Məhkəmə qərarları › İş №3(004)-948/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-948/2021

23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-948/2021 23.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhər DYPİ-nin TP ******* nömrəli xx.xx.2021-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X4 Bakı şəhər DYPİ-nin TP ******* nömrəli xx.xx.2021-ci il tarixli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 2020-ci il tarixdə, şənbə günü, səhər saat 08:00 radələrində, sərt karantin rejimi və SMS icazələr vaxtında, ona məxsus «Toyota» RAV-4 minik markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə, oğlunu iş yerinə, Qaradağ rayon ərazisinə aparıb öz iş yerinə gedərkən, dairəvi yolda, sosial evlərin yaxınlığında yol patrul avtomobili və əməkdaşlarının tələbi ilə saxlanılmışdır. SMS icazələr yoxlanıldıqdan sonra ondan içkili olmağını soruşdular və o bildirdi ki, içkili deyildir və məntiqcədə uyğun olmazdı ki, şənbə günü səhər tezdən, iş yerinə gedərkən içkili olmaq qeyri adi bir hal olardı. Buna baxmayaraq, yol polisi əməkdaşları yoxlamadan keçməyini tələb etdilər və o yoxlamadan keçdi. Yoxlama nəticəsi ona təqdim olunmadan ona bildirdilər ki, o spirtli içkilər qəbul etmişdir və onda 0.8 promil spirt müəyyən olunurdu. Bu o deməkdir ki, guya o 2 saatdan gec olmamaq şərti ilə təqribən 300-400 qram arağ içmişdir. O qətiyyətlə bildirmişdir ki, o səhər və ya diqər vaxtlarda içki içməmişdir, bu yanlışdır, etiraz etmişdir, lakin bunlara baxmayaraq ona protokol yazıldı və avtomobili oğlu idarə etdi. O, bir daha polis əməkdaşlarına müraciət edib bildirmişdir ki, spirtli içki qəbul etməmişdir, qəbul etsəydi əvvəlcədən avtomobili oğlu idarə edərdi. Məntiqsizdir. O, dərhal narkoloji dispanserə gəlib və həmin gün, saat 09-00 radələrində müainədən keçdi, onun qanında, nəfəsində heç bir spirtli maddə müəyyən olunmadı və tam ayıq olmağı barədə ona rəsmi arayış təqdim olundu. Həmin arayış ilə o dərhal Bakı şəhər yol polisi idarəsinə gəlib, mayor Xeyrulla Cəlilova müraciət edərək bir daha bildirdi ki, o içkili olmamışdır, içkili deyildir, onların əməkdaşları səhv ediblər, bəlkədə yoxlama cihazları düzgün işləmir, nəticədə ona qanunsuz və əsassız protokol yazılmışdır və onun ləğv olunmasını tələb etmişdir. Xeyrulla Cəlilov müxtəlif bəhanələr, əsassız tələblər və s. səbəblərlə onu axşama qədər gözlətmiş və sonda bildirmişdir ki, “o cərimə olunmalıdır, protokol kompyuterə düşüb, ləğv edə bilmir, işi Məhkəməyə göndərir, ona mütləq Məhkəmədən xəbər verəcəklər, ödəmə barədə bildiriş gələcək. O gözləmiş, ona heç bir məlumat gəlməmişdir, sürücülük vəsiqəsi Xeyrulla Cəlilovda qalmışdır, avtomobili idarə edə bilmirdi və bu hall ona ciddi maddi və mənəvi zərər yetirmişdir. Sonradan tanışları vasitəsi ilə öyrənmişdir ki, xx xxxxxx 2021-ci il tarixdən, protokolun düzgün tərtib edilmədiyindən, onun işi Məhkəmədən geri qaytarılıb. Bundan sonra o, Xeyrulla Cəlilova dəfələrlə müraciət edərək öz sürücülük vəsiqəsini tələb etmişdir, lakin hər dəfə imtina olunurdu. Bundan sonra x xxxx 2021-ci il tarixdə ona zəng edib bildirmişdirlər ki, gəlib sürücülük vəsiqəsini qötürə bilər. O, 10 mart tarixdə getmiş, ona bildirmişdirlər ki, protokol ləğv olunub, bu barədə ona rəsmi məlumat verib, vəsiqəsini qaytaracaqlar. Yenədə axşama qədər gözləmiş, lakin məlumat verilməmişdir və vəsiqəsi guya tapılmadığından qaytarılmamışdır. Ona bir daha gözləməyini, vəsiqəsini tapan kimi onu çağıracaqlarını bildirmişdirlər. Nəhayət ona 31 mart səhər zəng edib çağırıb, hazırki mubahisələndirilən qanunsuz qərarı təqdim etmişdilər. Həmin qərar qanunsuz və əsassız olduğundan qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol X1 bildirmişdir ki, X4 xx xxxxxx 2020-ci il tarixdə saat 08:21-da kənar dairəvi yolda hərəkət edərkən polis əməkdaşları tərəfindən yoxlanılmış və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. Belə ki, X4 xüsusi texniki vasitə ilə yoxlanılmış, yoxlama zamanı onun 0,8 promil spirtli içki qəbul etməsi müəyyən edilərək protokol tərtib olunmuşdur. Həmin protokolda X4 bu nəticə ilə razılaşdığını və spirtli içkinin təsiri altında maşını idarə etdiyini bildirmişdir. X4 həmin nəticəyə etiraz etmədiyindən tibbi müayinə olunmaq üçün müvafiq tibb mərkəzinə aparılmamışdır. Daha sonra onun brəsində xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Digər tərəfdən o bildirmişdir ki, M.Əyyubov tərəfindən məhkəməyə təqdim edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolu” hazırki iş üzrə sübut növü kimi qəbul edilə bilməz. Belə ki, həmin müayinə xəta aşkar olunandan bir saata yaxın vaxt keçdikdən sonra aparılmışdır. Göstərilənlərə əsasən, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx xxxxxx 2020-ci il tarixdə saat 08:21-də kənar dairəvi yolda hərəkət edərkən polis əməkdaşları tərəfindən yoxlanılmış və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. Şikayətə əlavə edilmiş Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli TP ******* saylı qərarından görünür ki, X4 xx.xx.2020-ci il tarixdə saat 08:21-də kənar dairəvi yolda “Toyota RAV 4” minik markalı, Az 90MK140 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə barəsində xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında Protokol”dan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 08:21-də kənar dairəvi yolda “Toyota RAV 4” minik markalı, Az 90MK140 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X4 “ACE-Z” markalı İN SN 642136 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilməklə müayinə edilmiş və onun 0,8 promilli spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmin protokolda X4 çaxır içməsini və protokolda qeyd olunan nəticə ilə (0,8 promilli) razı olduğunu bildirmişdir. Şikayətə əlavə edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə xx.xx.2020-ci il tarixli (saat 09:05) aktdan görünür ki, müayinə zamanı X4 in ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Məhkəmə təqdim edilmiş sübutları tədqiq edib, tərəflərin izahatları ilə paralel qiymətləndirərək hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhər DYPİnin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Belə ki, əvvəla məhkəmə qeyd edir ki, X4 xx.xx.2020-ci il tarixdə saat 08:21 radələrində xüsusi texniki vasitə ilə müayinə olunarkən onun 0,8 promilli spirtli içki qəbul etməsi müəyyən olunmuş, X4 bu nəticə razı olduğunu bildirərək, spirtli içki içdiyini etiraf etmiş, həmin nəticəyə etiraz etmədiyindən tibbi müayinə olunmaq üçün müvafiq tibb mərkəzinə aparılmamışdır. Məhkəmə iclasında X4 “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında Protokol”da edilən qeydin (hansı ki, spirtli içki qəbul etdiyini bildirir) özü tərəfindən yazıldığını bildirmişdir. Digər tərəfdən şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə aktda X2 ayıq vəziyyətdə olması qeyd edilsə də, müayinə sonuncu xüsusi texniki vasitə ilə müayinə edildikdən (saat 08:21) saatlar sonra (09:05)-da həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-cu maddəsinin qeyd hissəsinin tələblərinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2021-ci il tarixli TP4280947 saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar