Məhkəmə qərarları › İş №3(004)-938/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-938/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-938/2025 20.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru X5, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru X8 tərəfindən tərtib 20 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru tərəfindən tərtib edilmiş 20 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edimiş sənədlərdən görünür ki, Şəxs 07 yanvar 2025-ci il tarixdə X3 döymüşdür. 14 fevral 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru X1 Babək Eldar oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, X6 ərizə ilə Yasamal RPİ-nin 27-ci PŞ-nə müraciət edərək bildirmişdir ki, bir neçə gün əvvəl qeyri-rəsmi münasibətdə olduğu Şəxs ilə aralarında baş vermiş münaqişə nəticəsində Babək onu döymüşdür, hal-hazırda da Babək yaşadığı ünvana gələrək onu öldürməklə hədələyir. X6 müraciətində Babək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət Yasamal RPİ 27-ci PŞ-nin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı” kitabında 2333 sıra nömrəsi ilə qeydə alınaraq icra olunmasından ötrü şöbənin təhqiqatcısı X4 icraatına yönəlmişdir. Təhqiqat araşdırması dövründə məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə qərar qəbul edilmiş və X2 bədəni üzərində müəyyən edilmiş xəsarətin sağlamlığa zərər vurmayan xəsarət olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində İXM-nin 157-ci maddələrində nəzərdə tutulmuş sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, X6 ilə təxminən bil il bundan əvvəl sosial şəbəkədə tanış olmuşdur. Bundan sonra onların şəxsi münasibətləri yaranmış və bir yerdə yaşamağa başlamışlar. Son zamanlar aralarında tez tez mübahisələr olur. Sonuncu dəfə o əsəbləşdiyi üçün Əfsanəni üz və qol nahiyəsindən vurmuşdur. Hazırda etdiyi əməldən peşmandır. Qeyd olunanları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Bundan əlavə Şəxs verilmiş suala cavab olaraq bildirdi ki, barəsində tərtib edilmiş protokol və iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, Babəklə təxminən bir il əvvəl tanış olmuşdur və onunla qeyri-rəsmi ər-arvad münasibətində yaşayır. Bir müddət əvvəl aralarında münaqişə olmuşdur və Babək onu döymüşdür, hal-hazırda Babək barəsində Yasamal RPİ-nin İŞ-də araşdırma aparılır. Babəkin onu döyməsi nəticəsində xəsarət almışdır. O, Şəxslə barışmaq istəmir, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı Zamiq Kərimov tərəfindən tərtib edilmiş 14 fevral 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından müəyyən edilir ki, X6 ərizə ilə Yasamal RPİ-nin 27-ci PŞ-nə müraciət edərək bir neçə gün əvvəl qeyri-rəsmi münasibətdə olduğu Şəxs ilə aralarında baş vermiş münaqişə nəticəsində Babəkin onu döyməsi və yaşadığı ünvana gələrək onu öldürməklə hədələməsi barədə müraciəti əsasında aparılmış araşdırma nəticəsində cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün şöbənin aidiyyatı əməkdaşına həvalə edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 xx.xx.2025-ci il tarixli 21 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol gözaltı və almacıq nahiyəsini əhatə edən, sağ qulaq seyvanının və sağ bazunun qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti onun dediyi - xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İnzibati qaydada tutma haqqında 20 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 13:55-də inzibati qaydada tutulmuşdur. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeydinə əsasən bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli 20 fevral 2025-ci il saat 13:55dən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 20 fevral 2025-ci il saat 13:55-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar