Məhkəmə qərarları › İş №3(004)-918/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-918/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-918/2024 11.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin (RPİ) X3 Şöbəsi (DYPŞ) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 26 yanvar 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 26 yanvar 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC mülkiyyətində (istifadəsində) olan “PEUGEOT 308 SW ” (minik) markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-yə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən protokol onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, səlahiyyətli orqanın müvafiq sorğusu barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMCyə ümumiyyətlə çatdırılıb-çatdırılmaması müəyyən edilməmişdir. Buna baxmayaraq, Yasamal RPİ-nin DYPŞ-nin baş inspektoru Kamran Məmmədov tərəfindən guya hüquqi şəxsə çatdırılmış sorğuya (hansı ki, sorğunun ünvan sahibinə çatdırılmaması artıq inspektora açıq-aşkar məlum olmuşdur) qanunla müəyyən edilmiş vaxtda cavab verilməməsinə görə onun barəsində əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsinə dair 26 yanvar 2024-ci il tarixli protokol tərtib edilmişdir. İş materiallarından həmçinin görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilməmiş, hüquq və vəzifələrinin izah edilməsi, həmçinin tərtib edilmiş protokolun surətinin ona təqdim edilməsi və ya göndərilməsi təmin edilməmiş, bununla da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz müdafiə hüququnu qurmaqdan məhrum edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Həmin Məcəllənin 123.1-ci maddəsinə görə həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəyə görə isə hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. 123.3-cü maddəyə görə Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi həmin Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Beləliklə, işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Yasamal RPİ-nin DYPŞ-nin hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinin sürücüsü barədə məlumatın verilməsinə dair sorğusu Şəxs MMC ümumiyyətlə çatdırılması və ya elektron informasiya sistemində sürücü barədə məlumat olmaması haqqında sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, həmin hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaranması sübuta yetirilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin mövcud olması iş materiallarında olan sübutlar əsasında öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə törədilməsinə dair inzibati xətaya münasibətdə onun təqsirliliyi sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 26 yanvar 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 26 yanvar 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar