Məhkəmə qərarları › İş №3(004)-942/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-942/2021

28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-942/2021 28.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin etibarnamə üzrə nümayəndələri X4 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi Abdullah Korkmaz və MMC-nin vəkili, fərdi qaydada fəaliyyət göstərən vəkil X8 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən tərtib edilmiş 07 aprel 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, İcbari Sığorta Bürosunun 11.12.2020ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətində aparılmış araşdırma nəticəsində Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin (11 nəfər) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilmədiyi aşkar edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X7 izahatında bildirmişdir ki, “xxxx” ASC-nin İdarə Heyətinin sədri 26 oktyabr 2020-ci il tarixli məktubla X9 Xidmətinə müraciət edərək ASC ilə İSB-nin mərkəzləşdirilmiş proqram təminatında buraxılmış ümumi müqavilələr üzrə 692 sayda təşkilat sığorta haqqını ödəmədikləri üçün bağlanmış müqavilələrə birtətəfli qaydada xitam verilməsi barədə məlumat vermişdir. Daxil olmuş məlumatın yoxlanılması, yəni qeyd edilən şirkətlərin yeni icbari sığorta müqavilələri bağlayıb-bağlamamasını müəyyən etmək məqsədilə İcbari Sığorta Bürosuna X9 Xitməti tərəfindən sorğu verilmişdir. İcbari Sığorta Bürosunun 11 dekabr 2020-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, 692 sayda təşkilatdan 72-si yeni icbari sığorta müqaviləsi bağlamış, lakin digəriləri, o cümlədən Şəxs MMC tərəfindən yeni icbari sığorta müqaviləsi bağlanmamışdır. Beləliklə, aparılmış araşdırma nəticəsində Şəxs MMC-nin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməli olduğu halda işçilərinin icbari sığortlanamasını təmin etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə barəsində 07.04.2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolun tərtib olunmasında iştirak edən Şəxs MMC-nin qanuni təmsilçisi Korkmaz Abdullah izahat verməkdən və protokolu imzalamaqdan imtina etmişdir. N.N.Orucova izahatında göstərilənlərə əsasən Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin order üzrə vəkili X12 tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, "Şəxs” MMC barəsində İXM-nin 469.2-ci maddəsi ilə tərtib edilmiş 07 aprel 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraata başlanılması üçün səbəb İcbari Sığorta Bürosu tərəfindən X9 Xidmətinə ünvanlanmış 11.12.2020-ci il tarixli məktub olmuşdur. Həmin məktubun surətindən isə görünür ki, məktub 15.12.2020-ci il tarixdə X9 Xidmətinə daxil olmuşdur. Göründüyü kimi, inzibati xəta hadisəsi DƏMX tərəfindən 15.12.2020-ci il tarixdə aşkarlanmasına baxmayaraq inzibati xəta haqqında protokol qanunla müəyyən olunmuş 3 aylıq məsuliyyətə cəlb etmə müddəti başa çatdıqdan sonra tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Belə olan halda, cəlbetmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. A.A.Yusifov izahatında göstərilənlərə əsasən X9 Xidmətinin 07 aprel 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi səbəbilə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi Abdullah Korkmaz izahatında X9 Xidmətinin 07 aprel 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi səbəbilə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallar əsasında o, izahatında bildirmişdir ki, 09 mart 2021-ci il tarixdə “xxxx” ASC ilə işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması haqqında yeni müqavilə bağlanmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin digər etibarnamə üzrə nümayəndəsi X2 izahatında X4 göstərdiklərini təsdiq edərək onunla oxşar məzmunlu izahat verdi. X2 əlavə olaraq müdafiə tərəfinin inzibati məsuliyyətə cəlbetmə müddətinin keçməsi ilə bağlı irəli sürdüyü dəlillərə münasibətdə bildirmişdir ki, hazırki inzibati xəta əməli davam edən cinayətlər kateqoriyasına aid edilməklə, müvafiq maddənin qeyd hissəsinin məzmununa əsasən şəxs icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmalıdır. Müqavilə qeyd olunan müddətdə bağlanmadığı təqdirdə isə şəxs yenidən təkrarən inzibati məsuliyyətə cəlb edilə bilər. Odur ki, X2 göstərilən xüsusata görə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçmədiyini, inzibati məsuliyyətə cəlb etmə müddətinin müqavilə bağlandığı tarixdən, yəni 09 mart 2021-ci il tarixdən hesablanmasını və inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” Şirkətinin nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 xidmətinə 26.10.2020-ci il tarixli, PHS-N**********6 saylı müraciətindən görünür ki, “xxxx” ASC ilə İSB-nin mərkəzlədirilmiş proqram təminatında buraxılmış ümumi müqavilələr üzrə 692 sayda təşkilat 2020-ci il ərzində sığorta haqqını ödəmədiyi üçün müqavilələrinə birtərəfli qaydada xitam verildiyini bildirmişdir və xitam olunmuş müqavilələrin hal-hazırda digər sığortası təşkilatlarında sığortalı olub-olmamasını barədə məlumatların əldə olunması üçün qanunvericilik çərçivəsində müvafiq addımların atılmasına göstəriş verilməsini xahiş etmişdir. Həmin məktub X9 xidmətinə 26.10.2020-ci il tarixdə daxil olmuşdur. Həmin məktuba siyahı əlavə edilmiş və xxxxnın “Xəbərdarlıq olunmasını istədiyi şirkətlər”in siyahısı verilmişdir. Həmin siyahıda Şəxs MMC-nin də adı qeyd edilmişdir. İş materiallarında olan X9 Xidmətinin 04.11.2020-ci il tarixli **********5 nömrəli məktuba cavab olaraq İcbari Sığorta Bürosunun Xidmətə ünvanlanmış 11.12.2020-ci il tarixli məktubundan görünür ki, Büroya xidmətin sorğusu ilə birlikdə təqdim edilmiş siyahıya əsasən “İcbari Sığorta Bürosu” X5 informasiya sistemində “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xitam verilmiş müqavilələr üzrə araşdırma həyata keçirmişdir. Araşdırma nəticəsində informasiya sistemində qüvvədə olan müqavilələrin siyahısı və sığorta haqqı ödənişləri ilə bağlı Şəxs MMC ilə bağlı heç bir məlumat aşkar olunmamışdır. Həmin məktub X9 xidmətinə 15.12.2020-ci il tarixdə daxil olmuşdur. Həmin məktuba 06 vərəqədən ibarət 1 ədəd siyahı əlavə edilmişdir. Həmin siyahıda Şəxs MMC-nin adı qeyd edilməmişdir. Məhkəmə hazırkı iş üzrə Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin olubolmaması, inzibati xəta hadisəsinin törədilməsinin sübut olunub-olunmaması və inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı xüsusatları araşdırıb aşağıdakıları qeyd edir: Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması İXM-nin 469.2-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra-icbari sığorta) – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir. Həmin Qanunun 2.0.9-cu maddəsinə əsasən istehsalat dedikdə – fiziki şəxsin işləri, xidmətləri (bundan sonra – əmək funksiyalarını) haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri başa düşülür. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta olunanların kateqoriyalarında və peşə riski dərəcəsində, həmçinin əmək haqqı fondunda dəyişikliklər baş verərsə, sığorta haqqı bu dəyişikliklərin tarixindən müvafiq müqavilə ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə yenidən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi və vəkili izahatlarında həmin Cəmiyyət tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması müqaviləsinin qanunla müəyyən edilmiş müddət ötürülməklə bağlanmasını və bununla da İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsini etiraf etmişlər. Bundan əlavə hazırkı iş üzrə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan, törədilməsi ehtimal edilən inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin yeni müqavilə bağlandığı tarixdən, yəni 09 mart 2021-ci il tarixdən hesablanmasını bildirmişdir. Məhkəmə qeyd edir ki, İXM-nin 469.2-ci maddəsindəki inzibati xəta davam edən inzibati xəta deyildir. Həmin inzibati xəta “uzanan inzibati xəta” hesab edilə bilər. Buna görə də bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçibkeçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi göstərilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, inzibati xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Beləliklə, hazırkı iş üzrə inzibati xəta tərkibi yaradan əməl uzanan əməldir. Davam edən əməl deyildir. Uzanan və davam edən əməllər bir birindən fərqlənir, eyni deyildir. Konstitusiya Məhkəməsinin yuxarıda sadalanan qərarlarındakı göstərilənlərə əsasən məhkəmə qeyd etməyi zəruri bilir ki, nəzərə almaq lazımdır ki, İXM-nin 38.2-ci maddəsinə əsasən həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır kimi müddəa olsa da, həmin müddəanın tətbiqi ixtiyari bir inzibati xəta üçün və ixtiyari bir formada tətbiq üçün müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki:

1. Həmin maddə yalnız davam edən inzibati xətalara münasibətdə əhəmiyyət kəsb edir.

2. Həmin maddə inzibati xətanın səlahiyyətli orqanın aşkar etdiyi vaxtı da ehtiva etmir. Çünki səlahiyyətli orqan işi araşdırıb, müəyyən araşdırmadan sonra 1 ay, 3 ay və yaxud 1 ildən sonra da həmin xətanı aşkara çıxara bilər. Bu zaman bu hal heç də həmin inzibati xətanın araşdırmasının bitdiyi qeyd edilən 1 ay, 3 ay və yaxud 1 ildən sonrakı həmin aşkarlanma tarixində aşkarlanmış hesab edilməsini göstərmir. Belə olduğu təqdirdə inzibati məsuliyyətə cəlb etmə müddətini tənzimləyən İXM-nin 38-ci maddəsinin və həmin cəlb etmə müddətinin bitməsi zamanı qəbul edilməli olan qərara dair İXM-nin 53.0.6-cı maddəsinin mənasını əhəmiyyətsiz edər.

3. Həmin maddə, davam edən inzibati xətanın ümumiyyətlə aşkara çıxarıldığı vaxtı ehtiva edir. Belə olduğu təqdirdə hazırkı mübahisə edilən inzibati xəta hər bir halda davam edən inzibati xəta deyildir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarından da görünür ki, "Davam edən hüquqpozuntular” və “Uzanan hüquqpozuntular” eyni növ inzibati xətalar deyildir, biri-birindən fərqləndirilmişdir, müxtəlif cür inzibati xətalardır. İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 6.3-cü maddəyə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 38.2-ci maddəsinə əsasən həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Beləliklə, İnzibati Xətalar Məcəlləsi davam edən inzibati xəta ilə bağlı münasibətləri tənzimləyir. Həmçinin davam edən inzibati xətalara münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddətini müəyyən etmişdir. İXM analogiya üzrə tətbiq edilə bilmədiyi üçün, davam edən inzibati xətalara münasibətdə İXM ilə tənzimlənən inzibati məsuliyyətə cəlb etmə müddətini eyni ilə, İXM ilə tənzimlənməyən uzanan inzibati xətalara münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddəti kimi qəbul edilə bilməz. Uzanan inzibati xəta ilə bağlı inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-də tənzimlənmir. Belə bir norma İXM-də yoxdur. Belə bir norma dərc edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİİ hissəsinə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Konstitusiyanın həmin maddəsinin Vİİİ hissəsinə əsasən, normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Beləliklə, uzanan inzibati xətalara münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-nin 38-ci maddəsində ayrıca tənzimlənmədiyindən, həmin inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-nin 38.1-ci maddəsinə əsasən ümumi qaydada tənzimlənməlidir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə baş verməsi ehtimal edilən inzibati xəta ümumiyyətlə “Uzanan hüquqpozuntular”la bağlı inzibati xəta hesab edilmir. Çünki oxşar münasibətlər üzrə yuxarı instansiya məhkəməsinin oxşar təcrübəsi də formalaşmışdır. Həmçinin oxşar münasibətlər üzrə Konstitusiya Məhkəməsinin də qərarı mövcuddur. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 19.12.2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Beləliklə yuxarıda sadalanan bütün halları ümumiləşdirərək, məhkəmə qeyd edir ki, hətta hazırkı iş üzrə törədilməsi ehtimal edilən inzibati xəta “Uzanan hüquqpozuntular”la bağlı inzibati xəta hesab edilsə də belə, uzanan inzibati xətalara münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-nin 38-ci maddəsində ayrıca tənzimlənmədiyindən, İnzibati Xətalar Məcəlləsinin analogiya üzrə tətbiqi qadağan edildiyindən, həmin inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-nin 38.1-ci maddəsinin 1-ci cümləsində müəyyən edilən 03 aylıq inzibati məsuliyyətə cəlbetmə ilə bağlı ümumi qaydada tənzimlənməlidir. Hətta yuxarıda sadalananlar nəzərə alınmasa da belə, hazırkı inzibati xəta “Uzanan hüquqpozuntular”a aid edildiyi təqdirdə, hazırkı iş üzrə törədilməsi ehtimal edilən inzibati xəta “xxxx” Şirkəti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 xidmətinə 26.10.2020-ci il tarixli, PHS-N**********6 saylı müraciətinin araşdırılması nəticəsində aşkar edilmişdir. Həmin məsələnin araşdırılması nəticəsində 11.12.2020-ci il tarixdə İcbari Sığorta Bürosunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin müraciətinə əsasən ünvanlanmış cavab məktubundan görünür ki, informasiya sistemində qüvvədə olan müqavilələrin siyahısı və sığorta haqqı ödənişləri ilə bağlı məlumatlarda Şəxs MMC ilə bağlı heç bir məlumat aşkar olunmamışdır. Həmin məktub X9 Xidmətinə 15.12.2020-ci il tarixdə daxil olmuşdur. Belə olduğu təqdirdə, Şəxs MMC-nin işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyi artıq 15.12.2020-ci il tarixdən X9 Xidmətinə aşkar olmuşdur. Protokolda da bu faktın İcbari Sığorta Bürosunun 11.12.2020-ci il tarixli məktubu ilə təsdiq edildiyi göstərilmişdir. İXM-nin 38.2-ci maddəsinə əsasən həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Belə olduğu təqdirdə törədilməsi ehtimal edilən hazırkı inzibati xəta artıq 15.12.2020ci il tarixdə aşkar edilmiş olur. İşə baxıldığı hazırkı vaxtda, həmin tarixdən hesablanmaqla artıq hazırda 03 aydan çox müddət keçmişdir. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Lakin hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-nin 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 03 ay müəyyən edilmişdir. Ona görə də hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. İXM-nin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq,

QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən tərtib edilmiş 07 aprel 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar