Məhkəmə qərarları › İş №3(004)-8577/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-8577/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-8577/2025 04.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Əsgərova Təhminə Xeybər qızının katibliyi, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakı ilə, 29 avqust 1982-ci ildə Qubadlı rayonu, Qəziyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 09 oktyabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. 09 oktyabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:03-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə göndərilmişdir. Belə ki, avtomobildə olan alət xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları olmamış, onun övladının oyuncağı olmuşdur. Göstərilənləri nəzərə alaraq barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Suallara cavab olaraq bildirmişdir ki, həmin aləti o, oyuncaq kimi sifariş etmiş, avtomobildə isə zaryetkaya taxmışdır. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 09 oktyabr 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:03-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Səlahiyyətli orqan tərəfindən iş materiallarına əlavə edilmiş videogörüntüdən “Daevoo” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsində hansısa alətin olduğu, həmin alətin cüzi şəkildə işıq verməsi görünür. Səlahiyyətli orqan tərəfindən iş materiallarına əlavə edilmiş digər videogörüntüdən həmin alətin musiqi dinlənilməsi üçün uşaq oyuncağı olduğu, qabaq hissəsində işıqları olduğu görünür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-7935/2025 saylı qərardadına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğu üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qaytarılmışdır. Göründüyü kimi protokol tərtib etmiş orqan tərəfindən yuxarıda adı çəkilən qərardadda qeyd olunan hallar araşdırılmadan yenidən məhkəməyə müraciət edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Məhkəmə qeyd edir ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tərkibini yaradır. Məhkəmə prosesində barəsində inzibati icraat aparılan Şəxs izahatında göstərmişdir ki, onun avtomobilinin ön hissəsində aşkarlanmış alət nə xüsusi (çoxavazlı) səs siqnalı, nə də sayrışan işıq siqnalı xarakterli qurğu olmayıb, övladına məxsus musiqili uşaq oyuncağı olmuşdur. Həmin oyuncağın avtomobildə yerləşdirilməsi sırf texniki zaryatka məqsədilə baş vermiş, alətin hər hansı siqnalvermə funksiyası olmamışdır. İştirakçı ifadə etmişdir ki, alət oyuncaq kimi sifariş edilib və avtomobilin qabaq hissəsində quraşdırılmayıb, sadəcə ön paneldə zaryatkaya taxılıb. İş materiallarında məhkəmə tərəfindən tədqiq edilmiş xx.xx.2025-ci il tarixli videogörüntülərin birincisindən görünür ki, “Daewoo” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsində müəyyən alət görünür. Lakin həmin alətin yaratdığı işıq effekti son dərəcə zəifdir, intensiv deyil, ritmik sayrışma xüsusiyyəti daşımır və yol hərəkəti iştirakçıları tərəfindən operativ nəqliyyat vasitəsi siqnalı kimi qəbul edilə biləcək səviyyədə heç bir vizual təsir göstərmir. Görüntüdə işığın avtomobilin qarşısına düşmədiyi, yol səthini və ya qarşıdan gələn nəqliyyat vasitələrinin diqqətini cəlb etmədiyi aşkar görünür. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş digər videogörüntüdə həmin alətin uşaq oyuncağı olması daha aydın şəkildə müəyyən edilir: alət sırf musiqi pleyeri funksiyasına malik oyuncaqdır, üzərindəki işıqlar isə dekorativ və zəif işıqlardır, xüsusi siqnal funksiyasına malik deyildir. Beləliklə, qeyd olunan halların məcmusu əsasında nəticəyə gəlmək olar ki, Şəxs barəsində başlanmış inzibati icraata əsaslı sübut və hüquqi tərkib olmadığı üçün xitam verilməsi qanuna və ədalət prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə protokol tərtib edilmiş şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-117, 128-130 və 342.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar