Məhkəmə qərarları › İş №3(004)-93/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-93/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-93/2025 14.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin vəkili və eyni zamanda nümayəndəsi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xİdməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Regionlar üzrə 1-ci audit şöbəsinin dövlət vergi müfəttişi X1 iştirakları ilə, «TİD SOLUTİON” MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasınin İXM-nin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-4908/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xİdməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən «TİD SOLUTİON” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə taplanmış inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, «TİD SOLUTİON” MMC tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daxili nəzarət proqramını tam tətbiq edilməmiş, məsul şəxs təyin edilməmiş və bununla bağlı MMX-ya məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xİdməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Regionlar üzrə 1-ci audit şöbəsinin dövlət vergi müfəttişi X3 təmsil etdiyi orqan tərəfindən tərtib edilmiş protokolu müdafiə etdiyini və hüquqi şəxsin rəhbəri barəsində tənbeh tədbirinin görülməsi ilə əlaqədar qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin vəkili və eyni zamanda nümayəndəsi Vəkil inzibati xəta haqqında protokola etiraz edərək izahatında göstərmişdir ki, Şəxs MMC barəsindəki inzibati xətaya dair hazırkı işin icraatına xitam verilməlidir. Belə ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 1.1.7-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri- maliyyə institutları və peşə sahibləridir. Həmin Qanunun 1.1.9cu maddəsinə görə qeyri-maliyyə institutları və peşə sahibləri - rieltorlar, vəkillər, notariuslar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər, belə xarici hüquqi şəxslərin AR-dəki filial və ya nümayəndəlikləridir. Şəxs MMC mühasibat uçotu üzrə xidmətlərinin göstərilməsi, vergi məsləhəti və vergi hesabatlarının tərtibi ilə məşğuldur və bu, aktda da göstərilib. Qanunvericilik hüquqi şəxsin vergilər üzrə məsləhət xidmətləri göstərməsini onun öhdəlik daşıyan şəxs sayılması üçün kifayət hesab etmir, əlavə olaraq bu şəxsin Qanunun 3.1.2.1-3.1.2.4-cü maddələrində göstərilən əməliyyatlardan hər hansı birini aparması və ya bu cür əməliyyatların aparılmasında iştirak etməsi tələb olunur. Şəxs MMC yalnız vergilər üzrə məsləhət xidmətlərinin göstərilməsi ilə məşğul olub və yuxarıda sadalanan əməliyyatların heç birini aparmayıb və ya aparılmasında hər hansı formada iştirak etməyib. Bunun əksini təsdiq edən sübut yoxlama zamanı və ya ondan sonra aşkar edilməyib və iş materiallarında yoxdur. Şəxs MMC istinad olunan Qanunun 3.1.2.1-3.1.2.4-cü maddələrində göstərilən əməliyyatlardan hər hansı birini aparmadığı və ya bu cür əməliyyatların aparılmasında iştirak etmədiyi üçün həmin Qanunun tələbləri ona münasibətdə tətbiq olunmur və o, bu qanunun tələblərinin pozulmasına görə AR İXM-in 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti deyil. Bütün bunları nəzərə alaraq «TİD SOLUTİON” MMC barəsində tərtib olunmuş protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi ilə əlaqədar qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs «TİD SOLUTİON” MMC tərəfindən daxili nəzarət programı tam tətbiq edilməmişdir. Məsul şəxs təyin edilməmiş və bu barədə MMX-yə məlumat verilmədiyinə görə «TİD SOLUTİON” MMC barəsində AR İXM-nin 598.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilmişdir. “Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli **********680200 nömrəli Aktdan görünür ki, yoxlamanın əhatə etdiyi dövrdə «TİD SOLUTİON” MMC faktiki olaraq mühasibat uçotu sahəsində konsaltinq fəaliyyəti ilə məşğul olmuşdur. Eləcə də «TİD SOLUTİON” MMC-nin direktoru X2 aktla tanış olmuşdur və aktda qeyd olunanlara razı olmadığını və aktı imzalamaqdan imtina etdiyini təsdiq etmişdir. Təqdim edilmiş sənədlərin götürülməsi məqsədilə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli **********287100 nömrəli Qərar qəbul edilmiş və «TİD SOLUTİON” MMC-yə dair məlumatların götürülməsi həyata keçirilərək nəticəsi xx.xx.2024-cü il tarixli **********904300 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokolla rəsmiləşdirilmişdir. «TİD SOLUTİON” MMC-nin direktoru X4 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xİdməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə verdiyi 4 noyabr 2024-cü il tarixli izahatında verilmiş suala uyğun olaraq qeyd etmişdir ki, şirkət mühasibat, vergi məsləhəti və vergi hesabatlarının tərtibi fəaliyyəti göstərir. Suallarda qeyd edilən əməliyyatların heç biri şirkət tərəfindən həyata keçirilməmişdir. Yəni şirkət daşınmaz əmlakın alqı-satqısı ilə əlaqədar, müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması ilə əlaqədar, müştərinin bank və ya qiymətli kağız hesablarının idarə olunması ilə əlaqədar, hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanılmasınm təşkil olunması, habelə hüquqi şəxslərin alqı-satqısı ilə əlaqədar əməliyyatlardan heş birini həyata keçirməmişdir. Bu da şirkətin qeyrimaliyyə institutları və peşə sahibləri fəaliyyəti ilə məşğul olduğunu və monitorinq iştirakçısı olmadığını göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 598.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: 598.1.1. maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə; 598.1.2. maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə; 598.1.3. maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişlərin maliyyə institutları tərəfindən vaxtında və ya tam icra edilməməsinə, hər bir yazılı göstərişə görə; 598.1.4. maliyyə institutları tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan məlumat və sənədlərin təqdim edilməməsinə, yanlış məlumat və sənədlərin verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə; 598.1.5. maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslər ilə bağlı tələblərə əməl edilməməsinə, hər bir siyasi nüfuzlu şəxsə və əməliyyata görə; 598.1.6. maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə - vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir; 598.4-cü maddəsinə əsasən maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına, hər bir əməliyyata görə - vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir; 598.7-ci maddəsinə əsasən, Bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə -vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin çıxışlarını, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.7-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləridir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun tələbləri qeyri-maliyyə institutları və peşə sahiblərinə münasibətdə aşağıdakı hallarda tətbiq olunur: rieltorlar daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar apardıqda; notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər aşağıdakı əməliyyatları apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə: daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli **********680200 nömrəli aktından, Şəxs MMC-nin Nizamnaməsindən və işdə olan digər hüquqmüəyyənedici sənədlərdən göründüyü kimi, Şəxs MMC-nin faktiki olaraq “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsində nəzərdə tutulmuş hansı növ fəaliyyəti ilə məşğul olması müəyyən edilməmişdir. Yuxarıda qeyd edildiyi kimi, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində həmin Qanunun tətbiq edildiyi peşə sahibləri müəyyən edilmişdir. Belə ki, Qanunun 3.1.2-ci maddəsinə əsasən notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı əməliyyatlarını apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə qanunun tələbləri bu şəxslər üçün məcburidir. Lakin iş materiallarından və tərəflərin çıxışlarından məlum olduğu kimi Şəxs MMC-nin sözügedən Qanunun 3.1.2-ci maddəsində dairəsi konkret göstərilən daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı əməliyyatlarını yerinə yetirməmişdir, həmçinin bu əməliyyatların aparılmasında iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına Şəxs MMC-nin yuxarıda sadalanan əməliyyatların aparılmasında iştirak etməsini təsdiq edən hər hansı sübut əlavə edilməmişdir, protokolu tərtib etmiş X3 da bunu təsdiq edəcək hər hansı bir sübutlarının olmadığını məhkəmə iclasında qeyd etmişdir. Beləliklə, məhkəmə səlahiyyətli orqan tərəfindən kifayət qədər araşdırılma aparılmadan Şəxs MMC tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması qənaətinə gəlinməsini, inzibati xəta törətmiş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmamasını, bu sübutetmənin bilavasitə inzibati orqanın üzərinə düşməsini və səlahiyyətli orqan tərəfindən həmin sübutların məhkəməyə təqdim olunmamasını, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti rəsmi surətdə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar