Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-94/2021 07.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, qərarından şikayət verilmiş - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) X15 İdarəsinin (DYPİ) etibarnamə üzrə nümayəndəsi X5 və şikayətçi - X4 iştirakları ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarının ləğv edilməsini, həmin qərar əsasında tətbiq edilmiş inzibati cərimə məbləğinin silinməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, idarə etdiyi “Hyundai Tucson” markalı **-DP- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə xx xxxx 2020-ci il tarixdə saat 09:30 radələrində Yasamal rayon Fizuli küçəsində hərəkətdə olarkən heç bir qayda pozuntusuna yol verməməsinə baxmayaraq “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət göstərən, birinin adı ona X2 məlum olan 2 nəfər YPX-nin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılmışdır. Həmin vaxt o, alkotester cihazı vasitəsilə yoxlanışdan keçmiş və cihaz 0.4% göstərmişdir. Bundan sonra YPX-nin əməkdaşları onun içkili vəziyyətdə olmasını bildirdikdə o, etiraz edib alkotester cihazının səhv göstərdiyini bildirmişdir. Belə ki, o, heç bir vaxt sərxoş halda nəqliyyat vasitəsi idarə etməmişdir. O, tibbi müayinədən keçirilməsini təklif etsə də, YPX-nin əməkdaşları onun bu təklifindən imtina edib ona şər-böhtan ataraq öz cihazlarının göstəricisini əsas tutub onun barəsində qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib etmişlər. O, protokolda ədalətli insan kimi aparatda gördüyünü təsdiq etmişdir. Çünkü alkotesterin göstərcisi 0.4% olmuş və ona həmin sənədi imzalatmışlar. Həmçinin o, YPX-nin xidməti avtomobilində əyləşib onların özlərinin təkidlə diqqət edib dediklərini yazaraq imzalamışdır. Daha sonra ona məxsus nəqliyyat vasitəsini cərimə dayanacağına aparmışlar. YPX-nin onun barəsində tətbiq etdiyi alkotesterin göstəricisinə şübhəsi olduğu üçün o, özü həkim müayinəsindən keçmiş və testin nəticəsində onda alkoqol aşkar edilməmişdir. O, tibbi müayinənin cavabını DYPİ-nə təqdim etməsinə baxmayaraq, YPX-nin əməkdaşları ona bildirmişlər ki, 2 saat vaxt keçdiyindən artıq gecdir və onun təqdim etdiyi tibbi müayinə haqqında akt yararsızdır. Bundan sonra onun barəsində qəbul edilmiş qərardan məhkəməyə verdiyi şikayət ərizəsinə baxılmış və Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və cərimə məbləği sistemdən silinmişdir. Lakin, məhkəmənin qərarından 1 aydan artıq vaxt keçdikdən sonra DYPİ-si tərəfindən həmin cərimənin yenidən sistemə yerləşdirilməsi qərara alınmışdır. O, aidiyyəti orqana müraciət etdikdə isə ona bildirilmişdir ki, məhkəmə tərəfindən yalnız cərimənin silinməsi barədə qərar qəbul edilmiş, lakin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməmiş və buna görə də DYPİ-də yenidən işə baxılıb onun barəsində cərimə növündə tənbeh tədbirinin təyin edilməsi haqqında qərar qəbul edilmişdir. X1 ərizəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini, həmin qərar əsasında tətbiq edilmiş inzibati cərimə məbləğinin silinməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati iş məhkəmə tərəfindən nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, X4 Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər BPİ-nin DYPİ-sinin YPX inspektoru X8 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 3(004)-1552/2020 nömrəli qərardadına əsasən protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan baxılmadan protokol tərtib etmiş orqana geri qaytarılmışdır. Bundan sonra həmin protokol əsasında Azərbaycan Respublikası DİNnin Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən X7 Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinərək barəsində xx xxxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan X7 tərəfindən verilmiş şikayətə Yasamal Rayon Məhkəməsində baxılmış və xx xxxxxxx 2020ci il tarixli 3(004)-2254/2020 nömrəli qərarla şikayət qismən təmin edilərək TP seriyalı ******* nömrəli qərar ləğv edilib inzibati iş yenidən baxılması üçün Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilmişdir. İşə Bakı şəhər BPİ-nin DYPİ-də yenidən baxılıb X7 tərtib edilmiş eyni İXP seriyalı ******* nömrəli protokol əsasında təqsirli bilinərək barəsində xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Sonuncu qəbul edilmiş qərardan X7 tərəfindən verilmiş şikayətə Yasamal Rayon Məhkəməsində baxılmış və TP seriyalı ******* nömrəli qərar ləğv edilib iş üzrə icraata xitam verilməsi və təyin edilmiş cərimə məbləğinin silinməsi haqqında xx xxxxxx 2021-ci il tarixli 3(004)-94/2021 nömrəli qərar qəbul edilmişdir. Məhkəmənin qeyd olunan qərarından Bakı şəhər BPİ DYPİ-si tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmış və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-591/2021 nömrəli xx xxxx 2021-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilib Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 3(004)-94/2020 nömrəli qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini və Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin DYPİ-i tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini, həmin qərar əsasında tətbiq edilmiş inzibati cərimə məbləğinin silinməsini və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X9 şikayətin dəlillərinin əsassız hesab edilərək təmin edilməməsini və Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin DYPİ-i tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Verilmiş suallar əsasında o, əlavə olaraq bildirmişdir ki, X1 barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(004)- 1552/2020 nömrəli qərardadı ilə geri qaytarıldıqdan sonra eyni protokol və materiallar əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və qərardadda sadalanan nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini, inzibati xəta haqqında protokolu, inzibati tənbeh vermə haqqında qərarı və digər iş materiallarını araşdırıb hesab edir ki, X4 şikayəti qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, X7 barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati tənbeh tədbiri təyin edilmişdir. Bakı şəhər BPİ-nin DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X9 tərəfindən məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında iş materiallarında olan xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, X7 xx xxxx 2020-ci il tarixdə saat 09:02-də idarə etdiyi “Hyundai Tucson” (minik) markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkət edən zaman işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozması və yoxlama zamanı onun həmin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bununla da, X7 barəsində Azərbaycan Respublikasının İXM-nin 329.3-cü (işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə) və 333.1-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(004)-1552/2020 nömrəli qərardadından müəyyən edilir ki, qeyd olunan xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş material natamam olduğundan, mövcud qüsurlar sadalanaraq əlavə araşdırma aparılaraq aradan qaldırılması üçün protokol tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nə geri qaytarılmışdır. Lakin inzibati xəta haqqında iş materialları məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, işdə mövcud olan nöqsanlar aradan qaldırılmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X1 tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxx 2020-ci il tarixli 21/4040 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” haqqında protokoldan isə görünür ki, o, barəsində protokol tərtib edildiyi vaxtdan 3 saat sonra, yəni xx xxxx 2020-ci il tarixdə saat 12:15-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində tibbi müayinədən keçmiş və onun ayıq olması aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. Lakin hazırki iş materiallarından müəyyən edilir ki, alkotester vasitəsilə sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburi olmasına baxmayaraq qanunvericiliyin imperativ tələbinə əməl edilməmiş, yəni hal şahidlərinin iştirakları təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin imperativ qaydada müəyyən edilmiş tələbləri pozulmaqla əldə edilmiş hər hansı məlumat və ya sənəd iş üzrə sübut olaraq qəbul edilə bilməz. Bundan başqa barəsində protokol tərtib edilmiş şəxsin inzibati xəta haqqında iş üzrə icraat zamanı iştirakı təmin edilməmiş, protokolda mülahizəsi qeyd edilməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması ilə Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə X1nun hərəkətlərində İXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən buna dair məhkəməyə hər hansı bir təsdiqedici sənəd təqdim edilməmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş və ya inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə təsdiq edilir. Belə ki, İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. Həmin Məcəllənin 1.3-cü maddəsinə görə inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız həmin Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. 6.3-cü maddəyə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. 3-cü maddəyə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəyə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə göstərilənlərə əsasən məhkəmə iş materiallarında mövcud şübhələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edərək belə nəticəyə gəlir ki, X1nun şikayəti təmin olunmalı, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin Mərkəzi İnformasiya sistemində X7 barəsində yerləşdirilmiş cərimə məbləği silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X7 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin Mərkəzi İnformasiya sistemində X7 barəsində yerləşdirilmiş cərimə məbləği silinsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-94/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-94/2021
07.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver