Məhkəmə qərarları › İş №3(004)-854/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-854/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-854/2023 10.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Prokurorunun köməkçisi X13, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin hüquq şöbəsinin rəisi X8 iştirakları ilə, X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanovun xx.xx.2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin hüquq şöbəsinin rəisi X2 xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara etiraz edərək bildirmişdir ki, X18 Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin strukturuna daxil olan qurumdur. Digər tərəfdən X18 inzibati məsuliyyətə cəlb edilə bilməz ona görə ki, X1 Gömrük Hospitalı tərəfindən deyil AR Dövlət Gömrük Komitəsi tərəfindən Tibb Xidməti İdarəsinə təyin edilmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal Rayon Prokurorunun köməkçisi X3 xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək, X11 inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X11 barəsində tərtib olunmuş İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar əsaslıdır. Belə ki, işə əlavə edilmiş İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən X18 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. İş materiallarında olan X12 Cərrahiyyə və orqan Transplantasiyası şöbəsinin müdiri işləyən X4 izahatından görünür ki, o, tibbi fəaliyyətlə məşğul olmaq üçün müvafiq sertifikatsiya imtahanından keçmişdir, lakin sertifikatın vaxtı bitdiyindən hazırda kurs keçir ki, sertifikasiya imtahanını versin. X5 üzərində xx.xx.2022-ci il tarixdə əməliyyat icra etdiyi vaxt tibb fəaliyyəti ilə məşğul olmaq üçün ona verilmiş sertifikatın vaxtı keçmişdir. İş materiallarında olan 19 yanvar 2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Yasamal rayon prokurorluğunda X6 1975-ci il təvəllüdlü oğlu X10 xx.xx.2022-ci il tarixdə X11 həkimlərinin səhlənkarlığı nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılmışdır. Toplanmış 3-C-23 saylı material üzrə X5 X18” nda müalicə aldqıdan sonra aparıldığı X25 ölməsi faktında həkimlərin əməllərində cinayət tərkibi olmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının xx.xx.2021ci il tarixli N 69-K nömrəli əmrindən görünür ki, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinə uyğun olaraq Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin X14 heyətin Həkim- ümumi cərrahı KAZİMİ MİRCƏLAL MİRKAZİM oğlu "Abdominal travmalar" üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2021 il tarixdən xx.xx.2021 il tarixədək ADHTİ göndərilməsi əmr olunmuşdur. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, X18 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı bəndinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra İxtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Qanunun 49-1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Həmin Qanunun 59-cu bəndinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan iş materialları ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin X14 heyətin Həkim- ümumi cərrahı KAZİMİ MİRCƏLAL MİRKAZİM oğlunun sertifikasiyadan keçmədiyi öz təsdiqini tapmışdır. Belə ki, Yasamal rayon prokurorluğunda X6 1975-ci il təvəllüdlü oğlu X10 xx.xx.2022-ci il tarixdə X11 həkimlərinin səhlənkarlığı nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılmışdır. Araşdırma aparılan zaman xx.xx.2022-ci il tarixində K.Mircəlalın izahatı alınmışdır və məhkəmə hesab edir ki, həmin tarixdən praktik tibb fəaliyyəti ilə məşğul olan şəxsin müvafiq setrifikasiyadan keçmədiyi araşdırma aparan orqana məlum olmuşdur. Nəzərə alınsa ki, həkim səhlənkarlığı ilə bağlı cinayət işinin başlanılıb başlanılmamasının (cinayət işinin başlanmasının rədd edilməsi və ya edilməsi ilə) aşkar edilmiş inzibati xəta ilə bağlı X11 inzibati məsuliyyətə cəlb edilməsi arasında bir əlaqə və ya asılılıq yoxdur (yəni hər bir halda məsuliyyətə cəlb edilməli idi), deməli bu halda İXM-nin 38.3-cü maddəsi deyil, İXM-nin 38.1-ci və 38.2-ci maddələrinin tələbləri tətbiq edilməlidir. Həmin tarixdən bu günədək isə dörd aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, X18 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 105, 114 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X18 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar