Məhkəmə qərarları › İş №3(004)-948/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-948/2022

04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-948/2022 04.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5i Xidməti 2-ci ərazi X5 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5i Xidməti 2-ci ərazi X5 İdarəsinin 31 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından "xxxx" MMC-ə məxsus aptekin yanğına qarşı cavabdeh şəxsi X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC-ə məxsus aptekin yanğına qarşı cavabdeh şəxsi X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5i Xidməti 2-ci ərazi X5 İdarəsinin 31 yanvar 2022-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Fövqəladə Hallar Nazirliyinin DYNİ əməkdaşı tərəfindən 31.01.22 ci ildə yanğin təhlükəsizliyi tələblərinin pozulmağı barədə protokol tərtib olunmüş və inzibati tənbeh vermə haqqda qanunsuz qərar çıxarılmışdır. Butun yanğın təhlükəsizliyi qaydalarına tərəflərindən riayyət olunub , kiçik çatışmamazliqlar da aradan qaldırılmaq ərəfəsindədir. Bunları nəzərə almayan FHN əməkdaşı İXM məcəlləsini əsas götürərək 518.1 bəndi ilə müəssisələrini 100 manat cərimə etmişdir. İXM nin 518.1 mədəsində xəbərdarlıq kimi güzəştli məqamlar ola ola FHN bu məcəllənin tələblərini özləri pozmuşdur. Pandemiya dönəmində bu tip cərimələr sahibkarlığa ciddi zərər gətirə bilər. Odur ki sahibkarlığın inkişafı naminə baş vermiş kiçik qayda pozuntularınında qanunvericiliyin güzəştli hissəsini tətbiq etmək məqsədəuyğun olardı. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5i Xidməti 2-ci ərazi X5 İdarəsinin İnzibati tənbeh vermə haqqında 31 yanvar 2022-ci il tarixli xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən və protokolu tərtib edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5i Xidməti 2-ci ərazi X5 İdarəsinin nümayəndəsi X4 şikayətlə razılaşmayaraq bildirmişdir ki, "xxxx" MMC-ə məxsus aptekdə mövcud yanğın xəbərverici siqnalizasiya qurğusunun sazlığı barədə sənəd təqdim edilməmişdir. Obyektin elektrik naqillərinin sınaq protokolu təqdim edilməmişdir. "xxxx" MMC-ə məxsus aptekin yanğına qarşı cavabdeh şəxsi X3 barəsində 31 yanvar 2022-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5i Xidməti 2-ci ərazi X5 İdarəsinin 31 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq şikayətçi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 31 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-ə məxsus aptekdə mövcud yanğın xəbərverici siqnalizasiya qurğusunun sazlığı barədə sənəd təqdim edilməməsi, obyektin elektrik naqillərinin sınaq protokolu təqdim edilməməsi aşkar olunmuş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan yanğın-texniki müayinə aktından görünür ki, "xxxx" MMC-ə məxsus aptek tərəfindən yanğın xəbərverici siqnalizasiya qurğusu ilə təmin edilməmiş, elektrik naqillərinin izolyasiyasının gərginliyə qarşı müayinəsi yoxlanılaraq sınaq protokolu tərtib olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5i Xidməti 2-ci ərazi X5 İdarəsi tərəfindən tərtib edilmiş 31 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-ə məxsus aptekin yanğına qarşı cavabdeh şəxsi X3 Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" MMC-ə məxsus aptekdə yanğın-texniki müayinə keçirən zaman bu obyektdə yanğın xəbərcisi siqnalizasiya qurğuları aşkar olmadığından "xxxx" MMC-ə məxsus aptekin yanğına qarşı cavabdeh şəxsi X3 barəsində 31 yanvar 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 31 yanvar 2022-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-ə məxsus aptekin yanğına qarşı cavabdeh şəxsi X3 üzərinə düşən vəzifələri lazımınca icra etməmiş və barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5i Xidməti 2-ci ərazi X5 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5i Xidməti 2-ci ərazi X5 İdarəsinin 31 yanvar 2022-ci il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslı olduğundan "xxxx" MMC-ə məxsus aptekin yanğına qarşı cavabdeh şəxsi X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC-ə məxsus aptekin yanğına qarşı cavabdeh şəxsi X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5i Xidməti 2-ci ərazi X5 İdarəsinin 31 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar