Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-945/2022 16.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 14 avqust 1998-ci il tarixdə Gədəbəy rayonunun, Qoşabulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Gədəbəy rayonunun, Qoşabulaq kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X2 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 fevral 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs 15.02.2022-ci il tarixdə Yasamal RPİnin 29-cu polis şöbəsinin inzibati binasında ünvansız nalayiq ifadələr işlətmiş və NH-nin iş rejimini pozaraq tabe olmamışdır. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Şəxs polis əməkdaşları onu 29-cu polis şöbəsinə dəvət etdikdə heç bir etiraz etmədən onlarla birlikdə getmiş, lakin polis bölməsində olan zaman oğurluq etmədiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmasına etiraz etmişdir. Həmin hədisənin Şəxs tərəfindən törədilməsi ilə başlı heç bir sübut yoxdu, həmin əraziyə nəzarət edən polis əməkdaşları onu tanımadıqları üçün ondan şübhələnmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o tikinti şirkətində fəhlə işləyir. 15.02.2022-ci il tarixdə işə getmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq oğurluq hadisəsi ilə bağlı 29-cu polis şöbəsinə dəvət etmişlər. O dəfələ polis əməkdaşlarına oğurluq etmədiyini bildirməsinə baxmayaraq onlar onu polis bölməsinə dəvət etmişlər. Bundan sonra o polis əməkdaşının qanuni tələbinə təbe olaraq onlarla birlikdə polis bölməsinə getmişdir. O kirayə yaşayır və himayəsində xəstə anası və qardaşı var. Polis bölməsində olan zaman o yeganə qazanc yeri olan işini itirməkdən qorxduğu və həyəcanlı olduğu üçün polis əməkdaşları ilə aqressiv davranmış və hazırda bu əməlindən peşmandır. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Yasamal RPİ-nin 29-cu polis şöbəsinin sahə inspektoru Pərviz Qəmbərov tərəfindən 29-cu polis şöbəsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, 15.02.2022-ci il tarixində ərazidə baş vermiş oğurluqla bağlı vətəndaş Şəxs şübhəli şəxs qismində 29-cu polis şöbəsinə dəvət etmişdir. Şöbədə olarkən vətəndaş Şəxs xoşagəlməz ifadələr işlədərək, aqressiv hərəkətlər nümayiş etdirmiş və ünvansız küçə söyüşləri söymüşdür. Onlar həmin şəxsə xəbərdarlıq etmələrinə baxmayaraq etdiyi hərəkətləri davam etdirmişdir və növbətçi hissənin iş rejimini pozmuşdur. İş materiallarında olan 15.02.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 20:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən həmin hissədə inzibati xəta üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Məhkəmə qeyd edir ki, raporta əsasən protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolda göstərdiyi hərəkətlər İXM-in 535.1-ci maddəsinin tərkibini yaratmır. Çünki İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Lakin aşağıdakılara əsasən şəxsin təqsirləndirildiyi əməl kimi göstərilmiş və şəxsə qarşı İXM-nin 535.1-ci maddəsi üzrə tərtib edilmiş protokolda göstərilmiş əməldə inzibati xəta tərkibi yoxdur. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamışdır. Polis əməkdaşları Şəxs oğurluq hadisəsində şübhəli olması ilə bağlı polis bölməsinə dəvət etmişlər və o, polis əməkdaşlarının qanuni tələbinə tabe olaraq onlarla birlikdə polis bölməsinə getmişdir. Bu səbəbdən də protokolda göstərilən əməldə İXM-nin 535.1-ci maddəsində müəyyən edilmiş inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Göstərilənlərə əsasən İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs həbsdən dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-945/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-945/2022
16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver