Məhkəmə qərarları › İş №3(004)-909/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-909/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-909/2024 28.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynova Yağmur Azər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Vəkil iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 07 dekabr 2023-cü il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) - onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru X15 Hamdollah (MYİ: 0697955) MMC-nin onun xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azarbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbi pozaraq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs xx.xx.2000-ci il təvəllüdlü X12 2023-cü ilin aprel ayından 30 iyun 2023-cü il tarixədək MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi, məhəllə 6023 ünvanında fəaliyyət göstərən mərmər sexində usta kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar həmçinin X8, X1, X2 və X15 Hamdollahın izahatları və digər sənədlərlə təsdiqlənir. Faktiki olaraq X15 X4 Khanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edərək əmək münasibətlərində olmuşdur. X3 işçisi olmamasını, şərik olmasını iddia etməsi isə müdafiə xarakterini daşıyaraq qanunsuz əməllərini pərdələmək məqsədini daşımışdır. Həmçinin, Azərbaycan Respublikası İXM-nin 18.3-cü maddəsinin tələblərinə əsasən, Şəxs MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Vəkil bildirmişdir ki, Şəxs MMC-nin direktoru ilə qarşı tərəf arasında, hadisənin olduğu həmin yer 2019-cu ilə qədər ümumiyyətlə, Bəhruzun icarəsində olub, ondan sonra onun həmin yerdə heç bir icarə hüququ qalmayıb. Bundan sonra onlar arasında (cavan oğlanın 24, digərinin də kifayət qədər yaşı var) iş biznesi yaranıb ki, qarşı tərəf İraqdan qazan, qab-qacaq, Bəhruz isə İrandan mərmər gətirəcək. Sadəcə olaraq onların müdafiə etdikləri şəxs İran İslam Respublikasına tez-tez gedib-gəldiyinə görə burda olmurmuş, başqa sexin də açarını ona verirmiş ki, mal istəyən olsa verərsən. Sonradan bir gün, Qurban bayramı günü, həmin şikayətçi Bəhruza deyir ki, o, əvvəlki sexə (o, Nərimanov rayon məhkəməsinə icarə müqaviləsini təqdim etmişdir, 2019-da bitib), reyka kəsməyə gedir, dəniz qırağında heyvan kəsib, kabab bişirəcəklər, Qurban bayramıdır, Bəhruz isə deyib özün bilərsən. Sonra gedib həmin Bəhruzun heç bir hüququnun olmadığı sexdə ayağını kəsib, Bəhruza zəng ediblər ki, vəziyyət belədir, Behruz və bir başqa adam gedib həmin adamı xəstaxanaya aparıblar. Sonradan Behruz ona deyir ki, gəl haqq-hesab edək, görək kimin kimə nə qədər borcu var. Bəhruz görür ki, 17 000 manatlıq malı yoxdur, belə olan halda Nərimanov Rayon Polis Bölməsinə şikayət edir, oradan qarşı tərəfi çağırırlar və ona istiqamət verirlər ki, sən xarici vətəndaş olduğun üçün prokurorluğa get. O, həmin o qərarı da ləğv etdirmiş, o iş yenidən araşdırılması üçün polisə qaytarılıb. Günay adlı, həqiqətən Bəhruzun işçisi olan xanım var, o da izahatında qeyd edib, o adam Behruzun işçisi olmayıb. Hansı əsasla müəyyən ediblər ki, onların arasında əmək münasibətləri var? Bu gün vətəndaş gəlib desə ki, onun kim iləsə arasında əmək münasibətləri var, amma heç bir əmək münasibəti yoxdursa, məhz onunla götürüb yazmaq olarmı ki, onların arasında qeyri-rəsmi əmək müqaviləsi var, qətiyyən belə bir şey olmayıb. O, apellyasiya məhkəməsində də, birinci instansiya məhkəməsində də bu barədə öz fikirlərini demiş, özünü də birinci instansiya məhkəməsində məhkəmə dinləmiş, sadəcə olaraq Bəhruz indi İrana gedib, oturumla bağlı miqrasiyaya müraciət etmişdir. İşin reallığına, faktiki hallarına gəldikdə isə, o hadisənin baş verdiyi ərazi nə Bəhruzun icarəsində olub, nə də ona icazə verib ki oraya getsin. Bu tamam başqa yerdə fəaliyyət göstərir, onların arasında heç bir əmək münasibətləri olmayıb. Odur ki, icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərarı qəbul etmiş prokurorluğun nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə göstərilən orqanın şəxsin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 192.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Araşdırma zamanı izahatı alınmış X13 bildirmişdir ki, 2023-cü ilin aprel ayının ortalarında Behrouz ilə sexdə görüşüb söhbət etmiş, sonuncu ona 1-2 iş tapşırıb görəcəyi işi bəyəndiyi halda onu işə götürəcəyini söyləmişdir. O qeyd etmişdir ki, Behrouzun ikinci sexi Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında idi, bundan əlavə Behrouzun “Baksol yolu” adlanan yerdə 01 ədəd mərmər mağazası var idi. Behrouzun deməsindən bilmişdir ki, həmin sexdə işləyən işçilər işdən çıxdığı üçün işçi axtarır. Behrouz tərəfindən verilmiş tapşırıqları icra etmiş, mərməri laqonda ilə yonmuş, kəsmiş və hazır etmişdir. Behrouz onun əl işini bəyənib sabahdan işə gəlməsini tapşırmış, əmək haqqı kimi aylıq 800 manat verəcəyini, işin saat 09-dan saat 18-dək olacağını söyləmişdir. Həmçinin bildirmişdir ki, göstərişindən asılı olaraq hər iki sexində iş görə bilər. Təxminən 15 gün həmin “Eurohome” ticarət mərkəzinin yaxınlığında Behrouza məxsus sexdə işlədikdən sonra sonuncu ona “Lukoil” YDM-nin yaxınlığında yerləşən sexdə işləyən işçinin işdən çıxdığı üçün artıq ikinci sexdə işləməsini tapşırmışdır. O qeyd etmişdir ki, Behrouzun daimi işləyən işçisi bircə özü olmuş, sexə ara-sıra 2-3 günlük günəmuzd olaraq işçilər gəlib getmişlər, ancaq ağır iş yekunlaşdıqda çıxıb getmişlər. Yalnız ara-sıra iş olduğu halda sexə Elxan adlı işçi gəlib getmiş, Elxan maaşa işləməmiş, gördüyü işin sonunda pulunu almışdır. Özünün usta kimi işi laqonda və daşkəsən dəzgahlarla mərməri sifarişə uyğun kəsibyonmaqdan və hazır etməkdən ibarət olmuşdur. Hazır olan mərməri isə ya müştərinin taksisi, ya da ki Behrouzun özünün Xəqani adlı tanışı gəlib malları müştərilərə çatdırardı. Sexin açarları isə özündə olduğu üçün sexi demək olar ki, özü açıb, özü bağlayırdı. Behrouz gündəlik saat 10-11 radələrində işə gəlib, saat 16 radələrində gedirdi, yaxınlığında yerləşən mağazada oturardı, kamera vasitəsi ilə sexi izləyərdi. Mağazada isə yalnız bir adını unutduğu qadın satıcı işləyirdi. Behrouz ona 3-4 gündən bir 50-60 manat pul verərdi. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2023-cü il tarixli, 10/973 nömrəli ekspert rəyinin tədqiqat nəticəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1, 10.1, 10.2, 10.13 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki və təşkilati səbəbləri olmuşdur. Hündürlükdə görülən işlərin icrası ilə əlaqədar təhlükəsizlik tədbirləri təmin edilmədiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1, 10.1, 10.2, 10.13 bəndlərinin tələbləri Şəxs MMC-nin direktoru tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda baş vermiş hadisə ilə əlaqədar zərərçəkmiş şəxsin özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X10 14 sentyabr 2023-cü il tarixli, 1011 nömrəli ekspert rəyinin tədqiqat nəticəsindən görünür ki, vət. X5 oğlunda aşkar edilmiş xəsarət-sağ baldırın yuxarı və orta üçdə birinin bayır səthinin əzilmiş yarası-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixlərdə və şəraitdə əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7314 nömrəli ekspert rəyinə əsasən baş vermiş hadisə ilə əlaqədar «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərin yoxlanılması haqqında nümunəvi Əsasnamə»nin 6-ci bəndinin tələbləri və «Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri» 12.2.013-75 DÜST-ün 6.4.7, 6.4.18, 2,12.4 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. Mərmər sexində fəhlə işləyən X13 əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırılmadığına və bilikləri yoxlanılmadan dəstəyi olmayan elektrik əl maşını (laqonda) ilə taxta kəsilməsi işlərinə cəlb olunduğuna görə, «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə»nin 6-ci bəndinin tələbləri və «Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri» 12.2.013-75 DÜST-ün 6.4.7, 6.4.18, 2.12.4 bəndlərinin tələbləri mərmər sexində işlərə rəhbərlik edən şəxs tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmiş şəxsin özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilmədi. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs MMC-nin təsisçisi, qanuni təmsilçisi və direktoru olmaqla işlərə rəhbərlik edən və texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan İran İslam Respublikası vətəndaşı X15 Hamdollahın əməlində Azərbaycan Respublikası CM-nin 162-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri mövcud olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs MMC-nin təsisçisi, qanuni təmsilçisi və direktoru olmaqla işlərə rəhbərlik edən və texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan İran İslam Respublikası vətəndaşı X15 Hamdollahın əməlində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1, 198.2 və 555.1-ci maddələrinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna məlumat verilməsi qərara alınmışır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) - Bakı şəhəri, Yasamal rayonu, X11, ev 5, mənzil 199 ünvanında qeydiyatda olan barəsində Azərbaycan Respublikası İXM- nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin məcəllənin 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Həmin məcəllənin 44.3-ci maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs MMC-nin əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar