Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-868/2022 15.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən 18 noyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Azfilter” adlı mağazada epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə edilməməsi faktı aşkar edilmişdir. Bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin böyük DVM X3 tərəfindən 18 noyabr 2021-ci il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X2 izahatında bildirmişdir ki, fotoşəkillərdə olan şəxslər onların əməkdaşıdır. Hal-hazırda həmin şəxs onlarda çalışmır. Göstərilənləri nəzərə alaraq barələrində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçısı məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında vəsatət məhkəməyə verilməmişdir. Məhkəmə, İXM-in 112.1.4-cü maddəsinə əsasən protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. İş materiallarında olan 18 noyabr 2021-ci il tarixli aktdan görünür ki, 18.11.2021-ci il tarixdə, saat 11:15-də Yasamal rayonu, Tbilisi, ev 43 ünvanında yerləşən, vergi ödəyicisi hüquqi şəxs Şəxs MMC-nə məxsus təsərrüfat subyekti olan “Azfilter” adlı obyektdə Nazirlər Kabinetinin müvafiq Qərarlarının və İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərinin pozulması faktı tərəfimizdən aşkar edilmişdir. Belə ki, vergi ödəyicisinə məxsus obyektdə orada fəaliyyət və xidmət göstərən işçi tərəfindən qoruyucu vasitə tibbi maskadan istifadə etmədən xidmət göstərilmiş və bu fakt onların tərəfindən çəkilmiş fotoşəkillərlə öz təsdiqini tapmışdır. Vergi ödəyicisinin obyektdə olmaması səbəbindən onunla mobil telefon vasitəsi ilə törədilmiş inzibati xata barədə məlumatlandırılması məqsədi ilə əlaqə saxlanılmış, İXM-İn müvafiq maddələrinə uyğun olaraq hüquq və vəzifələri izah edilmiş, həmçinin vergi ödəyicisi obyektə dəvət olunmuşdur. Lakin vergi ödəyicisi heç bir üzürlü səbəb göstərmədən və əsaslarını bildirmədən, obyektə gəlməkdən imtina etdiyini bildirmişdir. Aşkar edilmiş pozuntularla bağlı vergi ödəyicisinin iştirakı olmadan tərtib ediləcək inzibati xəta haqqında protokol onun hüquqi ünvanına göndəriləcəyi vergi ödəyicisinə bildirilmişdir. Bu səbəbdən, vergi ödəyicisi tərtib ediləcək protokola imza etməsi və bir nüsxəsinin alması mümkün olmamışdır. Aktın düzgünlüyünü Rəcəbov Kənanın imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, mağaza əməkdaşları tibbi maskadan istifadə etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli 189 nömrəli qərarından görünür ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;
2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD- 19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.
3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr, vəzifəli şəxslər və vətəndaşlar: təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına, ətraf mühitin sağlamlaşdırılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli; dövlət sanitariya nəzarətini həyata keçirən orqanlara və idarələrə sanitariyaepidemioloji vəziyyət, radiasiya şəraiti və qəzalar haqqında dəqiq və dolğun məlumat verməlidirlər. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.12.2021-ci il tarixli 3(004)-3137/2021 nömrəli qərarına əsasən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 03.02.2022-ci il tarixli 3(103)- 263/2021 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmişdir. Şəxs MMC-nin barəsiondə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 3(004)-3137/2021 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqında iş yenidən baxılması üçün həmin Məhkəməyə qaytarılmışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Şəxs MMC barəsində təqsirli bilindiyi əməlin törədilmə müddəti 18 noyabr 2021-ci il kimi protokolda göstərilmişdir. Yəni Şəxs MMC 18 noyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Azfilter” adlı mağazada epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə edilməməsi faktı aşkar edilmişdir. Belə olduğu təqdirdə əməl 18 noyabr 2021-ci il tarixdə törədilmiş hesab edilir və həmin tarixdən 3 aydan çox müddət keçmişdir. Bakı Apelyasiya Məhkəməsi tərəfindən «Nimex” MMC barəsində 18 noyabr 2021-ci il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 11 fevral 2022-ci il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, «Nimex” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
«Nimex” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Rauf Daşdəmirov