Məhkəmə qərarları › İş №3(004)-903/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-903/2021

13.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-903/2021 13.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş 21 noyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, 21 noyabr 2020-ci il tarixdə saat 13:38-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus marketdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin pozulması faktı aşkar edilmişdir. Belə ki, təsərrüfat subyektində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblər pozularaq tibbi maskadan istifadə etməyən müştəriyə xidmət göstərilmişdir. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci (epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə və protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onların nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Odur ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, qeyd olunan 21 noyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün ilk dəfə məhkəməyə 01 dekabr 2020-ci il tarixdə daxil olmuş, lakin məhkəmə tərəfindən qəbul edilmiş eyni tarixli 3(004)-4098/2020 nömrəli qərardadla inzibati işdə məhkəmə baxışı zamanı aradan qaldırılması mümkün olmayan nöqsanlar sadalanaraq inzibati orqana geri qaytarılmışdır. Bundan sonra protokol məhkəmənin qərardadında göstərilən qüsurlar aradan qaldırılmadan növbəti dəfə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə 18 fevral 2021-ci il tarixli 3(004)-298/202 nömrəli qərardadı ilə əvvəlki, yəni 01 dekabr 2020-ci il tarixli 3(004)-4098/2020 nömrəli qərardadda sadalanan natamamlıqlar aradan qaldırılmadan işə məhkəmədə baxılması mümkün olmadığından protokol onu tərtib etmiş orqana geri qaytarılmışdır. Məhkəmənin 01 dekabr 2020-ci il tarixli 3(004)-4098/2020 nömrəli və 18 fevral 2021-ci il tarixli 3(004)-298/202 nömrəli qərardadlarından görünür ki, məhkəmə tərəfindən protokol tərtib etmiş orqanın diqqətinə çatdırılmışdır ki, “hüquqi şəxsin törətdiyi inzibati xəta”, “hüquqi şəxsin əməlində inzibati xəta tərkibi” deyildikdə, yalnız hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fəaliyyət göstərmiş konkret fiziki şəxslərin inzibati xəta törətməsindən, onların əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasından söhbət gedə bilər. İnzibati xətalar qanunvericiliyinin məzmunundan da görünür ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi istisnasız olaraq konkret fiziki şəxslərin törətdiyi inizbati xətalarla əlaqələndirilmişdir. Belə ki, bu əlaqə onunla xarakterizə olunur ki, həmin xəta hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün törədilmiş olmalıdır. İnzibati xətanın hüquqi şəxsin xeyrinə törədilməsi dedikdə, həmin əməllə hüquqi şəxsə fayda gətirmək, onun maddi öhdəliklərini azaltmaq, onun maddi durumunu başqa formada yaxşılaşdırmaq məqsədilə törədilməsi kimi başa düşülür. İnzibati xətanın hüquqi şəxsin maraqlarının qorunması üçün törədilməsi dedikdə isə inzibati xəta əməlinin hüquqi şəxsin müxtəlif xarakterli mənafelərinin müdafiəsi və təmin olunması məqsədilə törədilmiş olması başa düşülür. Bu cür maraqlar hüquqi şəxsin nəzarət orqanlarının yoxlamalardan kənarda qalmasını təmin etmədə və sair hərəkətlərdə ifadə oluna bilər. Beləliklə, qanunvericiliyə görə hüquqi şəxsə tənbeh tədbirinin tətbiq edilməsinə əsas ola bilən fiziki şəxslərin konkret dairəsi müəyyən edilmişdir. Yalnız hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər; o cümlədən həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisinin törətdiyi inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Dolayısı ilə, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə hər hansı hüquqi şəxsin məsuliyyətinin yaranması üçün onun müvafiq tələblərə cavab verən vəzifəli şəxsinin əməlində həmin xətanın tərkib əlamətləri olmalıdır, əks təqdirdə həmin hüquqi şəxs məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü isə məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəməyə daxil olmuş 19 mart 2021-ci il tarixli müşayiət məktubunda protokol tərtib etmiş inzibati orqan Məhkəmənin 18 fevral 2021-ci il tarixli 3(004)-298/2021 nömrəli qərardadında göstərilən əsaslara dair bildirmişdir ki, 21 noyabr 2020-ci il tarixdə “xxxx” MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən təsərrüfat subyektində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarət həyata keçirilərkən təsərrüfat subyekti daxilində qoruyucu tibbi maskadan istifadə etməyən müştəriyə xidmət göstərilməsi aşkar olunmuş, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələblərinin pozulması faktı protokollaşdırılmış, törədilmiş inzibati xəta pozuntusu ilə əlaqədar hüquq və vəzifələr izah edilmiş və faktın sübut edilməsinə dair müvafiq fotoşəkil əlavə edilmişdir. Lakin həmin işçi özünü təqdim etməkdən, bu barədə izahat verməkdən və tərtib edilmiş protokolu imzalamaqdan imtina etmişdir. Özünü təqdim etməkdən və bu barədə izahat verməkdən imtina edən şəxsin həmin təsərrüfat subyektinin inzibatçısı X2 olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sənəddən isə müəyyən edilir ki, X3 “xxxx” MMC-də inzibatçı vəzifəsində işləyir. Beləliklə, protokol tərtib etmiş orqan tərəfindən məhkəməyə təqdim edilmiş əlavə sənədlər əsasında müəyyən edilmişdir ki, 21 noyabr 2020-ci il tarixdə saat 13:38-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus marketdə həmin hüquqi şəxsin maraqları naminə inzibatçı X3 tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tələbləri pozularaq fərdi qoruyucu vasitə olan tibbi maskadan istifadə etməyən müştəriyə xidmət göstərilmişdir. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi, İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 38.1-ci maddəyə əsasən 3 (üç) ay nəzərdə tutulmuşdur. Hüquqi şəxs Şəxs MMC tərəfindən hazırki protokol üzrə İXM-nin 211.2-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın 21 noyabr 2020-ci il tarixdə törədilməsi nəzərə alınsa, həmin əməlin törədilməsinə görə qanunla müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti 21 fevral 2021-ci il tarixdə artıq başa çatmışdır. Bu halda isə həmin hüquqi şəxs Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə müddət keçdiyindən inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, törədilməsi istinad edilən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətaya görə inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən Şəxs MMC barəsində iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40.0.1, 43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən tərtib olunmuş 21 noyabr 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar