Məhkəmə qərarları › İş №3(004)-9076/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9076/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9076/2025 04.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X1 şikayəti Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, o,17 noyabr 2025-ci il tarixdə təxminən saat 10:25 radələrində mülkiyyətində olan “Haval Great WaH” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, N.Nərimanov prospekti ilə hərəkət edirdim. Yolun sağdan 1 -ci zolağı boyunca nəqliyyat vasitələri park halında olduğu üçün, 2-ci zolaqla hərəkət etmək məcburiyyətində idi. Çünki, biraz getdikdən sonra sağ tərəfə dönməli idi. Park halında dayanmış nəqliyyat vasitələrini keçdikdən dərhal sona sağa dönmə işığını yandırdım və güzgü vasitəsilə sağ zolaqda nəqliyyat vasitəsinin hərəkət etmədiyindən əmin olduqdan sonra sağa dönmə əməliyyatını həyata keçirməyə başladı. Elə bu anda, təxminən 70-80 km/saat sürətlə hərəkətdə olan “Mercedess Benz” markalı nəqliyyat vasitəsi onun avtomobilinin sağ tərəfi ilə toqquşdu. Onun 1-ci zolaqla hərəkət etməyi onun özündən asılı olmayan səbəblərdən mümkün deyildi. Hadisə barədə dərhal “102” xidmətinə məlumat verdim və hadisə yerinə gələn Bakı şəhər DYPİ null polis mayoru İlkin Cəbrayılov fotoşəkillər çəkdikdən sonra getdi və xx.xx.2025-ci il tarixində Bakı şəhər X4 İdarəsinə, 5-ci otağa yaxınlaşmalı olduqları bildirdi. O, xx.xx.2025-ci il tarixində təxminən 10:30-da 5-ci otağın qarşısına getdikdə, onun avtomobilinə çırpılan avtomobilin sürücüsünün orada olduğunu gördü. Daha sonra 5-ci otaqdan həmin sürücünün dostu çıxdı və birlikdə getdilər. Bir neçə dəqiqədən sonra sürücünün dostu təkrar olaraq gəldi, 5ci otağa girdi, 1 dəqiqədən sonra çıxdı və getdilər. O, artıq, məsələni İlkin Cəbrayılovla öz xeyirlərinə həll etməklə bağlı “razılaşdıqlarına” əmin oldu. Növbə çatdıqda otağa daxil oldu və İlkin Cəbrayılov ona “hadisədə günahkar sənsən” - dedi. O, hadisə yerinin yaxınlığında quraşdırılmış TŞ kamerasından görüntüyə baxmaq istədiyini bildirdikdə, görüntü olduğunu deyərək, şəxsi telefonunda olan görüntüləri ona göstərdi. Görüntülər TŞ kameralarından çıxarış deyil, sadəcə manitordan telefonun kamerasına çəkilmiş yarımçıq, bulanıq olan bir neçə saniyəlik video çarx idi. Görüntülər qəsdlə yarımçıq və bulanıq formada çəkilmişdi. Səbəbini isə, aşağıda izah edir. Həmin videoçarxdan da görünür ki, “Mercedess Benz” markalı nəqliyyat vasitəsi yüksək sürətlə 3-cü zolaqla hərəkət edir, ani manevrlə və sürətini azaltmadan 2-ci, daha sonra isə eyni qaydada 1-ci zolağa daxil olur və o, sağa dönmə əməliyyatını icra edərkən, sürətini azalda bilməyərək onun avtomobilinə çırpılır. “Mercedess Benz” markalı nəqliyyat vasitəsinin hadisədən öncəki Nərimanov prospekti boyu və toqquşma yerinə çatanadək hərəkətləri, etdiyi manevrlər tam şəkildə izlənərsə, hadisənin əsl təqsirkarını müəyyənləşdirmək elə də çətin olmazdı. Bunu tələb etsə də, İlkin Cəbrayılov, məni dinləmək istəmədiyini bildirdi və izahatını yazıb getməyini tələb etdi. Bakı şəhərinin mərkəzi küçələrindən biri hesab edilən və nəqliyyat vasitələrinin sıx hərəkətdə olduğu N.Nərimanov prospektində təhlükəli manevrlər etməklə, müəyyən edilmiş sürət həddini aşmaqla hərəkətdə olan və bu təhlükəli manevrlər nəticəsində qəzaya səbəb olan sürücünü hansısa şəxsi maraqları naminə hər vəchlə məsuliyyətdən kənarda saxlamağa çalışan polis əməkdaşı, faktiki olaraq potensial cinayətkara himayədarlıq etdiyini anlamalıdır. Hazırki hadisə nəticəsində çox şükür ki, heç kəs xəsarət almadı. Lakin bu cəzasızlıqdan ilhamlanan “Mercedess Benz” markalı nəqliyyat vasitəsi sürücüsünün növbəti oxşar manevrləri nəticəsində insanların həyatına son qoyulması qaçılmazdır. Bunun üçün, həmin sürücünün toqquşma yerinədək Nərimanov prospekti boyu hərəkətinin TŞ kameraları vasitəsilə izlənməsi və manevrlərinin qiymətləndirilməsi kifayət edir. İnspektorun mənə göstərdiyi çox qısa və aydın olmayan videoçarxda həmin sürücü 3 saniyə ərzində və sürətini azaltmadan, saatda 70-80 km sürətlə 3 zolaq dəyişdi və nəticədə eyni sürətlə mənim avtomobilimə çırpıldı, səkinin üzərinə çıxdı, səki ilə biraz da sürükləndikdən sonra başqa bir avtomobilə dəyərək dayandı. Bu necə məsuliyyətsizlikdir və bu məsuliyyətsizliyi himayə etmənin, cazadan kənarda saxlamağın məqsədi nədir?! O, 2013-cü ildən bu günədək gündəlik olaraq avtomobil idarə edir. Heç vaxt hər hansı yol nəqliyyat hadisəsi iştirakçısı olmamışdır. Həm məsuliyyətli vətəndaş, həm məsuliyyətli yol hərəkəti iştirakçısı, həm bir hüquqşünas olaraq qanunvericiliyin tələblərini bilən, məsuliyyətini dərk edən şəxs kimi hər zaman yol hərəkəti qaydalarına ciddi əməl edir. Atası 2023-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində həyatını itirdikdən sonra isə, yollarda hərəkətdə olarkən daha ciddi, diqqətli və məsuliyyətli davranmağa çalışır. O, “Mercedess Benz” markalı nəqliyyat vasitəsinin sürücüsünün yolda göstərdiyi “performansını” digər yol hərəkəti iştirakçıları, xüsusilə də piyadalar üçün ciddi həyati təhlükə yaratdığını bilir və TŞ kameralarından tam görüntülərə baxdıqdan sonra da buna şübhənin olmayacağına çox əmindir. Təəssüflər olsun ki, hadisə ilə bağlı “araşdırma aparan” və ya aparmaq istəmədən onun təqsirli olduğu qənaətinə gəlmək istəyən polis əməkdaşı İlkin Cəbrayılov isə, bunu anlamamaqda israrlıdır. Potensial cinayətkarın cəzasız qalması, yollarda öz istədiyi kimi qanunsuz manevrlərinə davam etməsi, eləcə də ona himayədarlıq etməyə çalışan polis əməkdaşının bu himayədarlığına rahat şəkildə davam etməsi, yol nəqliyyat hadisələrinin və bu hadisələrdə həyatını itirənlərin sayının çoxalmasını qaçılmaz edəcəkdir. İşə baxan vəzifəli şəxs tərəfindən qeyd edilən maddənin də tələbləri pozulmuş və həmin tələblərə əməl edilməmişdir. Halbuki, həmin maddənin tələblərinə əməl edilməklə araşdırma aparılsa və qərar qəbul edilsəydi, barəmdə tərtib edilmiş qərarın tamamilə əsassız olduğu öz təsdiqini tapardı. Bundan başqa, Bakı şəhər DYPİ null polis mayoru İlkin Cəbrayılovun iş üzrə heç bir obyektiv araşdırma aparmadığı və yalnız şəxsi maraqlarına xidmət etməklə qərar verdiyinin ən önəmli təsdiqi isə bundan ibarətdir ki, hadisə xx.xx.2025-ci il tarixində baş verib, o, İlkin Cəbrayılovun xidməti otağında xx.xx.2025-ci il tarixində izahat vermişdir. Lakin iş üzrə protokol və qərar xx.xx.2025-ci il tarixində, yəni işin araşdırılmasında iştirakı təmin edilmədən, izahatı alınmadan hazırlanış və imzalanmışdır. Bu isə, qanunvericiliyin tələblərinə ziddir. İzahatım və digər araşdırma materialları tələb edilərək iş materiallarına əlavə olunarsa, göstərdiyim hal öz təsdiqini tapar. Bütün bunlar isə, Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı Qərarının tamamilə qanunsuz və əsassız olduğunu bir daha təsdiq edir. Hazırki iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi, eləcə də iş üzrə düzgün nəticəyə gəlinməsi məqsədi ilə, hadisə baş verdiyi ərazidə quraşdırılmış “TŞ 2- 153” nömrəli kamera görüntülərinin çıxarılmasına və iş materiallarına əlavə olunmasını təmin etməyinizi, eləcə də, hazırki inzibati xəta haqqında iş üzrə araşdırma materiallarının Bakı şəhəri DYPİ-dən tələb edilərək iş materiallarına əlavə olunmasını və məhkəmə iclasında tədqiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun ifadə verərək, şikayətin təmin edilməsini, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət ərizəsinə əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİnə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 xx.xx.2025-ci il tarixində, saat 10:25-də Bakı şəhəri, Nərimanov prospekti ərazisində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, iş materialları araşdırılarkən qərar qəbul etmiş orqan tərəfindən bir sıra halların şikayət etmiş şəxsin iştirakı ilə yenidən araşdırılaraq müvafiq qərar qəbul edilməsi zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X2 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks etdirilməmiş, protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X1 şikayət ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİnə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nə göndərilsin. Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar