Məhkəmə qərarları › İş №3(004)-9511/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9511/2025

19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9511/2025 19.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X6” MTK-nın rəhbəri Nümayəndə iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Nümayəndə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Nümayəndə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 04 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur 04 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3798/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu “X6” MTK-nın rəhbəri Nümayəndə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Nəticədə borclu Nümayəndə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3798/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən İddiaçı Zərərçəkmiş şəxs cavabdeh "X6" MənzilTikinti Kooperativinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “binanın istismarına icazə alınması, mənzilə çıxarışın alınması üçün zəruri olan sənədlərin verilməsi” tələbinə dair iddiası təmin edilsin. “X6” MTK tərəfindən inşa edilmiş 41 saylı yaşayış binası ilə bağlı qanunvericiliyin tələbinə uyğun təxirəsalınmaz tədbirlər görülməsi, tələb olunan sənədlərin müvafiq dövlət qurumlarına təqdim edilərək qısa müddət ərzində həmin binanın istismarına icazə alınması, binanın 20-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 150 kv.m olan, 3 (üç) otaqlı, 129 saylı mənzilin dövlət qeydiyyatına (çıxarış) alınması məqsədi ilə Azərbaycan Respublikası ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmək üçün tələb olunan sənədlərin verilməsi öhdəliyi cavabdeh "X6" MTK-nın üzərinə qoyulmuşdur. Sözügedən icra sənədi üzrə icraata xx.xx.2025-ci il tarixli qərar ilə başlanılmış və borcluya icra sənədi üzrə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Hazırda borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Nümayəndə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X6” MTK-nın rəhbəri Nümayəndə izahatında bildirmişdir ki, inzibati xəta haqqında protokol əsassız olaraq tərtib olunmuşdur. Belə ki, Həmçinin binanın istismarına icazə alınması üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komistəsinə müraciət edilsədə cavab alınmamışdır. Göstərilən halların nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, mənzilə çıxarış alınması üçün tələb olunan bütün sənədlərin əldə edə bilmir. Bu səbəbdən “X6” MTK-nın rəhbəri Nümayəndə barəsində qanunvericliyə müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3798/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədindən görünür ki, İddiaçı Zərərçəkmiş şəxs cavabdeh "X6" MənzilTikinti Kooperativinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “binanın istismarına icazə alınması, mənzilə çıxarışın alınması üçün zəruri olan sənədlərin verilməsi” tələbinə dair iddiası təmin edilsin. “X6” MTK tərəfindən inşa edilmiş 41 saylı yaşayış binası ilə bağlı qanunvericiliyin tələbinə uyğun təxirəsalınmaz tədbirlər görülməsi, tələb olunan sənədlərin müvafiq dövlət qurumlarına təqdim edilərək qısa müddət ərzində həmin binanın istismarına icazə alınması, binanın 20-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 150 kv.m olan, 3 (üç) otaqlı, 129 saylı mənzilin dövlət qeydiyyatına (çıxarış) alınması məqsədi ilə Azərbaycan Respublikası ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmək üçün tələb olunan sənədlərin verilməsi öhdəliyi cavabdeh "X6" MTK-nın üzərinə qoyulmuşdur. “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə borclu Nümayəndə göndərilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin borclu Nümayəndə ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Nümayəndə xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Və Arxitektura Komitəsi Yanında Bakı Şəhər Memarlıq Və Şəhərsalma Baş İdarəsinin 20 sentyabr 2024-cü il tarixli 3-35- 1/2-N-185/5-36-1907/2024 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllədə "X6" Mənzil-Tikinti Kooperativinin sifarişi ilə inşa edilmiş və istismarına icazə verilməmiş 25, 27, 29, 31, 39, 41 nömrəli yaşayış binalarının istismarına icazə verilməməsinin səbəbləri barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətinizə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Bildiririk ki, yuxarıda qeyd edilmiş ünvanda inşa edilmiş yaşayış binalarının istismarına icazə verilməsi ilə bağlı sifarişçi (“X6” Mənzil-Tikinti Kooperativi) tərəfindən Baş idarəyə müraciət edilməmişdir. Məlumunuz olsun ki, tikintisinə icazə tələb olunan obyektlərin istismarına icazə verilməsi üzrə icraat Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Qərarının tələblərinə uyğun olaraq, zəruri sənədlər tam tərkibdə təqdim edildikdən sonra tikintinin istismarına icazə verilməsi ilə bağlı tikinti obyektlərinə baxış keçirilir. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda tikinti obyektinin istismarına icazə verilir. Bununla əlaqədar, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarına əsasən verilmiş tikinti kodu və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, tikinti sənədləri tam tərkibdə elektron qaydada /e-tikinti.qov.az/ internet səhifəsinə daxil olmaqla təqdim edilməlidir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Nümayəndə icra sənədinin icrasını təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunverici tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün 2 müxtəlif hal müəyyən edilmişdir. 1. icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi; 2. icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Nümayəndə barəsində olan icra sənədinin sonuncu tərəfindən icra olunmaması müəyyən edilmişdir. Bu da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X6» MTK-nın rəhbəri Nümayəndə tərəfindən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsini təsdiq edir. Odur ki, Nümayəndə əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcuddur. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədi icra işi ilə əlaqəli şəkildə araşdıraraq bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X6» MTK-nın rəhbəri Nümayəndə tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş ilə tam olaraq sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Nümayəndə İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin 2-ci bəndinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 234-cü maddəsinə müvafiq olaraq qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar). Nümayəndə dövlət adından çıxarılmış məhkəmə icra sənədinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasının İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, işdə iştirak edən şəxslərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Nümayəndə əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Nümayəndə əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan “X6” MTK-nın rəhbəri Nümayəndə barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Nümayəndə törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nümayəndə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (bir min iki yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar