Məhkəmə qərarları › İş №3(004)-93/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-93/2022

06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-93/2022 06.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin EXP ******* saylı, 10.12.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş EPQ ******* saylı, 10.12.2021-ci il tarixli qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, onun barəsində 10.12.2021-ci il tarixdə qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 211.3-ci maddəsinə istinadən EXP ******* saylı protokol və onun əsasında EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Həmin protokola və qərara əsasən Yasamal RPİnin 29-ci PB-nin əməkdaşı polis nəfəri X6 tərəfindən guya onun taksidə tibbi maskadan istifadə etmədiyi haqqında səbəb göstərilərək, barəsində qanunsuz və əsassız protokol tərtib edilmişdir. Həmin protokol və onun əsasında qəbul edilmiş qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, o, 10.12.2021-ci il tarixdə Bakı şəhərində, Moskva 69 küçəsində yaxın qohumunun idarə etdiyi nəqliyyat vasitəsindən endikdən bir neçə saniyə sonra, özünü leytenant Məmmədov Qərib (dəfələrlə vəsiqəsini göstərməsini tələb etsə də, əməliyyatın sonunadək vəsiqəsini təqdim etmədi) kimi təqdim edən polis əməkdaşı onu yanına çağırdı. Saxlama səbəbini soruşduqda isə taksidə tibbi maskadan istifadə etmədiyini bildirdi. Onun tərəfindən ona sürücünün xalaoğlu olduğunu, ona heç bir ödəniş etmədiyini, üstəlik, nəqliyyat vasitəsində olarkən, tibbi maskadan istifadə etdiyini, maşından düşərkən, çıxartdığını, arxa nahiyədən polis nəfərinin bu addımı görə bilməyəcəyini israrla leytenant Məmmədov Qəribə (özünü bu adla təqdim edirdi, qərarı əldə etdikdən sonra isə onun əslində polis nəfəri X6 olduğunu müəyyən etdi) bildirməyinə baxmayaraq, əsassız bir şəkildə ona 200 (iki yüz) AZN məbləğində cərimə yazdığını və bunu aşkaranə şəkildə, əl hərəkətləri edərək, istehza ilə (yaxındakı müşahidə kameralarından aydın şəkildə görə bilərsiniz) “Sənə yaxşı bir 200-lük yazdım” deyərək, onun gedə biləcəyini bildirdi. AR İXM-nin 12-ci maddəsinə əsasən, qeyd edilən Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab edilir. Qanunun birmənalı tələbindən də görünür ki, inzibati xəta hansı əməllər hesab edilməlidir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, o, hər hansı bir qanuni tələbləri pozmamışdır. Küçədə hərəkətdə olarkən, ictimai nəqliyyat vasitəsindən istifadə edərkən hər zaman maskadan istifadə etmişdir. Həmin gün də hər zaman olduğu kimi maskadan lazımi qaydada istifadə etmişdir. Hər hansı qanun pozuntusuna yol verməməyinə və təqsiri olmamasına baxmayaraq, heç bir hüquqi əsas olmadan, maddi sübutu olmadan, güman üzərində onun barəsində qanunsuz və əsassız protokol tərtib edilmişdir. Bildirmişdir ki, o, Azərbaycan Respublikası Prezidenti yanında X3 Fərqlənmə diplomu ilə bitirmişdir. O, bir vətəndaş kimi öz məsuliyyətini və vəzifələrini dərk edir. Elə ilk günlərdən pandemiya ilə mübarizə çərçivəsində qəbul edilən qayda və qanunlara ciddi riayət edir. Özünü və yaxınlarını virusdan qorumağa çalışır. O, Bakı şəhərində, Moskva 69 küçəsində nəqliyyat vasitəsindən düşdükdən sonra, tibbi maska taxmadığını ehtimal nəzəriyyəsinə əsasən müəyyən edən polis işçisi tərəfindən barəsində əsassız protokol tərtib edilmiş, etiraz etməyinə baxmayaraq (online qaydada şikayət etməyinə baxmayaraq,on beş gün ərzində məsələyə baxılmadığını görüb, 29-cu Polis Bölməsindən 23.12.2021-ci il tarixində protokolun qərarını alıb ərizə ilə məhkəməyə müraciət edir) onun haqlı etirazlarına heç bir məhəl qoyulmamışdır. Nəticədə onun hüquqlarını, eyni zamanda inzibati qanunvericiliyin norma və prinsiplərini kobud şəkildə pozan protokol tərtib edilmişdir. Şikayət vermiş şəxs və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin EPQ ******* saylı, 10.12.2021-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən X7 10.12.2021-ci il tarixdə saat 6:12 radələrində epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına dair inzibati xəta törətmişdir, yəni Yasamal rayonu, Moskva prospekti 69 ünvanında taksidən düşərkən tibbi maskadan istifadə etmədiyi üçün. Buna görə də İXM-nin 211.3-cü maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. Qərar EXP ******* saylı, 10.12.2021-ci il tarixli protokol əsasında qəbul edilmişdir. iş materiallarında olan qeyd edilən protokolun surətindən, həmçinin hazırkı şikayətdə də görünür ki, faktiki olaraq şikayət vermiş şəxs tərəfindən protokolda göstərilən əməlin törədilməsi, yəni taksidə maskadan istifadə etməmişdir təsdiq edilir. Şikayətçinin göstərdiyi şəraitdə onun hərəkətlərində təqsirli bilindiyi İXM-nin həmin maddəsinin tərkibi vardır. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin EXP ******* saylı, 10.12.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş EPQ ******* saylı, 10.12.2021-ci il tarixli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar