Məhkəmə qərarları › İş №3(004)-943/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-943/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-943/2024 05.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, şikayətçi - X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərardan X3 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYPİ-nin polis serjantı X4 tərəfindən tərtib edilmiş 26 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYPİ-nin polis mayoru X5 tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, X1 idarə etdiyi **-EJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsusdur. O, xx.xx.2024-cü tarixdə Bakıxanov küçəsi ilə hərəkət edən zaman "Gənclik” tərəfə dönüb 40 metr hərəkət etdikdən sonra DYP əməkdaşı bir neçə avtomaşını, o cümlədən onu saxlamışdır. O, qanuna əsasən, polis əməkdaşının “saxla” əmrinə riayət etmişdir. Avtomobili saxladıqda yol polisi inspektoru ona bildirmişdir ki, guya o hərəkət edən zaman svetoforun qırmızı qadağanedici siqnalında keçmişdir. O, isə öz növbəsinmdə ona etiraz edərək, hərəkətin həddən artıq intensiv olduğunu və avtomatik olaraq sarı xəbərdarlıq işığından keçmə ehtimalın olduğunu bildirmişdir. Həmçinin tələb etmişdir ki, ona real olaraq sübut qismində videogörüntü təqdim edilsin. Bundan sonra inspektor onun inzibati xəta törətməsini tam sübut etmədən, mobil telefonda maşının sol kənarından aydın olmayan, dövlət qeydiyyat nişanı belə görünməyən görüntüləri göstərib barəsində İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Əlavə olaraq Niyazi Xəlilov adlı inspektor ona bildirmişdir ki, TŞ kamera görüntülərini ona sübut olaraq təqdim edəcəklər. Buna baxmayaraq hazıradək ona mötəbər sübut verilməmişdir. Beləliklə göstərilənlərə əsasən şikayətin təmin edilməsini, barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYPİnin polis serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* saylı protokol və həmin protokol əsasında polis mayoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərarın qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edənşikayətçi X3 ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara əsasən bildirir ki, DYPİ tərəfindən təqdim edilən videogörüntüdən hansı nəqliyyat vasitəsinin ona məxsus olmasını müəyyən etmək mümkün deyildir. DYPİ tərəfindən mötəbər sübut verilmədiyindən şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri DYPİ-nə lazımi qaydada məlumat verilsə də, qərar qəbul etmiş qurumun səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhəri DYPİ-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq əvvəla qeyd edir ki, İXM-nin tələblərinə əsasən məhkəmə tərəfindən inzibati xəta haqqında protokoldan verilmiş şikayətə baxılması nəzərdə tutulmadığından məhkəmə hazırkı şikayət ərizəsində qeyd olunan 26 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun qanuniliyinə hüquqi qiymət vermir. Şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYPİ-nin polis mayoru X5 tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara münasibətdə isə məhkəmə hesab edir ki, şikayət qismən təmin olunmalı və Bakı şəhəri DYPİ-si tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək əlavə araşdırılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin məzmununa görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYPİ-nin polis mayoru X5 tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, sürücü N.Ş.Bayramov 26 yanvar 2024-cü il tarixdə, saat 15:48-də idarə etdiyi “Honda İnsight (hibrid)” (minik) markalı, **- EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanında svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirdiyi üçün Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə tərəfindən müəyyən olundu ki, N.Ş.Bayramov 26 yanvar 2024-cü il tarixdə, saat 15:48 radələrində “Honda İnsight (hibrid)” (minik) markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYPİ-nin polis serjantı X4 tərəfindən saxlanılmış və barəsində 26 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra sürücü xəta ilə bağlı razılaşmadığı üçün araşdırma aparılmış və nəticədə o, İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilərək barəsində 05 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X2 80 manat cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Beləliklə, işin mübahisəsiz halı ondan ibarətdir ki, “Honda İnsight (hibrid)” (minik) markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 26 yanvar 2024-cü il tarixdə, saat 15:48-də X3 tərəfindən idarə edilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya əsasən DYPİ-dən təqdim edilmiş videogörüntü məhkəmə iclasında tədqiq edildikdə müəyyən edilmişdir ki, svetoforun hərəkəti qadağanedici işığı yandıqdan sonra hərkəti davam etdirən nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı görünmür. Belə olan halda iş üzrə obyektiv qərar qəbul edilməsi mümkün deyildir. Məhkəmə tərəfindən qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməklə əlavə sübutların təqdim edilməsi təklif edilməsinə baxmayaraq buna dair məhkəməyə hər hansı əlavə mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan nəqliyyat vasitəsinin svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsini aydın videogörüntü olmadan, eləcə də hazırkı iş üzrə əlavə olaraq qərar qəbul etmiş orqan tərəfindən zəruri sübut təqdim edilmədən qanuni və obyektiv qərar qəbul edilməsi mümkün deyildir. Eyni zamanda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol və qərardan görünür ki, sübut olaraq xətanın hər hansı texniki vasitə ilə qeydə alınmasına istinad edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasına dair iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbiylə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla səlahiyyətli orqan tərəfindən gəldiyi nəticələr düzgün olmamış, yəni İXM-nin 135.1.1-ci maddəsinin tələbi pozulduğundan şikayət qismən təmin edilməli, X1 barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYPİ-nin polis mayoru X5 tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilərək tam, hərtərəfli və obyektiv araşdırma aparılmasının təmin edilməsi və şəxsin əməlinə qanuni hüquqi qiymət verilməsi üçün yenidən Bakı şəhəri DYPİ-nə göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş 80 (səksən) manat məbləğində inzibati cərimə və ona hesablanmış dəbbə pulu məbləği silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X1 şikayəti qismən təmin olunsun. X1 barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYPİ-nin polis mayoru X5 tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri DYPİ-yə göndərilsin. Qəbul edilmiş 05 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş inzibati cərimə və ona hesablanmış dəbbə pulu məbləği silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim (Bakı şəhəri Yasamal Rayon Məhkəməsi) vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar