Məhkəmə qərarları › İş №3(004)-9274/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9274/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9274/2025 16.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati xəta haqqında MN seriyalı ******* saylı 31 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoluna və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: 2 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən “Avtoinvest MMC” tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Yasamal rayon məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixində Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal, X12 4 ünvanında yerləşən Şəxs MMC-nin (maşın bazarı adlanan ərazi) ərazisində 01 ədəd köküstə yaş 44 sm diametrli tut ağacının çətir hissəsinin tam götürüldüyü və dibinə neft məhsulları tökülərək zədələndiyi müəyyən edilmişdir. Buna görə 31 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçi müfəttişi X2 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 inzibati xəta haqqında protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, nümayəndələrin məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə maddəsinə əsasən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçi müfəttişləri X6 və X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 93119 saylı Akt-dan görünür ki, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal, X12 4 ünvanında yerləşən Şəxs MMC-nin (maşın bazarı adlanan ərazi) ərazisində 01 ədəd köküstə yaş 44 sm diametrli tut ağacının çətir hissəsinin tam götürülmüş və dibinə neft məhsulları tökülərək zədələnmişdir. Şəxs MMC-nin baş direktoru X1 məsuliyyəti öz üzərinə götürərək qeyd edilən faktı təsdiq etmiş və qeyd edilən halın aradan qaldırılması və gələcəkdə ağacın məhv olmasının qarşısının alınması istiqamətində tədbirlər görüləcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərə məhkəmə iclasında baxış keçirilən zaman inzibati xəta haqqında protokolda qeyd edilənlər bir daha öz təsdiqini tapmışdır. “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun: 1.0.3-cü maddəsinə əsasən yaşıllıqların mühafizəsi - ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsinə, qorunmasına, bərpasına və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlərdir. 24-cü maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.5 Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 253.4-cü maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir. İşin faktiki hallarından müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal, X12 4 ünvanında yerləşən Şəxs MMC-nin (maşın bazarı adlanan ərazi) ərazisində 01 ədəd köküstə yaş 44 sm diametrli tut ağacının çətir hissəsinin tam götürüldüyü və dibinə neft məhsulları tökülərək zədələndiyi müəyyən edilmiş bu barədə 93119 nömrəli akt tərtib edilmiş və daha sonra Şəxs MMC barəsində İXM-nin 253.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 262.2.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar