Məhkəmə qərarları › İş №3(004)-9203/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9203/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9203/2025 11.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Şəxs QSC (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 464-cü maddəsinə əsasən Şəxs QSC barəsində tərtib olunmuş inzibati material baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 27 noyabr 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, AZ1001, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs QSC tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi X2 protokolu müdafiə edərək, Şəxs QSC barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində protokol tərtib edilmiş hüquqi şəxs məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qanuni nümayəndəsi EMİS üzərindən elektron qaydada ərizə ilə müraciət edərək barələrində tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə bu əsasla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 -ci maddəsinin tələblərinə görə maliyyə qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabtlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 97 saylı Qərarının 3.1 -ci bəndinə əsasən, Kommersiya təşkilatları illik maliyyə hesabtlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabtlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Belə ki, Şəxs QSC 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirmədiyi halda, 2024-cü ilin iyun ayının 30-u inzibati xətanın törədildiyi vaxt hesab olunur. Həmin müddətdən 1 il müddətində, yəni 2025-ci ilin iyun ayının 30-u müddətinədək məhkəmə tərəfindən inzibati tenbeh haqqında tədbir görülə bilərdi və inzibati xəta haqqında qərar qəbul edilə bilərdi. Lakin həmin inzibati məsuliyyətə cəlb etmə müddəti ötürüldüyündən Şəxs QSC barəsində inzibati tənbeh haqqında tədbir görülə bilməz. Yəni 2025-ci ilin iyun ayının 30-dan sonra Şəxs QSC barəsində inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. AR Maliyyə Nazirliyi isə yalnız 2025-ci ilin noyabr ayında protokol tərtib etmiş, bununla da İXM-nin 38.1 -ci maddəsində nəzərdə tutulmuş müddətini keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə görə, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1 -ci maddəsinə görə, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərdən göründüyü kimi, Şəxs QSC AR İXM-nin 38.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs QSC-nin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tövsif olunmuşdur. Buna görə də Şəxs QSC inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarında olan 27 noyabr 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, AZ1001, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs QSC tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 7 noyabr 2025-ci il tarixli bildirişdən görünür ki, Şəxs QSC barəsində inzibati xəta haqqında işə baxılması üçün 27 noyabr 2025-ci il tarixdə, saat 10:45-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinə dəvət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 yanvar 2025-ci il tarixli 3-21-2-1/2-462/2025 nömrəli məktubu ilə təqdim olunmuş 2023-ci ilin göstəricilərinə əsasən orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun gələn açıq səhmdar cəmiyyətləri, qapalı səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətləri barədə məlumatdan (siyahıdan) çıxarışdan görünür ki, Şəxs QSC (VÖEN: **********) həmin meyarlara uyğun hüquqi şəxslərin siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə görə “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin məzmunundan göründüyü kimi audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması özüözlüyündə 2 yolla aparıla bilər: məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə). Qanunun mənasına görə audit yoxlanılması yalnız 2 halda məcburi aparıla bilər: 1) öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün 2) qanunla bilavasitə nəzərdə tutulmuş hallarda. Həmin Qanunun 16-cı maddəsinə görə auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir. 17-ci maddəyə görə təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri özləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyətəsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.7-ci maddəsinə görə maliyyə hesabatları – mühasibat uçotu subyektinin, yəni mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır. Həmin Qanunun 11-ci maddəsinə görə kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: 1) il ərzində oktyabr ayının 1dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; 2) oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; 3) digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla. Qanunun 12.1-ci maddəsinə görə və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Qanunun 12-ci maddəsinin 4 və 5-ci bəndlərinə görə kommersiya təşkilatlarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi əsasında vergi orqanlarına təqdim etdikləri vergi hesabatları bu Qanunun tələblərinə uyğun olaraq təqdim etdikləri maliyyə hesabatlarını əvəz etmir və mühasibat uçotu subyektinin nizamnaməsi ilə müəyyən olunmuş idarəetmə orqanı bu subyektin maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanmasına, təqdim və dərc olunmasına görə cavabdehdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3-cü bəndinə görə kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Kommersiya təşkilatı illik maliyyə hesabatlarını tabe olduğu yuxarı təşkilata və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən əsas cəmiyyətə, bunlar olmadıqda isə təsisçiyə (təsisçilərə) təqdim edir. Kommersiya təşkilatının (investisiya fondları və onların idarəçiləri, sığorta şirkətləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər istisna olmaqla) illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, investisiya fondlarının və onların idarəçilərinin, sığorta şirkətlərinin, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin məlumatları isə Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir. Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda və qaydada auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Hüquqi şəxslər” adı altında təsnifatlaşdırılmış 4-cü fəslində öz əksini tapmış müddəalara görə hüquqi şəxslər təşkilati hüquqi formasına görə kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslər növlərinə ayrılır. Kommersiya hüquqi şəxslərə isə təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri daxildir. Təsərrüfat cəmiyyətləri də öz növbəsində məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. Həmin Məcəllənin 91-ci maddəsininin 4 və 5-ci bəndlərinə görə məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur. Beləliklə yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə Azərbaycan Respublikası İXMnin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə qeyd edir ki, məhdud məsuliyyətli cəmiyyətlərə münasibətdə mülki qanunvercilikdə illik maliyyə hesabatının dərc edilməsi vəzifəsi müəyyən edilməsə də, MMnin 91.4-cü maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin onun illik maliyyə hesabatının düzgünlüyünü yoxlamaq məqsədilə hər il müstəqil auditorun cəlb edilməsi vəzifəsi birbaşa olaraq müəyyən edilmişdir. Beləliklə yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tərkibi olduğundan Şəxs QSC-nin barəsində həmin maddənin sanksiyasında qeyd olunan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tərkibi olduğuna görə Şəxs QSC 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar