Məhkəmə qərarları › İş №3(004)-869/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-869/2024

06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-869/2024 06.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X2 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin 10 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin 10 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə MN ******* saylı, 02 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X15 tərəfindən MN ******* saylı, 10 avqust 2023-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilərək mövcud hüquqpozmanın aradan qaldırılmaması təqdirində "xxxx" MMC-nin vəzifəli şəxsi kimi barəsində 1700 (min yeddi yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq ediləcəyi bildirilmişdir. Daha sonra, 25 yanvar 2024-cü il tarixdə Cəmiyyətə daxil olmuş 22 yanvar 2024-cü il tarixli, 3-17-5/2- 3429/2024 saylı məktubla müəyyən edilmişdir ki, MN ******* saylı, 10 avqust 2023-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qanuni qüvvəyə minmişdir və barəsində 1700 (min yeddi yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur və həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, vətəndaşlar X10 və X7 izahatları 06 may 2023-cü il tarixində alınarkən fakt aşkar edilsə də, əmək müqavilələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq fakt aşkar olunduğu gündən bir ay müddət keçdikdən sonra 09 iyun 2023-cü il tarixdə xitam verilmişdir. Qeyd olunanlarla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə MN ******* saylı, 02 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X15 tərəfindən MN ******* saylı, 10 avqust 2023-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilərək mövcud hüquqpozmanın aradan qaldırılması üçün 01 (bir) ay müddət müəyyən edilmişdir. Qeyd olunan müddət başa çatmamış, yəni 15 sentyabr 2023cü il tarixdə qeyd olunan hüquqpozmasının aradan qaldırılması barədə məlumat rəsmi qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmiş və 19 sentyabr 2023-cü il tarixdə qeyd olunan qurum tərəfindən təhvil alınmışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində inzibati araşdırma onların iştirakı olmadan gizlin şəkildə aparılmış və hüquqları kobud şəkildə pozulmuşdur. Əgər iştirakı təmin olunsa idi, müvafiq sübutları təqdim edə bilərdi. Bununla yanaşı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərarın qəbul edilməsindən 05 (beş) ay müddət keçdikdən sonra inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəsini alması və icraya yönəlməsi hüquqaziddir. Qanunla müəyyən edilmiş qaydada inzibati araşdırma aparmış orqana rəsmi məlumat verilmişdir. Qarşı tərəf isə 05 (beş) gün ərzində rəsmi qaydada ona məlumat verməli olduğu halda bu məlumatı verməmiş və əksinə 05 (beş) ay müddət keçdikdən sonra iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edərək kobud qanun pozuntusuna yol vermişdir. Göstərilənləri nəzərə alaraq 10 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati təbeh vermə haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X4 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq öz izahatında bildirmişdir ki, işçinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozulmaqla 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Göstərilənlərə əsasən qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Şikayət vermiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin 10 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən vətəndaşlar X10 və X6 izahatları xx.xx.2023-cü il tarixində alınarkən fakt aşkar edilsədə əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq aşkar olunduğu gündən bir ay müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixində xitam verilmişdir. X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinib barəsində 1700 (bir min yeddi yüz) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci bəndinə əsasən İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəfin izahatından məlum oldu ki, “X14 Kompleksi” MMC-nin direktor müavini X12 tərəfindən işçilər X10 və X6 əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndinin tələbləri nəzərə alınmadan 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilmiş bununlada Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 192.6-cı maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin 10 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X12in verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin 10 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar