Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-8799/2025 24.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Kərimli Dinar Abbas oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1990-cı ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Şəmkir rayonu, Seyfəli ərazi dairəsi, Yuxarı Seyfəli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:40 radələrində Bakı şəhəri, Kənar Dairəvi yolda “BMW minik” markalı, **-YP-*** d.q.n. avtomobili idarə edərkən, avtomobilin üzərində olan lazımsız əlavə yazılara görə polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanıldığı zaman avtomobilin arxa yaylarına müdaxilə edildiyi məlum olmuşdur. Polis əməkdaşları ondan avtomobili duracağa təmin etməsini tələb etmişlər. O, buna məhəl qoymayaraq avtomobili duracağa təmin etməyəcəyini bildirmiş, polisin tələbinə qəsdən tabe olmamışdır. Polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələr də, o, polislərin tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs İXM-in 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin sahə inspektoru X3 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:40 radələrində Bakı şəhəri, Kənar Dairəvi yolda “BMW minik” markalı, **-YP-*** d.q.n. avtomobili idarə edərkən, avtomobilin üzərində olan lazımsız əlavə yazılara görə polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanıldığı zaman avtomobilin arxa yaylarına müdaxilə edildiyi məlum olmuşdur. Polis əməkdaşları ondan avtomobili duracağa təmin etməsini tələb etmişlər. O, buna məhəl qoymayaraq avtomobili duracağa təmin etməyəcəyini bildirmiş, polisin tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, DYP əməkdaşları maşın bazarının qarşısında yaxinlaşıblar, ona irad tutublar ki, maşının yayları qızdırılıb, arxası aşağı salınıb, o isə bununla razılaşmamışdır. Avtomobili 1 aydır alıb, BMW 39 kuza markalı maşındır. 1 aydır alıb və ustaya aparmışdır, hec bir problem yoxdur. Bildirdi ki, lazımdırsa mütəxəsislər baxış kecirsinlər, əl vurulmayib, özü belədir, onunla razılaşmayıblar, polisə aparıblar, 2 gündür polisdədir, betonun üstündə yatıb. Özü də hərbiçi olmuşdur, xəsarətləri var, əlillik yoxdur, söyüş söyməmişdir, 2020-ci ildə karantin dövründə meyvə satmağa gedəndə tutulub, 1 gün Qaradağda polisdə saxlayıblar və 100 man cərimələyiblər, 2 övladı var, biri də olacaq, Müşfiq Qəsəbəsində işləyir, oz ailəsi ilə və anası ilə birgə yaşayır. Peşmandır, əsəbi olmuşdur, amma haqsız yerə günahı olmadan 2 gun bölmədə betonun üstündə yatıb. Etdiyi əməldən peşmandır, hər kəsdən üzr istəyir. Məhkəmə iclasında iştirak edən BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının yol-patrul xidməti inspektoru X6 izahatında bildirmişdir ki, maşının saxlanma səbəbi hər iki tərəfində yazıların olması idi, yoxlama zamanı müəyyən olunub ki, maşının yayları qızdırılıb, arxası aşağı salınıb, vid ücün baxanda bir başa gözə carpır. Sürücüyə izah edib ki, hər iki hal yəni yazıların olması və maşının yaylarının qızdırılıb arxası aşağı salınıb vid verilməsi qadağandır. Yazıların silinməsi tövsiyyə xarakterli olur, yerində aradan qaldırılır, ancaq yaylarının qızdırılıb arxası aşağı salınmasına görə dayanacağa təmin edilməlidir. İzah edib razılaşmayıb, müxtəlif yersiz ifadələr istifadə edib, qanunun tələbinə tabe olmayıb, bildirdikləri videoda əksini tapıb, yerində protokol tərtib edilib və izah edilib ki, razılaşmaya bilər, onların protokolunu mübahisələndirib şikayət verə bilər, ancaq onlar qanunun tələbi ilə dayanacağa təmin edib sonra onun şikayəti əsasında dayanacaqda mütəxəssiz gəlib baxacaq, dəqiqləşdirərlər məsələni, 40-45 dəq vaxtlarını alıb, Çevik Polis cağırıb, onu aparıblar 28-ci Polis Bölməsinə, maşını isə dayanacağa təmin ediblər. Bölmədə də onlardan şikayət edəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının yol-patrul xidməti inspektoru X2 izahatında bildirmişdir ki, o da orada olmuşdur, X4 dediklərini təsdiq edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübuta yetirilir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 22 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 22 noyabr 2025-ci il tarixdə 13:50-də inzibati qaydada tutulmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmədə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi şəxsin özünün etirafı, xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol və toplanmış digər sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini etiraf edərək peşman olmasını, ailəli olmasını və himayəsində uşağın olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq, hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs dərhal zalda tutmadan azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-8799/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-8799/2025
24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver