Məhkəmə qərarları › İş №3(004)-890/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-890/2021

21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-890/2021 21.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Şəxs MTK-nın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MTK-nın Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MTK mülkiyyətində (istifadəsində) olan “X9” (minik) markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MTK barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MTK-nın etibarnamə üzrə nümayəndəsi X5 izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi kooperativin mülkiyyətində ümumilikdə iki nəqliyyat vasitəsi vardır ki, həmin nəqliyyat vasitələrindən biri “X9” (minik) markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilidir. Kooperativ tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrini, o cümlədən qeyd edilən “X9” (minik) markalı, **- AA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini xx xxxxxx 2021-ci il tarixədək istifadə edəcək sürücüsü barədə məlumatlar xx xxxxxx 2021-ci il tarixdə həm Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə, həm də Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinə rəsmi qaydada poçt vasitəsilə təqdim edilmişdir. Belə ki, qeyd olunan avtomobil AC50725 seriya nömrəli sürücülük vəsiqəsi olan X2 istifadəsinə verilmişdir. Göründüyü kimi, Kooperativ tərəfindən Şəxs MTK mülkiyyətində olan “X9” (minik) markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 anket məlumatları və sürücülük vəsiqəsinin rekvizitləri barədə səlahiyyətli qurumu xx xxxxxx 2021-ci il tarixdə məlumatlandırmışdır. Dolayısı ilə, səlahiyyətli qurum əvvəlcədən nəqliyyat vasitəsinin istifadəçisi olan sürücü X4 barəsində kifayət qədər məlumatlı olmuşdur. Azərbaycan Respublikası İXM-nin 123.1-ci maddəsinə görə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən bu barədə dərhal sorğu göndərilə bilər. Hazırki protokolun tərtib edilməsinə əsas olmuş sorğu, yəni xx xxxxxx 2021-ci il tarixdə İXM-nin 346.1-ci maddəsi ilə törədilmiş xəta ilə bağlı verilmiş sorğu, xətanın törədilməsindən dərhal sonra verilməli olduğu halda xx xxxxxx 2021-ci il tarixdə Şəxs MTK-ya rəsmi qaydada təqdim edilmişdir, baxmayaraq ki, artıq xx xxxxxx 2021-ci il tarixdə sürücü barədə BDYPİ-nə məlumat verilmişdir. Belə olan halda isə artıq səlahiyyəli orqan Yasamal RPİ-nin DYPŞ-si mərkəzi informasiya sistemi vasitəsilə sürücü barədə məlumatlı olduğundan, həmin sorğuya cavab verilməmişdir. X5 həmçinin bildirmişdir ki, Yasamal RPİ-nin DYPŞ-si yol hərəkəti qaydası əleyhinə olan törədilmiş eyni inzibati xətaya görə dəfələrlə, təkrarən bir neçə sorğu göndərmişdir ki, belə olan halda, artıq sürücü barədə məlumatlı olmalarına baxmayaraq təkrarən verilmiş sorğulara cavab verilməməsinə görə Kooperativ hər hansı bir məsuliyyətə cəlb edilə bilməz. Göstərilənlərə əsasən X5 hüquqlarını təmsil etdiyi Kooperativin barəsində Yasamal RPİ-nin DYPŞ-si tərəfindən İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş protokolun əsassız hesab olunmasını və Kooperativ barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MTKnın əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin Şəxs MTK-ya ünvanladığı sorğu məzmunlu məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 12:14-də cəmiyyətin mülkiyyətində (istifadəsində) olan “X9” (minik) markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən fiziki şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında “SS658803268AZ” ştrix kodlu xəbərnamədəki qeyddən görünür ki, sorğu xx xxxxxx 2021-ci il tarixdə ünvan sahibinə çatdırılmış və “Kərimov” soyadlı Şəxs MTK-nın əməkdaşı tərəfindən imza olunmaqla qəbul edilmişdir. Eyni zamanda, məhkəmə tərəfindən “xxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş xx xxxxx 2021-ci il tarixli 103-2-11/1/1087-21 nömrəli cavab məktubundan müəyyən edilir ki, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən B.Səfəroğlu 123 ünvanında yerləşən Şəxs MTK-ya göndərilən “SS658803268AZ” saylı ştrix kodlu sifarişli xəbərnaməli məktub xx xxxxxx 2021-ci il tarixdə 9 saylı PŞ tərəfindən müvafiq sənədə imza etdirilməklə ünvan sahibinə, yəni Şəxs MTK-nın nümayəndəsi vəkil Kərimova çatdırılmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, səlahiyyətli qurumun müvafiq sorğusu barəsində protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MTK-ya xx xxxxxx 2021-ci il tarixdə rəsmi qaydada çatdırılmış, lakin hüquqi şəxs tərəfindən sorğuya qanunla müəyyən edilmiş vaxtda cavab verilmədiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsinə dair xx xxxx 2021-ci il tarixli protokol tərtib edilmişdir. İş materiallarından həmçinin görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilməmiş, hüquq və vəzifələrinin izah edilməsi, həmçinin tərtib edilmiş protokolun surətinin ona təqdim edilməsi və ya göndərilməsi təmin edilməmiş, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz müdafiə hüququnu qurmaqdan məhrum edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Lakin, qeyd edilən xətanın tərkibinin yaranması üçün səlahiyyətli qurum tərəfindən hüquqi şəxsə müvafiq sorğunun göndərilməsi üçün yaranmış zərurətin obyektiv və subyektiv səbəbləri araşdırılmalıdır. Yəni dolayısı ilə səlahiyyətli qurum tərəfindən sözügedən sorğunun göndərilməsi üçün zərurət yaranmamışdırsa və protokol tərtib etmiş qurum xətanı törətmiş nəqliyyat vasitəsinin sürücü barədə məlumatlı olmasına baxmayaraq, yəni hər hansı zərurət olmadan səlahiyyətlərindən sui-istifadə hallarına yol verməklə sorğu verərsə və bu sorğuya qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinə görə hər hansı bir şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İXM-nin 123.1-ci maddəsinə görə həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəyə görə isə hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. 123.3-cü maddəyə görə Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi həmin Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin müvafiq vəzifəli şəxsi isə sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana məlumat verməlidir. Qeyd olunmalıdır ki, İXM-nin tələblərinə görə inzibati xətanın törədilməsi zamanı hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə, yəni son istifadəçi barədə məlumat müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində mövcud olduqda həmin hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən bu barədə sorğu verilməsi, həmçinin artıq sistemdə məlumat mövcud olmasına baxmayaraq verilmiş sorğuya cavab verilməməsinə görə hüquqi şəxs barədə məsuliyyət nəzərdə tutulmamışdır. Məhkəməyə təqdim edilmiş Yasamal RPİ-nin DYPŞ-nin Şəxs MTK-nın direktoru A.M.Fətullayev tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə və Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinə ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli 15/21 və 16/21 nömrəli məktublardan müəyyən edilir ki, Şəxs MTK-ya məxsus “X9” (minik) markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixədək sürücü X4 tərəfindən idarə edilməsi barədə məlumat verilmiş və məktublara qoşma olaraq sürücünün sürücülük və şəxsiyyət vəsiqələrinin surətləri əlavə edilmişdir. Məhkəməyə təqdim edilmiş “Express Courier Service” adlı xüsusi sürətli poçt daşıma və bağlamaların çatdırılması üzrə kuryer xidmətinin 001146 və 001147 nömrəli qəbzlərindən müəyyən edilir ki, Şəxs MTK-nın müvafiq xx.xx.2021-ci il tarixli məktubları həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə saat 12:00-da, Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinə isə 14:30-da çatdırılmışdır. İş materialları ilə müəyyən edilir ki, Yasamal RPİ-nin DYPŞ-nin MTK-ya ünvanlanmış müvafiq sorğusunun tərtib edildiyi tarix göstərilməmişdir. Qeyd edilən sorğu xətanın törədildiyi vaxtdan dərhal sonra, yəni xx xxxxxx 2021-ci il göndərilməli olmasına baxmayaraq, sorğu ünvan sahibi Şəxs MTK-ya xx xxxxxx 2021-ci il tarixdə çatdırılmışdır. Beləliklə, işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs MTK mülkiyyətində olan “X9” (minik) markalı, **- AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi olan X2 anket məlumatları və sürücülük vəsiqəsinin rekvizitləri barədə məlumatları mərkəzi informasiya sistemindəki həmin məlumatların həqiqiliyinə, yəni qeyd olunan məlumatları vaxtında sistemə yerləşdirmək və ya çıxarmaq vəzifəsi daşıyan yuxarı inzibati orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə, o cümlədən inzibati ərazi üzrə Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinə xx xxxxxx 2021-ci il tarixdə məlumat vermişdir. Belə olan halda hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinin sürücüsü barədə məlumatlı olan səlahiyyətli orqanın hər hansı bir zərurət olmadan buna dair hüquqi şəxsə tarixi bəlli olmayan sorğu ünvanlaması və həmin hüquqi şəxsin bu sorğuya 5 gün ərzində cavab verməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaratmır. Beləliklə, məhkəmə iş materiallarında mövcud olan şübhələri barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin xeyrinə həll etməklə hesab edir ki, hüquqi şəxs Şəxs MTK-nın əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MTK-ya münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MTK barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MTK barəsində xx xxxx 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli protokol üzrə Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar