Məhkəmə qərarları › İş №3(004)-85/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-85/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-85/2021 09.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC mülkiyyətində (istifadəsində) olan “Toyota Camry” (minik) markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, “xxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-yə və protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada sürətli poçt qurumu olan “Azeri Express” vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin və protokol tərtib etmiş orqanın nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəməyə daxil olmuş xəbərnamələrdən müəyyən edilir ki, protokol tərtib etmiş Yasamal RPİ-nin DYPŞ-sinə məhkəmənin bildirişi rəsmi qaydada çatdırılmış, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin hüquqi ünvanına göndərilmiş məhkəmə bildirişləri şirkət ünvanda tapılmaması səbəbiylə çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Göstərilənlərə əsasən məhkəmə, Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxsin və protokol tərtib etmiş orqanın nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “xxxx” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin “xxxx” MMCyə ünvanladığı sorğu məzmunlu blanksız məktubdan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 11:09-da cəmiyyətin mülkiyyətində (istifadəsində) olan “Toyota Camry” (minik) markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən fiziki şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin sorğuya hansı idarəyə və ya ünvana cavablandırılması, onun tərtib edildiyi tarix, o cümlədən haqqında sorğu verilmiş xəta ilə bağlı hansı inzibati xəta haqqında protokol və ya qərar qəbul edilməsi bəlli deyildir və o, kargüzarlıq qaydalarına uyğun tərtib edilməmişdir. Sorğunun tarixi qeyd edilməsə də qeydiyyat nömrəsi əlyazısı ilə HQ333066 kimi göstərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş qurum tərəfindən həmin sənədin mötəbərliliyinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən barəsində protokol tərtib edilmiş hüquqi şəxsə göndərilməsi iddia edilən sözügedən blanksız və tarixi bəlli olmayan, dolayısı ilə İXM-nin 347-ci maddəsinin tərkibinin yaranmasına əsas olan sorğunun özü-özlüyündə qüsurlu olması və bu sorğuya cavab verilməməsi belə həmin xətanın tərkibinin yaranmasına əsas ola bilməz. Qeyd olunan xətanın tərkib əlamətlərinin yaranmasından ötrü səlahiyyətli qurumun sorğusu kifayət qədər dəqiq və ətraflı olmalıdır ki, ünvan sahibi ondan nə tələb edildiyini və sorğunu hansı müddətdə cavablandırılmalı olmasını dəqiq müəyyən edə bilsin. Sorğu dəqiq və ətraflı olduğu təqdirdə ona cavab verilməməsi xətanın tərkibini yarada bilər. Odur ki, cəmiyyətə ünvanlanmış qüsurlu şəkildə tərtib edilmiş sorğu sözügedən xətanın yaranması üçün əsas rolunu oynaya bilməz. Göstərilənlərlə yanaşı iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, müvafiq sorğu “xxxx” MMC-nin mülkiyyətində olan **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə bağlı Cəmiyyətin rəsmi hüquqi ünvanı olan Yasamal rayonu S.Tağızadə küçəsi ev 25 ünvanına xx xxxxxx 2020-ci il tarixdə göndərilmişdir. Xəbərnamədə əlyazma ilə onun HQ333066 qeydiyyat nömrəli sorğuya aid olması, sorğunun xx xxxxxx 2020-ci il tarixdə ünvan sahibinə çatdırılması və “Rzayev E” adlı şəxs tərəfindən qəbul edilməsi göstərilsə də, lakin həmin şəxsin barəsində protokol tərtib edilmiş hüquqi şəxslə nə kimi hüquqi bağlılığın olması qeyd edilməmişdir. Bundan başqa xəbərnamə üzərində xx.xx.2020-ci il və xx.xx.2020-ci tarixli poçt ştampları həkk edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar xəbərnamə üzərindəki poçt göndərişinin “SS681006360AZ” nömrəli ştrix kodu “xxxx" MMC-nin “http://www.azerpost.az” rəsmi saytındakı “Poçt göndərişlərinin izlənilməsi” xidməti vasitəsilə məhkəmə tərəfindən yoxlanılarkən müəyyən edildi ki, göndəriş xx xxxxxx 2020-ci il tarixdə qəbul olunmuş, xx xxxxxx 2020-ci il tarixdə isə mübadilə məntəqəsinə daxil olmuşdur. Lakin müvafiq portalda sorğunun ünvan sahibinə çatdırılmasına dair hər hansı bir qeyd mövcud deyildir. Yasamal RPİ-nin DYPŞ-sinin sözügedən “SS681006360AZ” nömrəli ştrix kodlu göndərişinin ünvan sahibinə çatdırılıb-çatdırılmamasının müəyyən edilməsi məqsədilə “xxxx” MMC-yə məhkəmə tərəfindən sorğu ünvanlanmışdır. Məhkəməyə daxil olmuş xx xxxxxx 2021-ci il tarixli 103-2-11-1-138 nömrəli cavab məktubundan müəyyən edilir ki, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən “xxxx” MMC-yə ünvanlanan SS681006360AZ” ştrix kodlu xəbərnaməli məktub xx xxxxxx 2020-ci il tarixdə 122 saylı poçt şöbəsində qəbul olunaraq ünvanı üzrə göndərilmiş, lakin təşkilat həmin ünvanda tapılmadığı üçün mövcud qaydaların tələblərinə uyğun olaraq çatdırılmadan geri qaytarılmışdır. Beləliklə, yuxarıda sadalanan sənədlərin müqayisəli təhlilindən görünür ki, Yasamal RPİ-nin DYPŞ-si poçt göndərişinə dair xəbərnamə üzərində sorğunun xx xxxxxx 2020-ci il tarixdə göndərilməsini qeyd etməsinə baxmayaraq, həmin xəbərnamə üzərindəki xx xxxxxx 2020-ci il tarixli poçt ştampından, “xxxx" MMC-nin “http://www.azerpost.az” rəsmi saytındakı məlumatdan və məhkəməyə verilmiş cavab məktubundan müəyyən edilir ki, sorğuya dair göndəriş xx xxxxxx 2020-ci il tarixdə poçt şöbəsinə daxil olsa da, lakin şirkət ünvanda tapılmadığından sahibinə çatdırılmadan geri qaytarılmışdır. Belə olan halda, xəbərnamənin kim tərəfindən imzalanması məhkəmədə kifayət qədər şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nəzdində olan X2 portalından çıxarışından müəyyən edilir ki, barəsində protokol tərtib edilmiş “xxxx” MMC-nin hüquqi ünvanı ünvan 2 İşə baxılması ilə bağlı müvafiq məhkəmə bildirişləri barəsində protokol tərtib edilmiş “xxxx” MMC-yə sürətli poçt qurumu olan “Azeri Express” vasitəsi ilə göndərilmiş, lakin məhkəmə bildirişi “bu ünvanda şirkət yoxdur” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə tərəfindən iş materialları tədqiq edilərkən müəyyən edilmişdir ki, protokol tərtib etmiş səlahiyyətli qurum olan Yasamal RPİ-nin DYPŞ-nin sözügedən sorğusu da “xxxx” MMCnin qeyd olunan hüquqi ünvanına göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, düzgün olmayan ünvana sorğunun çatdırılması özü-özlüyündə qeyri-mümkündür. Göründüyü kimi, Yasamal RPİ-nin DYPŞ-nin “SS681006360AZ” ştrix kodlu sifarişlixəbərnaməli məktubu ünvan sahibinə çatdırılmamış və göndəriciyə geri qaytarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, məktubun “Rzayev E” adlı şəxs tərəfindən qəbul edilməsinə dair iş materiallarına əlavə edilmiş xəbərnamə sübut olaraq qəbul edilə bilməz. Protokol tərtib etmiş qurum tərəfindən isə bunun əksini sübut edən hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 57.5-ci maddəyə əsasən inzibati xəta haqqında iş üzrə sənəd 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan və sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Göstərilənlərlə yanaşı iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilməmiş, hüquq və vəzifələrinin izah edilməsi, həmçinin tərtib edilmiş protokolun surətinin ona təqdim edilməsi və ya göndərilməsi təmin edilməmiş, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz müdafiə hüququnu qurmaqdan məhrum edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Lakin, hazırki işin hallarından müəyyən edilmişdir ki, “xxxx” MMC-nin mülkiyyətində (istifadəsində) olan avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın əldə olunması üçün Yasamal RPİ-nin DYPŞ-nin müvafiq sorğusu hüquqi şəxsə qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmi olaraq çatdırılmamışdır. Beləliklə, məhkəmə iş materiallarında mövcud olan şübhələri barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin xeyrinə həll etməklə hesab edir ki, hüquqi şəxs “xxxx” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində protokol tərtib edilmiş “xxxx” MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Ona görə də, “xxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC barəsində xx xxxxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli protokol üzrə Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar