Məhkəmə qərarları › İş №3(004)-938/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-938/2021

08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-938/2021 08.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi, xx.xx.1989-cu ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 55-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-cı maddələri ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2021-ci il tarixdə saat 11:30 radələrində Yasamal rayonu, Yeni Yasamal- 1 ünvanında yerləşən 19 saylı MKİS-in qarşısında ətrafdakı olan avtomobillərin içərisinə baxaraq özünü şübhəli aparmış, polis əməkdaşları ona yaxınlaşıb, ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmiş, lakin o, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, öz hərəkətlərini davam etdirmiş, polisin qanuni tələblərinə tabe olmamış, bu səbəbdən də polis bölməsinə aparılmış, bölmədə səsküy salaraq ictimai qaydanı, polisin iş rejimini pozmuş, özünə xəsarət yetirmək istəmişdır. Bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Bununla da Şəxs İXM-in 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında özünü təqsirli bilərək göstərdi ki, zibilxanalardan zibil və metal yığıb satıb ailəsini dolandırır. Havalar soyuq olduğu üçün köhnə və qapısı açıq olan istifadəyə yararsız avtomobilin içərisində uzanıb yatmışdır. Səhəri günü polis əməkdaşları onu bölməyə aparmaq istəmiş, lakin buna etiraz elərək əsəbi olduğu üçün polislərin ünvanına nalayiq ifadələr işlətmişdir, bölmə də də qapalı yerdə qalmaqdan qorxduğu üçün, vərəm xəstəsi olduğu üçün sə küy salmışdır. Əməlindən peşmandır, İİ qrup əlil olduğu üçün yüngül tənbeh verilməsini xahiş etdi. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin sahə inspektoru Ramin İbadov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2021ci il tarixdə saat 11:30 radələrində Yasamal rayonu, Yeni Yasamal-1 ünvanında yerləşən 19 saylı MKİS-in qarşısında ətrafdakı olan avtomobillərin içərisinə baxaraq özünü şübhəli aparmış, polis əməkdaşları ona yaxınlaşıb, ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmiş, lakin o, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, öz hərəkətlərini davam etdirmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Bu barədə protokol tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Yasamal RPİ 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili T.Quliyev və sahə inspektoru R.İbadov tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Raportlarla Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı, yuxarıda qeyd edilən Raportla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan Neftçala rayonu DSMF tərəfindən verilmiş 188544 saylı, xx.xx.2017-ci il tarixli vəsiqənin surətinə əsasən Şəxs 2-ci qrup əlildir. İş materiallarındakı xx.xx.2021-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 12:40 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs həbsdən dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar