Məhkəmə qərarları › İş №3(004)-855/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-855/2023

02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-855/2023 02.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X4 iclas katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X14i İdarəsinin nümayəndəsi X2, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Baş Polis İdarəsi (BPİ) X14 İdarəsinin (DYPİ) 13 dekabr 2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər BPİ-nin DYPİ-i tərəfindən qəbul edilmiş 13 dekabr 2022-ci il tarixli TP seriyalı ******* nömrəli X11 haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 02 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Mikayıl Müşfiq 28 üvanında polis əməkdaşları onu saxlayaraq işıqforun qırmızı işığında keçdiyini bildirmişlər, lakin o, bu barədə sübut tələb edəndə ona yoluna davam etməyini və əgər xidməti kameraya inzibati xəta qeyd olunubsa ona bu barədə kabinetinə məlumat verilməklə xəbər ediləcəyini bildirmişlər. Sonradan ona bu barədə sms bildiriş daxil olmuş lakin kabinetində onun xəta törətməyi barədə məlumat verilsədə hər hansı bir sübut və dəlil qeyd olunmamışdır. 02 oktyabr 2022-ci il tarixli TP ******* nömrəli tarixli X11 haqqında qərar barəsində şikayət əsasında iş yenidən baxılması üçün polis idarəsinə göndərilmişdir. Sonradan xx.xx.2022-ci il tarixli TP ******* nömrəli tarixli X11 haqqında qərar qəbul edilmiş, yenə də eyni hallar qeyd olunmuşdur. Əgər o həqqiqətən də inzibati xəta törətmişdirsə bunu polis əməkdaşı hardan bilir, əgər onun inzibati xəta törətməyi barədə protokol tərtib olunursa bu bir başa sübutla (foto və video görüntü) təsdiq olunmalı idi. Yalnız bir şəxsin şəxsi mülahizəsinə əsasən onun inzibati xəta törətməyi təsdiq oluna bilməz. Onun barəsində tərtib edilmiş inzibati protokol və qərar sonradan elektron kabinetə yerləşdirilsə də inzibati xəta hadisəsini təsdiq edən video və ya foto görüntü həmin kabinetdə yoxdur. Onun barəsində inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmədiyindən, müvafiq protokolun tərtib edilməsi anlaşılmazdır. Xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edildiyi ona telefon vasitəsi ilə bildirilsə də, həmin foto və ya video materiallar da elektron kabinetinə yerləşdirilməyib. Bu isə İnzibati Xətalar Məcəlləsinin 38.6-cı və 122.3.1-ci maddələrinə ziddir. Göstərilənləri nəzərə alaraq Bakı şəhər BPİ-nin DYPİ-nin tərəfindən qəbul edilmiş 13 dekabr 2022-ci il tarixli TP seriyalı ******* nömrəli X11 haqqında qərarı ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Bakı şəhər BPİ-nin DYPİ-i tərəfindən qəbul edilmiş 13 dekabr 2022-ci il tarixli TP seriyalı ******* nömrəli X11 haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X14i İdarəsinin nümayəndəsi X6 şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hadisə əks etdirin hər hansı foto və ya videogörüntü məhkəməyə təqdim edilə bilmir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, X5 əməlində İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində qəbul edilmiş 13 dekabr 2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş 13 dekabr 2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X5 02 oktyabr 2022-ci tarixdə saat 19:29-da “Hyundai Sonata” markalı **-XP- *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd edilən 13 dekabr 2022-ci il tarixli TP seriyalı ******* nömrəli X11 haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə sürücü X5 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hadisənin sxemi və videogörüntü məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Qeyd edilən 13 dekabr 2022-ci il tarixli TP seriyalı ******* nömrəli X11 haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, qərarda istinad edilən törədilməsi ehtimal olunan inzibati xətanın törədildiyi tarixdə yəni 02 oktyabr 2022-ci il tarixdə X3 “Hyundai Sonata” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “X12” Azərbaycan Respublikası Qanunun hər hansı müddəasının pozulması faktı sübütlarla öz təsdiqini tapmadığından onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xətanın törədilməsi sübuta yetirilmir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X14i İdarəsinin nümayəndəsi X6 tərəfindən 13 dekabr 2022-ci il tarixli TP ******* saylı qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi mümükün olmadığı bildirilmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibinin əlamətləri aşkar edilməmişdir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X14 İdarəsi tərəfindən qəbul edilmiş 13 dekabr 2022-ci il tarixli TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, həmin O.Xudiyev əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 şikayəti təmin olunsun. X5 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X14 İdarəsi tərəfindən qəbul edilmiş 13 dekabr 2022-ci il tarixli TP seriyalı ******* nömrəli X11 haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X14 İdarəsi tərəfindən qəbul edilmiş 13 dekabr 2022-ci il tarixli TP seriyalı ******* nömrəli X11 haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar