Məhkəmə qərarları › İş №3(004)-917/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-917/2021

14.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-917/2021 14.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-si tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-si tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi X3 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2021-ci il tarixdə Bəxtiyar Vahabzadə küçəsində yolu keçərkən Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmış və ona bildirilmişdir ki, karantin qaydalarını pozmuşdur. O, heç bir qaydanın pozuntusuna yol vermədiyini bildirib etiraz etdikdə, həmin polis əməkdaşı tərəfindən buraxılmışdır. Lakin bir müddət sonra asanpay.az portalına daxil olduqda onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bilmişdir. Qeyd edilmişdir ki, onun tərəfindən inzibati xəta törədilməsi halında DİN-nin əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilib imzalandıqdan sonra həmin protokolun bir nüsxəsi ona təqdim edilməli olduğu halda, həmin tarixdə və eləcə də, sonrakı tarixdə ora heç bir protokol və ya inzibati xəta haqqında qərar təqdim olunmamışdır. Azərbaycan Respublikası DİN-nə xx.xx.2021-ci il tarixli məktubla müraciət edərək barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və qəbul edilmiş eyni tarixli, eyni nömrəli inzibati tənbeh vermə haqqında qərarın ona rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Onun müraciəti əsasında ona daxil olmuş Azərbaycan Respublikası DİN-nin xx.xx.2021-ci il tarixli 091-14233M-4221 məktubu ilə bildirilmişdir ki, onun şikayəti əsasında müvafiq araşdırma aparılmış, protokol qanunvericiliyə uyğun tərtib olunmuş və həmin protokol əsasında qərar qəbul olunmuşdur. Lakin məktubla ona yenə də heç bir protokol və qərar təqdim edilməmişdir. X3 şikayət ərizəsində müvafiq qanunvericilik normalarına istinad edərək və yuxarıda göstərilənlərə əsasən, barəsində qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və həmin qərar əsasında təyin edilmiş cərimə məbləğinin mərkəzi informasiya sistemindən silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş protokol ona təqdim edilməmiş, ümumiyyətlə barəsində protokol tərtib ediləcəyi barədə məlumatlandırılmamışdır. Yalnız hadisə günü o, yol kənarında, yəni Bakı şəhəri Yasamal rayonu Bəxtiyar Vahabzadə küçəsində dayanıb siqaret çəkmək məqsədilə ağız nahiyyəsində olan tibbi maskanı çənədən aşağıya endirmişdir. O, bu barədə polis əməkdaşına bildirmişdir və ona istinad edilən xəta ilə razılaşmadığını açıq şəkildə ifadə etmişdir. Bundan sonra onun barəsində yerində protokol tərtib edilmədən polis əməkdaşları oradan uzaqlaşmış, hətta sonradan barəsində protokol tərtib ediləcəyi, işə baxılması yeri və vaxtı barədə xəbərdarlıq edilməmiş, onun xəta ilə razılaşmaması nəzərə alınmamışdır. X3 əməlində inzibati xəta hadisəsinin olmaması nəzərə alınaraq barəsində qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini və təyin edilmiş cərimə məbləğinin silinməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə, məhkəmə bildirişinin ona çatdırılmasına baxmayaraq qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Beləliklə, məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə uyğun olaraq qərarından şikayət verilmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, məhkəmənin sorğusu əsasında Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-dən təqdim edilmiş həmin bölmənin sahə inspektoru X4 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokolun (imzasız və təsdiq edilməmiş) elektron surətindən görünür ki, həmin protokol X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin tələbinin pozulmasına görə tərtib edilmişdir. Protokol məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, o, İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-dən təqdim edilmiş həmin bölmənin sahə rəisi X6 tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın (imzasız və təsdiq edilməmiş) elektron surətindən görünür ki, inzibati xətanın mahiyyəti, inzibati xəta haqqında iş üzrə araşdırma zamanı müəyyən edilmiş hallar (İXM 115.1.4) göstərilməmiş, hansı hüquqi əsasa və ya səbəbə görə X1 İXM-nin 211.2.-ci maddəsi ilə təqsirli bilinməsinə dair heç bir qeydiyyat aparılmamışdır. Həmçinin iş materiallarından görünür ki, X1 hüquq və vəzifələri izah edilməmiş və dinlənilərək iş materiallarında xətaya dair mülahizəsi araşdırılmamışdır. Göründüyü kimi, qanunvericiliyin tələbləri pozulmaqla, yəni X1 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraatda iştirakı təmin edilmədən o, həmin maddə ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, hazırki işin faktiki halları ilə müəyyən edilmişdir ki, şikayətçi X3 barəsində tərtib edilmiş Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokolun əsasları ilə razılaşmamışdır. Buna baxmayaraq onun mülahizəsi nəzərə alınmadan, iş üzrə hərtərəfli araşdırmanın aparılması və onun icraat zamanı iştirakı təmin edilmədən, eyni tarixdə Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, bu hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-nin 61.3-cü maddəsinə əsasən işinə baxılarkən dinlənilməsi hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə baxışı zamanı isə qərarından şikayət verilmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-si tərəfindən məhkəməyə həmin qərarın qanuni və əsaslı olmasına dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, mövcud şübhələr şikayətçi X1 xeyrinə həll edilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, şikayətçi X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onun Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirinin olması sübuta yetirilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər barəsində yüz manat məbləğində cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” xx xxx 2020-ci il tarixli 189 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD- 19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi qaydaları müəyyən edilmişdir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 2.1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Həmin Qərarın 2-ci hissəsinə görə tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Həmin Qərarın 3-cü hissəsinə görə 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikası İXM-si ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 451 nömrəli Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə“qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin sahə rəisi X6 tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nə göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN-nin Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş inzibati cərimə məbləği silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X1 şikayəti qismən təmin olunsun. X3 barəsində qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nə göndərilsin. Bakı şəhəri Yasamal RPİ-nin 28-cı PB-si tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə məbləği silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar