Məhkəmə qərarları › İş №3(004)-879/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-879/2021

12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-879/2021 12.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Dövlət Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev, ev 138, məhəllə 1023 olan Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Dövlət Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-in 447.0.9-cu maddəsi ilə xx.xx.2021-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs MMC tərəfindən istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtinin, xx.xx.2020-ci il tarixli zəmanət talonuna daxil edilmişdir. Protokol xx.xx.2021-ci il tarixdə tərtib edilib, məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) nümayəndəsi X5 bildirmişdir ki, vətəndaş X6 xx.xx.2021-ci il tarixdə Antiinhisar və X4 Dövlət Xidmətinə şikayət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə “Kontakt Home” mağazasından aldığı 3 ədəd fendə eyni qüsurun yarandığını, bu səbəbdən fenlərin qaytarılması barədə mağazaya müraciət etdiyini, mağaza tərəfindən malların ikisi qaytarılsa da, birinin qaytarılmadığını, bununla bağlı müəssisəyə etdiyi müraciətin nəticəsiz qaldığını bildirərək, istehlakçı hüquqlarının qorunmasına köməklik göstərilməsini xahiş etmişdir. Həmin şikayətin araşdırılması zamanı aşkar edilmişdir ki, Şəxs MMC tərəfindən qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlər müqaviləyə daxil edilmişdir. Bu səbəbdən də MMC barəsində qeyd edilən protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Həmçinin inzibati xəta vətəndaşın şikayətindən sonra aşkar edildiyindən, buna görə də İXM-nin 38.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti bitməmişdir. Bu səbəbdən də inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X7 bildirmişdir ki, hazırkı protokol vətəndaş X3 Antiinhisar və X4 Dövlət Xidmətinə etdiyi müraciətin araşdırılmasının nəticəsi üzrə tərtib edilmişdir. Vətəndaş şikayətində göstərmişdir ki, o xx.xx.2020-ci il tarixdə Şəxsun “Kontakt Home” mağazasından 3 ədəd fen almış və tərəflər arasında hamin tarixdə zəmanət müqaviləsi bağlanmışdır. Belə olduğu təqdirdə həmin tarixdən artıq 3 aydan çox vaxt keçmişdir. Bu səbəbdən də inzibati məsuliyyətə cəlb etmə müdditi bitmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan vətəndaş X3 xx.xx.2021-ci il tarixdə Antiinhisar və X4 Dövlət Xidmətinə daxil olmuş şikayətində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə “Kontakt Home” mağazasından aldığı 3 ədəd fendə eyni qüsurun yarandığını, bu səbəbdən fenlərin qaytarılması barədə mağazaya müraciət etdiyini, mağaza tərəfindən malların ikisi qaytarılsa da, birinin qaytarılmadığını, bununla bağlı müəssisəyə etdiyi müraciətin nəticəsiz qaldığını bildirmişdir. Hazırkı iş üzrə inzibati tənbeh tətbiq etmiş səlahiyyətli orqanın qərarında, törədilməsi ehtimal edilən inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin hansı tarixdən hesablanmasına ümumiyyətlə fikir bildirməmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi bildirmişdir ki, həmin inzibati xəta vətəndaşın müraciətindən sonra araşdırma zamanı aşkar edildiyi üçün, inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir və bunu İXM-nin 38.2-ci maddəsi ilə əlaqələndirmişdir. Məhkəmə inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, avadanlıq xx.xx.2020-ci il tarixdə satıldığından, inzibati xəta həmin tarixdə törədilmişdir və hazırda həmin vaxtdan 03 aydan çox müddət keçmişdir. Buna görə də bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçibkeçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixdə baş verməsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, inzibati xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Lakin hazırkı iş üzrə inzibati xəta uzunan və ya davam edən inzibati xətalara aid deyildir. Çünki hazırkı inzibati xəta konkret vaxtda törədilməklə bitir. Belə ki, hazırkı halda törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi konkret vaxtla bağlıdır. Yəni avadanlığın satılması tarixi ilə bağlıdır. Bu iş üzrə tarixin əhəmiyyəti vardır. Bundan əlavə, törədilməsi ehtimal edilən inzibati xəta aşkar inzibati xətadır və avadanlığın satılması aşkardır. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri bilir ki, nəzərə almaq lazımdır ki, 38.2-ci maddəsinə əsasən həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır kimi müddəa olsa da, həmin müddəanın tətbiqi ixtiyari bir inzibati xəta üçün və ixtiyari bir formada tətbiq üçün müəyyən edilməmişdir.

1. Həmin maddə yalnız davam edən inzibati xətalara münasibətdə əhəmiyyət kəsb edir.

2. Həmin maddə inzibati xətanın səlahiyyətli orqana aşkar olduğu vaxtı ehtiva etmir.

3. Həmin maddə inzibati xətanın səlahiyyətli orqanın aşkar etdiyi vaxtı da ehtiva etmir. Çünki səlahiyyətli orqan işi araşdırıb, müəyyən araşdırmadan sonra 1 ay, 3 ay və yaxud 1 ildən sonra da həmin xətanı aşkara çıxara bilər. Bu zaman bu hal heç də həmin inzibati xətanın araşdırmasının bitdiyi qeyd edilən 1 ay, 3 ay və yaxud 1 ildən sorakı həmin aşkarlanma tarixində aşkarlanmış hesab edilməsini göstərmir. Belə olduğu təqdirdə inzibati məsuliyyətə cəlb etmə müddətini tənzimləyən İXM-nin 38-ci maddəsinin və həmin cəlb etmə müddətinin bitməsi zamanı qəbul edilməli olan qərara dair İXM-nin 53.0.6-cı maddəsinin mənasını əhəmiyyətsiz edər.

4. Həmin maddə, davam edən inzibati xətanın ümumiyyətlə aşkara çıxarıldığı vaxtı ehtiva edir. Belə olduğu təqdirdə hazırkı mübahisə edilən inzibati xəta hər bir halda davam edən inzibati xəta deyildir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarından da görünür ki, "Davam edən hüquqpozuntular” və “Uzanan hüquqpozuntular” eyni növ inzibati xətalar deyildir, biri-birindən fərqləndirilmişdir, müxtəlif cür inzibati xətalardır. Uzanan və davam edən əməllər bir birindən fərqlənir, eyni deyildir. İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 38.2-ci maddəsinə əsasən həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Beləliklə, İnzibati Xətalar Məcəlləsi davam edən inzibati xəta ilə bağlı münasibətləri tənzimləyir. Həmçinin davam edən inzibati xətalara münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddətini müəyyən etmişdir. İXM analogiya üzrə tətbiq edilə bilmədiyi üçün, davam edən inzibati xətalara münasibətdə İXM ilə tənzimlənən inzibati məsuliyyətə cəlb etmə müddətini eyni ilə, İXM ilə tənzimlənməyən uzanan inzibati xətalara münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddəti kimi qəbul edilə bilməz. Uzanan inzibati xəta ilə bağlı inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-də tənzimlənmir. Belə bir norma İXM-də yoxdur. Belə bir norma dərc edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİİ hissəsinə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Konstitusiyanın həmin maddəsinin Vİİİ hissəsinə əsasən, normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Beləliklə, uzanan inzibati xətalara münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-nin 38-ci maddəsində ayrıca tənzimlənmədiyindən, həmin inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-nin 38.1-ci maddəsinə əsasən ümumi qaydada tənzimlənməlidir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə baş verməsi ehtimal edilən inzibati xəta ümumiyyətlə “Uzanan hüquqpozuntular”la bağlı inzibati xəta hesab edilmir.

Oxşar münasibətlər üzrə yuxarı instansiya məhkəməsinin oxşar təcrübəsi də formalaşmışdır. Həmçinin oxşar münasibətlər üzrə Konstitusiya Məhkəməsinin də qərarı mövcuddur. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Yəni bu cür inzibati xətalarda, xətanın səlahiyyətli orqanın aşkar edildiyi vaxtdan deyil, inzibati xətanın törədilmə vaxtından hesablanmaqla, inzibati məsuliyyətə cəlb etmə müddəti hesablanır.

Beləliklə yuxarıda sadalanan bütün halları ümumiləşdirərək, məhkəmə qeyd edir ki, hətta hazırkı iş üzrə törədilməsi ehtimal edilən inzibati xəta “Uzanan hüquqpozuntular”la bağlı inzibati xəta hesab edilsə də belə, uzanan inzibati xətalara münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-nin 38-ci maddəsində ayrıca tənzimlənmədiyindən, İnzibati Xətalar Məcəlləsinin analogiya üzrə tətbiqi qadağan edildiyindən, həmin inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-nin 38.1-ci maddəsinin 1-ci cümləsində müəyyən edilən 03 aylıq inzibati məsuliyyətə cəlbetmə ilə bağlı ümumi qaydada tənzimlənməlidir.

İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Lakin hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 03 ay müəyyən edilmişdir.

Ona görə də hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. İXM-in 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar