Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-884/2023 16.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində İXM-nin 518.1-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X2 Yanğın Nəzarəti İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Lakin həmin protokol həmin məhkəmənin 3(030)-36/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin qərardadında işin Yasamal Rayon Məhkəməsinə göndərilməsi əsası kimi göstərilmişdir ki, Şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 31, məhəllə 3161-dir. Buna görə də MMC-nin direktoru vəsatət verərək işə MMC-nin hüquqi ünvanı üzrə baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə Göndərilməsini xahiş etmişdir. Ona görə də Daşkəsən Rayon Məhkəməsi hesab etmişdir ki, vəsatət təmin edilməli və MMC-nin hüquqi ünvanı Yasamal rayonu ərazisi olduğu üçün, həmin işə Yasamal Rayon Məhkəməsi baxmalıdır. Lakin həmin əsaslandırmanın hüquqi əsası və faktiki əsası ilə razılaşıla bilinməz. Buna görə də işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində həmin məhkəmənin qərardadındakı qeyd edilənlərlə (qərardakı mövqe ilə) fikir ayrılığı yaranır. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Hazırkı inzibati xəta haqqında protokol İXM-nin 518.1-ci maddəsindəki əmələ, yəni yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması əməlinə görə tərtib edilmişdir. Protokoldan da görünür ki, MMC barəsində Daşkəsən rayonu, Çovdar kəndində yerləşən Şəxs MMC-də keçirilən planlı YTM-nə zamanı xx.xx.2001-ci il tarixli 85 nömrəli Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 1.9.12, 8.3 və 4.4-cü bəndlərinin və 23-cü maddəsinin tələblərinin pozulması əməlinə görə protokol tərtib edilmişdir. Belə olduğu təqdirdə inzibati xətanın törədildiyi yer Daşkəsən rayonu ərazisindir. Hüquqi şəxsin hüquqi ünvanının harada olmasından asılı olmayaraq, bu cür inzibati xətanın törədildiyi yer, məhz yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması yeridir və bu cür inzibati xəta həmin ərazi üzrə törədilmiş olur. Belə olduğu təqdirdə inzibati xətanın törədildiyi yer, yəni həmin hüquqi şəxsə məxsus tikilinin (obyektin) yerləşdiyi yer Daşkəsən rayonu ərazisidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, inzibati xətalar iki qrupa bölünür: formal və maddi tərkibli xətalar. Formal tərkibli inzibati xətanın obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli inzibati xətalar qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir və məsuliyyətə cəlb etmək üçün ödənilməməsi və ya ödənilməli olan gömrük ödənişlərinin məbləğinin azaldılması və s. kimi mənfi nəticələrin baş verməsi mütləq deyil. Maddi tərkibli inzibati xətalarda isə xətanın obyektiv cəhətinə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən zərərli nəticə də daxil edilir. Maddi tərkibli inzibati xətalar üzrə məsuliyyətin yaranması üçün zərərli nəticənin baş verməsi tələb olunur və belə inzibati xəta tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə olmalıdır. Bu baxımdan ilkin olaraq inzibati hüquq pozuntusunun (hərəkət və ya hərəkətsizliyin) başa çatdığı vaxt, daha sonra baş verdiyi yer müəyyən edilməlidir. X1 Məhkəməsi qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxs tərəfindən hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir. Belə olduğu təqdirdə hazırkı inzibati xəta haqqında işin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində hüquqi şəxsin hüquqi ünvanının harada yerləşməsi əhəmiyyət kəsb etmir. Hüquqi şəxsin hüquqi ünvanının harada yerləşməsindən asılı olmayaraq, həmin hüquqi şəxsin təqsirləndirildiyi əməlin törədildiyi yer, İXM-nin 110.1-ci maddəsindəki yerdir. Düzdür İXM-nin 110.1-ci maddəsinin 2-ci cümləsi, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilməsi qeyd olunmuşdur. İş materiallarında belə bir vəsatət olmuşdur. Lakin protokol hüquqi şəxs barəsində tərtib edildiyindən, hüquqi şəxsin yaşayış yeri olmur. Ona görə də hüquqi şəxsə münasibətdə bu cür vəsatət istisna edildiyindən, inzibati xəta haqqında işə yalnız inzibati xətanın törədildiyi yerdə baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İXM-də məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 77.1-ci maddəsinə istinad olunmalıdır. CPM-in 77.1-ci mаddəsinə əsаsən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Həmçinin diqqətəlayiq hal kimi nəzərə alınmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Göründüyü kimi ölkənin daxili qanunvericiliyi, habelə yurisdiksiyasını tanıdığımız presedent hüququ ərazi üzrə məhkəmə aidiyyəti qaydalarına qeyd şərtsiz əməl edilməsinin vacibliyini birmənalı olaraq vurğulamışlar. Yuxarıda göstərilənlər işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə Daşkəsən Rayon Məhkəməsinin qərardadında qeyd edilənlərlə fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 110, 118, 129cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Daşkəsən Rayon Məhkəməsindən daxil olmuş Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-884/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-884/2023
16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver