Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-902/2024 08.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-i tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş 08 fevral 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş 08 fevral 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin növbətçi hissəsinə daxil olmuş məlumata əsasən polis sahə inspektoru X1 rayonu, Əsəd Əhmədov küçəsində yerləşən “Bravo” marketin qarşısında özünü şübhəli aparan bir nəfər şəxsə yaxınlaşaraq özünü təqdim etmiş, o isə özünü təqdim etməyərək nalayiq küçə söyüşləri söyərək polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra həmin şəxs Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-yə gətirilmişdir. Şöbədə məlum olmuşdur ki, həmin şəxs Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü Şəxsdur. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olub imza etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru X4 protokolu müdafiə edərək bildirmişdir ki, 07 fevral 2024-cü il tarixdə saat 20:00 radələrində növbətçi hissəyə “Bravo” marketdə bir nəfər şəxsin özünü şübhəli aparması və marketdən oğurluq etmək niyyətində olması ilə bağlı məlumat daxil olmuşdur. Həmin əraziyə yaxınlaşan zaman polis əməkdaşı şübhəli şəxsə özünü təqdim etmiş və şübhəli şəxsdən də özünü təqdim etməsini tələb etmişdir. Lakin, şübhəli şəxs özünü təqdim etməkdən imtina etmiş və şəxsiyyətini müəyyənləşdirmək üçün PŞ-yə aparılacağını bildikdə isə qaçmağa cəhd etmişdir. Küçədə söyüş söyərək ictimai qaydanı pozmuşdur. PŞ-nə gətirildikdən sonra həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Həmçinin Şəxs PŞ-yə gətirildikdən sonra törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Göstərilənlərə əsasən, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri müəyyən edildiyindən inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Yasamal RPİ-nin 29cu PŞ-nin polis sahə inspektoru polis leytenantı X4 göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş xətaları törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 07 fevral 2024-cü il tarixdə axşam saat 20:00 radələrində polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmişdir. Həmin an öz-özünə nalayiq ifadələr işlətmiş, lakin bunu polis əməkdaşlarının ünvanına yox, sadəcə öz-özünə söyləmişdir. Marketdə olan zaman hər hansı bir oğurluq niyyəti olmamış və buna cəhd də etməmişdir. Hal-hazırda ayağında elektron nəzarət vasitəsi olan qandal var. Ailəlidir və 2 övladı var. Övladlarından biri xəstədir. Övladının xəstə olması, üzərində elektron nəzarət vasitəsi olması, ailəsinin kirayədə yaşaması səbəbindən 29-cu PŞ-yə aparılacağını bildirdikdə tərəddüd etmişdir. Əvvəllər narkotik vasitədən istifadə etsə də, sonradan bu vərdişindən imtina etmişdir. Hadisə baş verən zaman işlətdiyi nalayiq ifadələrə görə peşmandır. Əməlindən peşman olduğunu və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru Qərib Məmmədov tərəfindən tərtib edilmiş 07 fevral 2024-cü il tarixli raportdan görünür ki, 07 fevral 2024-cü il tarixdə saat 20:00 radələrində Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin növbətçi hissəsinə məlumat daxil olmuşdur. Məlumata əsasən Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru X1 rayonu, Əsəd Əhmədov küçəsində yerləşən Bravo marketin qarşısına yaxınlaşmış, orada olan bir nəfər şəxsə yaxınlaşaraq özünü təqdim etmiş, o isə özünü təqdim etməyərək nalayiq küçə söyüşləri söyərək polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra həmin şəxs Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-yə gətirilmişdir. Şöbədə məlum olmuşdur ki, həmin şəxs Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü Şəxsdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07 fevral 2024-cü il tarixdə saat 20:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və İXM-nin 34.3-cü maddəsinin tələbinə əsasən törədilmiş daha ağır inzibati xətaya görə barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 07 fevral 2024-cü il tarixdən saat 20:20-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-902/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-902/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver