədəlovun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Ruslan Əfəndiyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X1 müraciəti əsasında Yasamal RPİ-nin 29-cü PŞ-də toplanmış HK-1/3680 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, X4 Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddələri ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında 17 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə qeyri müəyyən saat aralığında inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş səs yazılarına və videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman 17 noyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilənlər öz təsdiqini tapmışdır. “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş məlumatdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs subaydır və himayəsində xx.xx.2008-ci il təvəllüdlü Fərdi və Fəridə adlı iki yetkinlik yaşına çatmayan uşağı vardır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı Rəsul Rəsulov tərəfindən tərtib edilmiş 17 noyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu, eləcə də Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Ruslan Əfəndiyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarını nəzərdən keçirib, məhkəmədə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi, 17 noyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs inzibati xəta törətməsinə görə ilk dəfə məsuliyyətə cəlb olunmasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağını təkbaşına böyütməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və İXM-nin yuxarıda qeyd edilmiş 30.2-ci maddəsinin tələblərini nəzərə alaraq, hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, Şəxs barəsində daha ağır inzibati tənbeh növünün seçilməsi onun təkbaşına böyütməkdə olduğu iki yetkinlik yaşına çatmayan uşaqlarının üzərində valideyinlik öhdəliyi həyata keçirməsini (onların gündəlik ərzaqla təmin olunmasına, maddi rifahlarına, təlim-tərbiyyələrinə və s.) mümkünsüz etməklə bərabər, şəxsiyyət kimi formalaşma yaşında olan iki yeniyetməyə ciddi mənfi psixoloji təsir edəcəkdir. Odur ki, təkbaşına olaraq iki uşaq böyüdən ananın barəsində onun cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, həmçinin, hesab edir ki, Şəxs dərhal məhkəmə iclas zalından azad edilməlidir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, inzibati xəta haqqında iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə vəkilin dəvət edilməsini xahiş etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-8413/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə dövlət büdcəsi hesabına vəkil ilə təmin edilmiş, şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X11 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş 05 (beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 55 (əlli beş) manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 55 (əlli beş) manat məbləğində pul köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar