Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-8975/2025 26.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞnin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixində Gədəbəy rayonunun Gər Gər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də satış üzrə nümayəndə işləyən, Tovuz rayonu, Qəribli Ə/D, Qəribli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, xx.xx.2025-ci il tarixdə saat 08:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi tərəfindən saxlanılmış bu zaman tərtib edilən protokola etiraz edərək avtomobili yolun hərəkət hissəsində saxlayıb avtomobildən düşərək polis əməkdaşlarına qarşı əl-qol hərəkətləri ilə ictimai yerdə ucadan ünvansız nalayiq söyüşlər söyərək polisin xidməti fəaliyyətinə mane olmuş, eləcə də polisin qanuni tələblərinə qarşı tabesizlik nümayiş etdirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə rəisi, polis mayoru X2 tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirmişdir ki, o, polisə qarşı hər hansı itaətsizlik göstərməmiş, sadəcə olaraq tərtib edilmiş protokola etiraz etmiş cərimənin silinməsini polisdən xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, ictimai yerdə hər hansı nalayiq ifadələr ifadələr işlətməmişdir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, onun barəsində cərimə tətbiq edildikdən sonra avtomobilə əyləşmiş və telefonla danışmışdır. Bu zaman polis əməkdaşı ona burada saxlamamasını və sürməsini bildirmişdir. O, isə telefonla danışmağa davam etmişdir və bi zaman digər polis əməkdaşı ona yaxınlaşaraq “sürüş burdan” demişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan yol-patrul xidməti alayının yol-patrul xidməti inspektoru, polis kiçik serjantı X3 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 08:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar ərazisində körpünün altında sürücü Şəxs idarə etdiyi “Volkswagen Jetta” minik markalı **-TR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə sərnişinləri düşürdərkən yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra Şəxs avtomobili yolun hərəkət hissəsində, avtomobillərin gediş-gəlişinə maneçilik törədəcək formada saxlayaraq telefonla danışmış, ona burada saxlamaması, sürüb getməsi bildirilsə də buna məhəl qoymamış, əksinə avtomobildən düşərək geri qayıtmış və əl-qol hərəkətləri ilə ucadan nalayiq söyüşlər işlətməklə onların xidməti fəaliyyətinə mane olmuş və qanuni tələblərinə tabe olmamışdır. Buna görə də onu saxlayaraq xidməti avtomobilə əyləşdirmişlər. Qeyd olunan faktları, yəni hadiəsinin videogörüntülərini özündə əks etdirən disk məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən edən Azərbaycan Respublikası DİN Bakı şəhər BPİnin DYPİ-nə bilavasitə tabe olan yol-patrul xidməti alayının yol-patrul xidməti baş inspektoru Rüstəmzadə Orxan da digər şahid İ.Bədəlzadənin ifadəsində qeyd etdikləri ilə eyni məzmunda ifadə verərək onun ifadəsini təsdiq etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci tarixdən, saat 08:30-dan inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş hadisənin videogörüntülərinə məhkəmə iclasında baxış keçirən zaman xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilənlər öz təsdiqini tapmışdır. O cümlədən təxminən 25 dəqiqə davam edən videonun 10-15 dəqiqəsi ərzində Şəxs idarə etdiyi avtomobili yolun hərəkət hissəsində saxlayaraq sərnişin düşürməsi, yol-patrul xidməti əməkdaşlarının ona yaxınlaşaraq barəsində protokol tərtib etməsi, daha sonra avtomobilin yenidən müəyyən müddət yolun hərəkət hissəsində hərəkətsiz qalması, bundan sonra polis əməkdaşlarının Şəxs irad bildirməsi, eləcə də Şəxs avtomobildən düşərək polis əməkdaşları ilə mübahisə etməsi, onun yolun hərəkət hissəsində saxladığı avtomobilinin ictimai nəqliyyatın və digər avtomobillərin hərəkətinə maneə yaratması, mübahisə zamanı insanların əraziyə toplaşması, Şəxs polis əməkdaşlarına müqavimət göstərməsi və polis əməkdaşları tərəfindən xidməti avtomobilə yerləşdirilməsi müşahidə edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmədə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol, şahid ifadələri, hadisənin videogörüntülərini özündə əks etdirən disk və toplanmış digər sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əvvəllər inzibati xəta törətməyə görə məsuliyyətə cəlb olunmaması halını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli, xx.xx.2025-ci tarixdən, saat 08:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2025-ci tarixdən, saat 08:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-8975/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-8975/2025
26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver