Məhkəmə qərarları › İş №3(004)-8712/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-8712/2025

12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-8712/2025 12.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi ilə, Hüquqi ünvanı AZ1009, ünvan 1V» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamenti tərəfindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «Kamar B.V» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi 248721.41 (iki yüz qırx səkkiz min yeddi yüz iyirmi bir ABŞ dolları 41 sent) ABŞ dolları məbləğində vəsaiti 17 oktyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 248721.41 (iki yüz qırx səkkiz min yeddi yüz iyirmi bir ABŞ dolları 41 sent) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 18 oktyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə, eləcə də məhkəmə iclasının təxirə salınmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Lakin «Kamar B.V» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən EMİS vasitəsilə məhkəməyə yazılı etiraz ünvanlanmışdır. Etiraz onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının (bundan sonra “Qaydalar”) 4.3.1.3-cü maddəsinəəsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Bu maddə İnzibati xəta haqqında Protokolda vurğulanaraq iddiaların əsasını təşkil etmişdir. Lakin halların düzgün analizi aparıldıqda bu iddiaların əsassızlığı aydın olur. 2. X3. Ltd. Şirkəti və Nümayəndəlik arasında bağlanmış 22 avqust 2023-cü il tarixli Müqaviləyə uyğun hazırlanan invoysds bir sıra tibbi məhsullar öz əksini tapmışdır. 3. Bu müqavilədən daha öncə, 18 aprel 2018-ci il tarixində Nümayəndəlik Farmlend MMC arasında alqı-satqı müqaviləsi imzalamışdır. Müqavilənin 1.1 və 3.1-cü maddələrinin birgə oxunuşundan aşkar olur ki, Nümayəndəlik müqaviləyə əlavə ediləcək Əlavələrdə göstəriləcək malların Nesvijə (Minsk, Belarus) göndərilməsi üzrə öhdəlik götürmüşdür. 4. xx.xx.2018-ci il tarixli müqavilənin ardınca 21 iyul 2022-ci il tarixində Nümayəndəlik Farmlend MMC ilə Agentlik müqaviləsi bağlayaraq onun üçüncü şəxlərlə əvvəllər imzaladığı və gələcəkdə imzalayacağı alqı-satqı müqavilələrində Farmlend MMC-nin maraqlarının təminatı üçün agent kimi çıxış etməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli Müqavilənin 1.3-cü maddəsində qeyd edilir ki, “Farmlend MMC-nin maraqları naminə üçüncü şəxslərlə bağlanan bütün alqısatqı müqavilələrində və Nümayəndəliyin satıcı kimi və Farmlend MMC-nin alıcı kimi çıxış edərək bir-birilə bağladığı bütün alqı-satqı müqavilələrində Nümayəndəlik qeyd olunan müqavilələrdə göstərilən statusundan asılı olmayaraq, yalnız Agent-Vasitəçi rolunu oynayır.” Müqavilənin 3-cü maddəsində də göstərilir ki, bu kontekstlərdə bağlanan bütün müqavilələr üzrə ödənişləri Farmlend MMC Nümayəndəliyə ödəyir. Həmçinin Müqavilənin 1.4 və 4.3-cü maddələrində Qaydaların 4.3.2-1-ci yarımbəndinə istinad edilərək malların Azərbaycana daxil olmayacağı faktı vurğulanmışdır. 5. Lazımi məhsulların alınması üçün məbləği Agentlik Müqaviləsinin 3-cü maddəsinə müvafiq olaraq, Farmlend MMC Nümayəndəliyə ödəmişdir. Bu fakt xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarında öz təsdiqini tapır. 6. xx.xx.2018-ci il tarixli müqavilə eyni tərəflər arasında bağlanmış Agentlik müqaviləsinin kontekstində oxunduqda anlaşılır ki, Nümayəndəlik xx.xx.2018- ci ildəki müqavilənin Əlavəsində göstərilən və başqa tərəflə bağlanmış müqavilə əsasında “aldığı” məhsulu elə birbaşa Minskə göndərməlidir. Və həmin müqavilələrdə “alıcı” qismində göstərilməsi prosedurun məğzinə təsir edə bilməz, yəni Nümayəndəlik agent kimi çıxış edir və məhsullar Azərbaycana daxil edilməməlidir. 7. 18 aprel 2018-ci ildə imzalanmış alqı-satqı müqaviləsində bəhsi keçən Əlavələr aşağıdakıları ehtiva edir: - xx.xx.2024-cü ildə artırılmış 387 nömrəli Əlavə; - xx.xx.2023-cü ildə artırılmış 363 nömrəli Əlavə; - xx.xx.2024-cü ildə artırılmış 365 nömrəli Əlavə. Bu Əlavələrdə göstərilən məhsullar isə hazırda mübahisə predmeti olan X3. Ltd. Şirkəti və Nümayəndəlik arasında bağlanmış 22 avqust 2023-cü il tarixli Müqavilənin invoysunda göstərilərək gömrükdən keçən məhsullarla eynilik təşkil edir. 8. Bu fakt onu göstərir ki, Nümayəndəlik X3. Ltd. Şirkəti ilə bağladığı müqavilədə “alıcı” kimi göstərilsə də, Agentlik müqaviləsinin şərtlərinə uyğun olaraq, əldə etdiyi tibbi məhsulları vasitəçi kimi Minskə göndərməlidir. Bu reallıq А 20734/120124/0000235, А 06533/300424/0010922 və А 09123/140224/0001032 nömrəli gömrük bəyannamələrində də öz əksini tapmışdır. Belə ki, gömrük bəyannamələri eyni ilə Nümayəndəlik və Farmlend MMC arasında imzalanmış 18 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsinə artırılmış Əlavələrdəki məhsulları əks etdirir. Bu bəyannamələr malların Minskə daxil olduğunu təsdiq edir. 9. Müvafiq olaraq, artırılan yük daşıma vərəqələri də məhsulun hərəkətini aşağıdakı kimi göstərir: Göndərən: "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Malların götürüldüyü yer: UAB "xxxx", Litva Malların göndərildiyi şəxs: Farmlend MMC Malların göndərildiyi yer: Belarus, Nesvij 10. Demək, Nümayəndəliyin rolu məhz Farmlend MMC üçün vasitəçi rolu oynayaraq alqı-satqı müqavilələri imzalamaq, lazımi məhsulları əldə edib, təkrarən Farmlend MMC-yə təchiz etmək olmuşdur. Mallar artıq Azərbaycana daxil olmadan (Litvadan) təyinat nöqtəsinə (Nesvijə) çatmışdır. 11. Bu hallardan aydın olur ki, Qaydaların 4.3.1.3-cü yarımbəndinin ehtiva etdiyi qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalı şərtlərinin hazırki işə tətbiqi müvafiq ola bilməz. Nümayəndəliyin rolu məhz maliyyə vasitəçiliyi olduğundan Qaydaların 4.3.2-1-ci maddəsi tətbiq edilməlidir. Maddə malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyrirezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri nəzərdə tutulur. Bu maddə nəzdində isə iddiaların əsasını təşkil edən nə malların Azərbaycana idxalı, nə də ödənişin ölkəyə qaytırılması tələbi öz əksini tapır. 12. Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi, yəni “avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması” inzibati xətası hazırki işin hallarına tətbiq edilə bilməz. 13. Qeyd etmək labüddür ki, hazırki işin halları və hüquqi analizi xx.xx.2025-ci il tarixli, 3(004)-6284/2025 saylı iş ilə analogiya təşkil edir. Həmin işlər nəticəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üzrə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan “X1” ASC-nin xx.xx.2023-cü il tarixli 3 nömrəli ödəniş tapşırığından görünür ki, «Kamar B.V» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən xx.xx.2023-cü ildə EurogenPharmaPTE.LTD şirkətinin hesabına qabaqcadan 248721.41 (iki yüz qırx səkkiz min yeddi yüz iyirmi bir ABŞ dolları 41 sent) ABŞ dolları məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, «Kamar B.V» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi 248721.41 (iki yüz qırx səkkiz min yeddi yüz iyirmi bir ABŞ dolları 41 sent) ABŞ dolları məbləğində vəsaiti 17 oktyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 248721.41 (iki yüz qırx səkkiz min yeddi yüz iyirmi bir ABŞ dolları 41 sent) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 18 oktyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, «Kamar B.V» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi 248721.41 (iki yüz qırx səkkiz min yeddi yüz iyirmi bir ABŞ dolları 41 sent) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti avans yolu ilə 18 oktyabr 2025-ci il tarixdə “X1” ASC vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq 248721.41 (iki yüz qırx səkkiz min yeddi yüz iyirmi bir ABŞ dolları 41 sent) ABŞ dolları məbləğində valyuta vəsaiti müqabilində müvafiq malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim edilməmişdir. Halbuki, 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyrirezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan «Kamar B.V» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Mərkəzi Bankının İnzibati İcraat və Məhkəmə İşləri şöbəsinin səlahiyyətli əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolla, xx.xx.2023-cü il tarixli 3 nömrəli ödəniş tapşırığı və “X1” ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanan xx.xx.2025-ci il tarixli OUT- 08969-2025 nömrəli məktubla tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında «Kamar B.V» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə «Kamar B.V» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və onun tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Kamar B.V» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək (EP ******* saylı protokol üzrə) inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 248721.41 (iki yüz qırx səkkiz min yeddi yüz iyirmi bir ABŞ dolları 41 sent) ABŞ dolları məbləğinin 20 faizi miqdarında, yəni 49744.28 (qırx doqquz min yeddi yüz qırx dörd ABŞ dolları 28 sent) ABŞ dolları məbləğində (ödəniş gününə olan məzənnə üzrə manatla) cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı çıxarmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar